Modern.az

Xoş gəldin dünyaya...

Xoş gəldin dünyaya...

Aktual

3 Avqust 2013, 17:48

Bu gün Pərvanə İbrahimovanın 36 yaşı tamam olur. Doğrusu, Pərvanə xanımı təbrik eləməkdə bir az çətinlik çəkirəm. Çünki yaşının üstünə yaş gəlib. Yaşlandığı üçünmü təbrik edim? Bilmirəm. Ancaq mənə elə gəlir ki, həyatda elə insanlar var ki, onların yaşının üstünə yaş gəldikcə daha da cavanlaşır, elə bil həyatı əksinə yaşayırlar. Pərvanə xanım da belə insanlardandır, elə bil hər il bir yaş cavanlaşır, gəncləşir və gəncləşdikcə müdrikləşir, kamilləşir. Pərvanə xanımı məhz buna görə təbrik edirəm.  

Uzun illərdir ki, tanıdığım Pərvanə İbrahimovanın məqalələrini həm mətbuatdan oxuyur, həm də Bakı Dövlət Universiteti “Mətbuat və İnformasiya şöbəsi”nin rəhbəri kimi fəaliyyəti ilə yaxından tanışam və belə bir tanışlıq üçün ilk növbədə doğma və əziz Bakı Dövlət Universitetinə minnətdaram ki, qarşıma neçə-neçə belə dəyərli insanlar çıxarıb.

Hərdən dünyanın gərdişindən və ya bir nadanın tufanından qorxmaq məcburiyyətində qalanda, bəzən də kimsəsizliyimi hiss edib doğma bir sözün istiliyinə qızınmaq istəyəndə gəldiyim yer Bakı Dövlət Universitetidir. Hara getsəm, yolum Bakı Dövlət Universitetindən başlayır və bütün dünyanı dolaşıb gəzsəm də yenə yollarım gəlib Bakı Dövlət Universitetinə çıxır. Bakı Dövlət Universiteti mənə Abel Məhərrəmov, Fikrət Şiriyev, Pərvanə İbrahimova, Anzulə Əmirova və başqa neçə-neçə dəyərli insanları tanıdıb.

Heydər Əliyev həmişə dövlətin qan dövranı hesab etdiyi sahələri istedadına, qabilyyətinə və layiqli dövlət adamı olduğuna inandığı adamlara etibar edirdi. Bu məsələ asanlıqla və təsadüfən həll olunmur. Dərin erodiyası ilə insanları seçə bilən Heydər Əliyev məhz Bakı dövlət Univesitetinə Abel Məhərrəmov kimi bir adamı seçdi. Vaxt keçdikcə onun inamı öz təsdiqini tapdı. Abel Məhərrəmov elmin yollarında öz zəhməti ilə addımlayan saf, aydın bir elm adamıdır və onun ən aydın cəhətlərindən biri də budur ki, universitetin şöbə rəhbərlərini, dekan və kafedra müdirlərini təsadüfən seçmir. İnsanları dəqiq tanıyır və heç bir seçimində yanılmır. Odur ki, Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri sayılan Bakı Dövlət Universitetində 1999-cu ildən fəaliyyət göstərən “Mətbuat və İnformasiya şöbəsi”nə 2010-cu ilin mart ayından Pərvanə İbrahimova rəhbərlik etməyə başladı. Başqa seçimlərdində olduğu kimi Abel müəllim bu seçimdə də yanılmadı. Pərvanə xanımın rəhbərliyi dövründə şöbənin fəaliyyəti hər kəsə gün kimi aydındır.

Pərvanə İbrahimova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb. 2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistraturasını bitirib. “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005)” mövzusunda yazdığı dissertasiya işini yüksək səviyyədə müdafiə edib. Uzun illərdir ki, universitetin Beynəlxalq jurnalistika kafedrasında müəllimdir. Neçə-neçə kitablar, fənn proqramları, neçə-neçə elmi və publisistik məqalənin müəllifidir.

Bütün bu saydıqlarım öz yerində, ancaq Pərvanə xanımın heç bir yazıya gəlməyən elə xüsusiyyətləri var ki, onları yazmaq mümkün deyil, belə anların ancaq şəklini çəkmək olar; dağın, zirvənin, bulağın şəklini çəkirmiş kimi... Doğum günün mübarək olsun, Pərvanə xanım, xoş gəlibsiniz bu əyri-üyrü, kələ-kötür dünyaya...


Kəramət Böyükçöl
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir