Modern.az

Müxalifətin Tiflis sammiti, Əli Həsənovun çağırışı, “Mişa”nın ittihamı…

Müxalifətin Tiflis sammiti, Əli Həsənovun çağırışı, “Mişa”nın ittihamı…

4 Avqust 2013, 19:37

Namidə BİNGÖL

Həftənin subyektiv icmalı

Hüquqları bərabər olan cəmiyyətin bərabər düşüncəyə mənsub olmayan kütləsi də var. Məsələn: bir ağanın məclisinə toplaşan cənablar siyasi çəkilərinə görə davranırlar. Səmimi bucaq altında rəqs edən gülüşlər, əslində, saxta münasibətlərə dirənib. Bir sözlə, ağaların məclisində dalana dirənən üstüörtülü məqamlar çox olur. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istyədiyimi biləcəksiniz.

Görüşünə gəldim, bəy!

Bilmirəm iki nəhəngi üz-üzə qoymaqla nə əldə etmək olar. Siyasətdə bu cür hallar daha çox  ehtimallara söykənir. Milli Şuranın vahid namizədi bəlli olandan sonra İsa Qəmbər-Rüstəm İbrahimbəyov qarşıdurmasının miqyası bir qədər də genişləndi. Amma hər iki tərəfin ayrı-ayrılıqda verdiyi müsahibələr bu qarşıdurmanın əsassız olduğunu ortaya qoydu. Yenə də reallığı əks etdirməyən nəsə vardı. Çünki insanın içində şübhələrə həmişə yer var. Rüstəm bəyin Azərbaycana gəlişi guya Gürcüstan hava limanından yerə enməklə reallaşdı. Görünür, Rüstəm bəyin MŞ nümayəndələrini məhz Tiflisdə başına yığması Bakıya gəlmək kimi bir şey imiş. Bakıdan Tiflisə gedənlərin xurma olmasa da,  prezident olmaq üçün canla-başla tər tökdükləri bir yük var.
Qayıdıram İsa bəylə, Rüstəm bəyin görüş səhnəsinə. Bu səhnədə İsa bəyin səmimiyyətinə şübhəm yoxdu. Əslində, bu görüş  bir müddət öncəki şübhələri parçaladı. Düzdü, Rüstəm bəyin  kino sahəsindəki peşəkarlığına heç kəsin etirazı yoxdu. Amma siyasətdə at oynatmaq  Rüstəm bəyin kriteriyalarına uyğun deyil. Belə olsaydı, öz vətənində xalqın rəğbətini qazanmaq şansını  Tiflis sammitində əldən verməzdi.

İqtidarlı-müxalifətli bir gün

Siyasi düşərgədə iqtidar-müxalifət nümayəndələrini bir arada görmək müşkül məsələdir. Əslində, seçki öncəsi bu cür görüşlərin keçirilməsi qanun çərçivəsində olmasa da hər halda, normaldır. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun çağırışına müxalifət tərəfdən fərqli yanaşma var. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Əli Həsənovun çağırışına isti yanaşmadığını deyir. Maraqlıdır ki, YAP tərəfdən  iqtidar-müxalifət dialoquna dırnaqarası yanaşanlar da var. Xüsusilə Siyavuş Novruzovun bu dialoqu əhəmiyyətsiz adlandırmasına  həmişəki kimi susmayan ADP sədri Sərdar Cəlaloğlu belə cavab verib.
”Siyavuş Novruzova deyən var ki gəl dialoqa?!”. Düzdü, Sərdar müəllim, indiki durumda kimsə kiməsə nəsə demək iqtidarında deyil. Əslində, iqtidar-müxalifət görüşü çərçivəsində dialoqun gerçəkləşməsi də sual altındadır.

Tiflis sammitinə qarşı YAP və AVP birliyi

Bəzən bir məsələyə münasibət bildirərkən fikirlər toqquşur, ard-arda  reaksiyalar özünü biruzə verir. Təbii ki, reallaşan Tiflis sammiti ətrafında da söz-söhbətlər səngimək bilmir. AVP-nın sədri Fəzail Ağamalı və YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov  Tiflis sammitinə biganə qala bilməzdilər. Hər kəsin qarşısında marağa səbəb olan məsələ durur. Prezidentliyə namizəd hələ də Bakıya gəlmək haqqında  ya düşünmür, ya da düşünmək belə istəmir. Hər halda, bu cür məsələlər uşaq oyuncağı deyil ki, sındırıb yenisi alasan. Görünür, siyasi proseslərin burulğanında səyahətə çıxan Rüstəm bəy, Bakıya səyahət etmək arzusunda deyil. Kənd-kənd, oba-oba, el-el  gəzib məmləkəti yad etməmək necə hissdir?! Və yaxud da vətən hissindən uzaq bir diyarda məmləkətə liderlik sevdası nə deməkdir?! Görünür, Moskvadan keçib gürcü elinə pənah aparan Rüstəm bəy Bakıya pənah gətirməyi özünə rəva bilmədi. Bilsəydi, Bakı sammitinə toplayardı hər kəsi.

Mixail Saakaşvili niyə qəzəbləndi?

Kimisə öldürüb qanını başqasının qapısına axıtmaq  əlbir cinayətdən xəbər verir. Necə deyərlər, bəlanı burdan uzaq elə. Bizim də MŞ nümayəndələrimiz bu boyda Azərbaycanda  məskən tapa bilməyib qərib Gürcüstanı özlərinə yuva seçdilər. Hamının “Mişa” deyə çağırdığı Saakaşvili də  əsəbləşməsin neyləsin axı! Adama deməzlər ki, xeyr ola, bu yurdsuz-yuvasızlara olmaya  böyük qardaşın Rusiya kimi sən də dəstək olmusan?! Bu cür məqamda suyun üzünü bulandırmaq yox, suya zəy atmaq lazımdır ki, ürəklər bulanmasın. Mişa da qafqazsayağı işini gördü. Tiflis sammitinə qarşı etiraz səsini ucaltdı. Bu arada ACP-nın lideri, eks-spiker Rəsul Quliyev yenə coşdu. “Saakaşvili Jirinovskinin ingilis dilində danışan variantıdır”-deyə Rəsul bəy iradlara iradla cavab verdi. Hətta, Saakaşvilini Azərbaycan hökümətindən maliyyə almaqda da ittiham etdi. Məncə, Rəsul bəy, ehtimallarını özünüzdə saxlayın. Təsadüfən, Mişa pul alanda siz orda olmamısınız?! Əcəb bu siyasətdə hamı bir-birinə atır da. Pardon, söz demək istədim.

Bu həftə siyasi düşərgədə ağaların məclisi qaynar keçdi. Havaların qızması münasibətləri də  isitdi. Bir həftədən sonra münasibətlər necə olacaq, deyə bilmərəm. Hər halda, nəfəsləri kəsəcək avqust ayını yaşayırıq. Əziz oxucularım, subyektiv fikirlərimi sizinlə bölüşdüm. Eyni zamanda, sizin də fikirləriniz mənim üçün dəyərlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir