Modern.az

Fəzail Ağamalının oğlu: “Rüstəm İbrahimbəyov prezident olsa, Ana Vətən Partiyası müxalifətə keçəcək” - MÜSAHİBƏ

Fəzail Ağamalının oğlu: “Rüstəm İbrahimbəyov prezident olsa, Ana Vətən Partiyası müxalifətə keçəcək” - MÜSAHİBƏ

Müsahibə

6 Avqust 2013, 12:52

Modern.az saytının “Siyasətçi övladları” layihəsinin bu dəfəki qonağı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalıyevdir. 

- Atanız Fəzail müəllim uzun müddətdir ki, siyasətdədir. Siz də partiyanın İcra Aparatının rəhbərisiniz. Öz istəyinizlə siyasətə gəlmək istədiniz, yoxsa?

- Uzun müddət AVP-də müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Yarandığı tarixdən partiyanın üzvüyəm. Partiya 1990-cı ildə yarananda hələ 16 yaşım vardı. 16 yaşım tamam olandan sonra isə partiya sıralarına daxil oldum. İcra aparatının təşkilat şöbəsinin müdiri olmuşam, təşkilat katibi vəzifəsində çalışmışam. Sonra 7 il prokurorluq və ədliyyə orqanlarında işlədiyimə görə partiya sıralarında olmadım.. Ədliyyə orqanlarından öz istəyimlə işdən çıxdım.

- Təsadüfən 7 ildən sonra sizi siyasətə atanız dartıb gətirmədi ki?

- Siyasətə həvəsim vardı. Sırf atamın yolunu davam etdirmək istəyim olmayıb. Təbii ki, bu həvəsin yaradılmasında atamın da payı var. Bu gün partiyanın İcra Aparatının rəhbəri olmağıma baxmayaraq, burdan bir manat da əmək haqqı almıram.

- O zaman xüsusi marağınız var.

- Partiyanın İcra Aparatının rəhbəri kimi burda ictimai əsaslarla çalışıram. Eyni zamanda, sahibkarlıqla məşğulam. Biz ailədə uşaq olarkən atam bizə Bəxtiyar Vahabzadənin  “Gülüstan”  poeması, Şəhriyarın “Heydər babaya salam” şeiri ilə böyüdüb. Bizim ailədə hər zaman Bütöv Azərbaycan mövzusu aktual olub. Atamdan bu cür mövzularda fikirlər, tövsiyələr eşitmişik. O zamandan etibarən məndə siyasətə maraq yaranıb.

- Fəzail Ağamalı Elçibəy dövründə nazir müavini vəzifəsində çalışıb. Ümumiyyətlə, atanız sizə Elçibəy haqqında nə danışıb?

- Elçibəylə görüşlərimiz çox olub. Elçibəy bizim evə dəfələrlə qonaq gəlib. Rayonda babamgilin evində olub. Elçibəylə görüşə Kələkiyə atamla mən də getmişəm.

- Elçibəy sizə siyasi sahədə hansı tövsiyələr verib?

- Elçibəy mənim siyasətə gəlməyim barədə heç bir tövsiyə verməyib. Mənə siyasətlə bağlı bütün tövsiyələri atam verib. Atamın siyasi kursundan, düşüncələrindən  qaynaqlanaraq bir siyasətçi kimi formalaşmışam.

- 16 yaşınızda siyasi burulğanın içində olmusunuz. Çox proseslərin axarını izləmək imkanınız olub. Heç atanızla hansısa siyasi müstəvidə üst-üstə düşməyən fikirlər olub?

- Atamın siyasi kursunu daim dəstəkləyərək, fikirlərini bəyənmişəm. O kursa da partiyanın bir üzvü kimi sadiqəm. Fəzail bəy, hansı siyasi kursu müəyyənləşdirəcəksə, hansı siyasi kursa getməyi məsləhət biləcəksə, mən də o yola canla-başla əməl etməliyəm. Partiya borcumdur.


- Partiya borcunuzu yerinə yetirməyiniz normaldır. Ola bilər ki, hansısa siyasətçiyə sizin rəğbətiniz olduğu halda atanız rəğbət bəsləməyə bilər.

- Konkret deyə bilərəm ki, rəğbətlə bağlı  atamla mənim bütün fikirlərim üst-üstə düşür. Bu rəğbətin formalaşmasında atamın rolu böyükdür. Babək, Şah İsmayıl və Heydər Əliyev rəğbət bəslədiyim şəxsiyyətlərdir.

- Bəs Elçibəy? O sizin evinizdə dəfələrlə qonaq olub.

- Elçibəy Azərbaycan siyasətində mühüm rol oynamış adamdır. Milli azadlıq hərəkatında formalaşmasında, vahid Azərbaycan ideyalarının Sovet illərində yaşamasında, qorunmasında müstəsna xidmətləri olmuş bir şəxsdir. Elçibəyi şəxsən tanıdığıma görə rəğbət hissim var. Amma, Elçibəy mənim idealım deyil. Onu özümə kumir hesab eləmirəm.

- Heydər Əliyev böyük şəxsiyyətdir. Amma o sizin evinizdə olmayıb.

- Şəxsi fikrimdir. Mərhum Elçibəy prezident kimi dövlət vəzifəsinin fövqündə dayanıb sırf ideoloji işlərini davam etdirsəydi, hansısa formada bir elmi institut yaradıb həmin elmi institutda bütöv Azərbaycan ideyalarının genişləndirilməsi və xalq içində daha da populyarlıq qazanması üçün çalışsaydı, ona rəğbətim daha çox olardı. Elçibəydə bəyənmədiyim tərəf ondan ibarətdir ki, dövlət rəhbəri kimi Heydər Əliyevdə dövlətçiliklə bağlı olan xüsusiyyətlər onda yox idi.

- Siyasətin içində olduğunuza görə orta məktəbdə sizə münasibət necə idi?

- Münasibət birmənalı deyildi. Rəğbət göstərənlər də var idi, sıxışdıran da var idi. Açığı deyim, çox pis münasibət görməmişəm. Sinif yoldaşlarım içərisində ataları həmin dövrlərdə partiya orqanlarında vəzifə tutanlar da var idi. Onlar orta səviyyəli partiya məmurlarının övladları idi. Mənə siyasi çıxışlarıma görə bir növ “ikinci növ” adam kimi baxırdılar.                                                                                                                    

- Atanız mitinqlərə getməyinizə necə baxırdı?

- Açığı deyim ki, atamın  “get mitinqdə iştirak et”  kimi istəyi olmayıb. Buna baxmayaraq, atam olduğu yerlərdə, həmçinin, mitinqlərdə  mən də iştirak etmişəm. Hətta,  məktəbdə Xalq Cəbhəsinin yerli özəyinin yaradıcısı da olmuşam. Sonra Xalq Cəbhəsinin dayaq dəstəsini yaratdım. Dəstənin üzvlərinin əksəriyyəti müəllimlər oldu. Onları dəstəyə cəlb edən də mən oldum. Gənc yaşlarımdan vətənə layiqli övlad olmağa çalışmışam.                                     

- Bəs tələbə yoldaşlarınız arasında münasibət necə idi?

- Tələbə yoldaşlarım arasında siyasi fəallığımı rəğbətlə qarşılayanlar da vardı, istehza ilə yanaşanlar da. Bəzən masa arxasında  tələbə yoldaşlarımla qızğın mübahisələrimiz düşürdü. Heç zaman siyasi mübahisələrimiz əlbəyaxa sonluqla bitməyib. Tələbələr arasında atam haqqında üzümə nəsə bir söz  deyən olmayıb. Amma Fəzail Ağamalını cəmiyyətin bütün təbəqəsi nə qəbul etmək məcburiyətində idi, nə də Fəzail Ağamalının elə bir iddiası var. Siyasətçi olaraq buna normal yanaşıram. Hər kəsin qəbul edəcəyi varlıq varsa, o da Allahdır. 

- Fəzail Ağamalının partiyası iqtidaryönlü partiyadır. 1990-cı illərdə isə atanız müxalifət nümayəndələri ilə eyni sırada dayanıb. Bu gün isə...

- Əgər siyasi baxışları uyğun gəlsəydi ola bilərdi. Amma bir adam ki, bu siyasi xətti dəstəkləyir, bəyənirsə niyə müxalifət sıralarında olmalıdır ki?!

Xalq Cəbhəsinin nizamnaməsi yazılarkən  bir çox siyasətçilər bizim evə toplaşıblar. Bir fikirlə razı deyiləm.  Cəmiyyətdə belə fikir mövcuddur ki, əgər kimsə 88-ci ildən xalq hərəkatına qoşulubsa, Xalq Cəbhəsinin yaradılmasında iştirak edibsə  ömrünün sonuna qədər bu təşkilatın  fikirlərini dəstəkləməlidir. Bu yanlış fikirdir. Xalq Cəbhəsi Sovet rejiminə qarşı xalqın birliyi idi. Xalq cəbhəsi Qarabağ torpaqları uğrunda Topxana meşəsindən qalxan hadisələrin nəticəsi olaraq meydanlarda yaranmış Sovet imperializminə qarşı hərəkat idi. O hərəkatın içində  düşüncə etibarilə solçu da,  sağçı da, islamçı da, millətçi də, demokrat da, liberal da vardı. Fəzail Ağamalı 20 yanvar hadisələrindən bir müddət öncə 89-cu ilin dekabr ayının əvvəllərində indiki Göygöl, o vaxtki Xanlar rayonunda Azadkənddə ermənilərə qarşı döyüşlərə rəhbərlik edib. Əlində silah özü də vuruşub. Çaykənddə olan erməni qruplaşmasına ciddi zərbə vurub. Sonra Fəzail müəllim Bakıya gələndə Xalq Cəbhəsinin içində olan prosesləri görəndə cəbhənin sıralarını tərk elədi. Bir tərəfdə torpaqlar işğal olunur, digər tərəfdə isə təşkilatın içində vəzifə uğrunda dava-dalaş gedir.

- Amma Fəzail Ağamalının siyasətdə tanınmasında qəbul etmədiyimiz müxalifətin böyük rolu olub.

- O zamankı müxalifətlə indiki müxalifəti qaışdırmayın. O zamankı müxalifətin içində Murtuz Ələsgərov da, Ziya Bünyadov da, Sirus Təbrizli də vardı. O müxalifət sovet rejiminə qarşı xalqın birliyi idi. Fəzail Ağamalı tələbəlik illərindən ideyaları özündə daşıyan bir şəxs  kimi o zaman formalaşan müxalifətin üzə çıxardığı fəal bir gənc idi. O demək deyil ki, Fəzail Ağamalı ömrünün sonuna qədər düz və səhv olsa  belə, Xalq Cəbhəsinin dediyi bütün fikirləri dəstəkləməli və bəyənməlidir. Niyə?!

- Torpaqlar hələ də işğal tarixini yaşayır.

- İşğal tarixini yaşamaq  o demək deyil ki, azad olunması üçün cəhdlər olunmur. Bu gün Azərbaycanın milli ordusu kifayət qədər güclüdür. Silah ehtiyatı zəngindir.

- Siyasətçi olaraq,  atanızın əldə etdiklərini əldə edə biləcəyinizə ümid var?

- Fəzail Ağamalının malik olduğu populyarlığı, ona olan rəğbət, hörmət bu gün çox güclüdür. Mən o səviyyəyə çatmağım zamanın işidir. Bu olduqca çətin prosesdir.

- Atanız Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovu  heç qəbul etmir.

- Fəzail Ağamalının bu yöndəki bütün çıxışlarını dəstəkləyir, fikirlərini düzgün dəyərləndirirəm. Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu gün həmin kursun ən layiqli davamçısı İlham Əliyevdir.  

- Partiyanızı hansı sırada görürsünüz?

- Deputat sayına görə 3-cü, bələdiyyə seçkilərindəki nəticələrinə görə 2-ci yerdədir. Bugünkü gündə AVP-nı birinci yerdə görmürəm. Reallıq onu deməyə əsas verir ki, AVP birinci partiya deyil. Gələcəkdə nə olacaq onu zaman göstərər. Həmişə birinci beşliyə daxil olub.

- Atanız Elçibəyin dövründə sosial-təminat nazirinin müavini olub. Amma sizin idealınınz  Heydər Əliyevdir.

- Fəzail Ağamalı hər zaman Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə də onu böyük şəxsiyyət kimi qəbul edib. Bizim evdə hər zaman Heydər Əliyevin portreti olub. 1983-88-ci illərdə Gəncədə yaşamışıq. Azadlıq hərəkatı yox idi, amma Əliyevin portreti evdən asılı idi.

O vaxtlar təşkilat yaradılmışdı. Müxtəlif siyasi baxışları olan insanlar o təşkilatda birləşmişdilər. Öz aralarından rəhbər şəxs kimi Elçibəyi seçmişdilər. Elçibəyi seçənlər arasında atam da vardı..

- Siyasətə gələndə Fəzail müəllim bir ata kimi oğluna hansı tövsiyələri verib?

- “Yaxşı-yaxşı düşün, əzablı yoldu, hamar yol deyil. İyrənclik səviyyəsinə gələn məqamlar olur”-deyib. Amma “siyasətdən geri çəkil” deməyib. Təbii ki, siyasətlə məşğul olmağımda  atamın müstəsna rolu var. Onun fikirlərindən, düşüncələrindən qidalanaraq işə başladım.

- İsa Qəmbər Milli Şuranın vahid namizədi olsaydı, onu necə dəyərləndirərdiniz?

- Siyasətçi öz nicatını xalqında axtarmalıdır və xalqının rəğbətini qazanaraq hakimiyyətə gəlməlidir. Xarici dövlətlərdə özünə arxa axtarmalı deyil. İsa Qəmbərə gəlincə, o namizəd olsa da, onun öz tərəfdarları var. Onun təbliğatını aparmaq onun tərəfdarlarının işidir. Çox istərdim ki, bunların hamısı sivil qaydada keçirilsin. Təhqirlərə, alçaldıcı məqamlara yol verilmədən həyata keçirilsin. İstər İsa Qəmbər olsun, istər Əli Kərimli olsun, istər digər partiya rəhbərləri olsun, onların prezidentliyini AVP dəstəkləmir və müdafiə etmir. Onların Azərbaycanda prezident olacaq potensialını görmürəm. Bu həm AVP-nin, həm də mənim mövqeyimdir.

- Xarici dövlətlərdə özünə arxa axtaran deyərkən Rüstəm İbrahimbəyovu nəzərdə tutursuz, yəqin.

- Doğru təxmin etdiniz. Onu nəzərdə tuturam. Dağlıq Qarabağ torpaqlarını mübahisəli torpaq hesab edən bir şəxsdən prezident ola bilməz. Rüstəm İbrahimbəyovu dəstəkləmək digər partiyalar üçün ayıb məqamdır. Moskvada oturub kiminsə diqtəsi ilə gündə bir söz danışır.

- Bu siyasətdir. Gəlin bir anlıq təsəvvür edək ki, kinorejissor gəlib oldu prezident...

- Onu nəzəri cəhətdən belə, təsəvvür etmirik. Əgər belə bir şey olsa, AVP müxalifət olacaq. Yenə deyirəm. Biz onu təsəvvür etmirik. Onların prezident olmaq istəyi  nəzəriyyədən çox xəyalpərəstliyə bənzəyir.

- Siyasətdə dostluq etdiyiniz kimsə var?

- Ən yaxın dostlarım əsasən uşaqlıq dostlarımdır. Onların da çoxu bu gün AVP-dədir.


Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı