Modern.az

İTV-nin əməkdaşı Cəmil Quliyevin müdafiəsinə qalxdı: "Guya Naxçıvan klanı yaradılıb..."

İTV-nin əməkdaşı Cəmil Quliyevin müdafiəsinə qalxdı: "Guya Naxçıvan klanı yaradılıb..."

6 Avqust 2013, 14:01



İctimai Televiziya və Radio Yayımları Şirkəti rəhbərliyinin seçki yolu ilə dəyişdirilməsi, tanınmış kinorejissor Cəmil Quliyevin bu qurumun rəhbərliyinə gəlməsi cəmiyyətin müəyyən kəsimində birmənalı  qəbul olunmur. Bu  o kəsimdir ki, dünyanı bir rəngdə- yalnız qara rəngdə görür  və ətrafında baş verənləri də məhz elə bu rəndə təqdim etməkdən sanki ləzzət alır.

İTV - dəki dəyişikliklərlə bağlı bəzi mətbuat orqanlarında yazılanlara qiymət vermək iddiasında olmasam da Naxçıvan bölgəsindən olan əməkdaş kimi bir məsələnin üzərindən sakitcə keçə bilmirəm. Məhz buna görə bəzi mətləbləri xatırlatmağa ehtiyac duyuram.

Ömrümün 40 ilə qədəri jurnalistikada keçib və bu illər ərzində yalanla doğrunun sərhədlərinin haradan başlayıb harada bittiyini özüm üçün müəyyənləşdirmişəm. Qənaətim budur ki, çağdaş mediamızda yalanın, iftiranın, təhqirin yer almasının, jurnalist etikası və davranış qaydalarından kənar fəaliyyətin hədəflərindən biri, həm də   əsası özəl və korporativ maraqlardır.Və bu tip informasiyalarla rastlaşınca, kimin əlinin kimin cibində olduğu , kimin dəyirmanına su töküldüyü bəlliləşir. Odur ki,sözügedən maraqlara xidmət edən mediada İTV ilə bağlı həqiqəti əks etdirməyən yazıların, qarayaxmaların yer alması başadüşüləndir. İTV ilə bağlı hər cür hədyan söyləyənlərə bunları deməyi özümə borc bilirəm ki, qurumun yeni rəhbərinin ziyalılıq səviyyəsi, xalqının , millətinin və müstəqil Azərbaycan dövlətinin örnək ənənələrinə sədaqəti və bağlılığı  heç zaman onun başçılıq etdiyi qurumda ayrı-seçkiliyin, regionçuluğun, yerlibazlığın , qohumbazlığın dirçəlməsinə imkan verməz.

İndi dövrüyəyə belə bir informasiya ötürülüb ki, demə İTV-də region maraqlarına görə qruplaşmalar baş qaldırmaqdadır. Guya Naxçıvan klanı hansısa klanla rəhbərlik uğrunda savaşa qalxıb. Ağ yalandır. Əvvəla, keçmiş rəhbərliyin "sayeyi- mərhəmətindən" İTV-də çalışan naxçıvanlıların sayı 8 il ərzində 3-4 nəfərdən çox olmayıb və onlar da adi işlərdə çalışıblar. İndi yeni rəhbərlikdə bir nəfər naxçıvanlının təmsilçiliyi nədən cəmiyyətin şər qüvvələri tərəfindən regionun klan savaşı kimi təqdim edilməlidir?!

Cəmiyyətdə bölücülüklə məşğul olan, qeyri-sabitlik istəyi ilə yaşayan media əməkdaşından tutmuş bu kimi qara işləri yönəldənlərə son olaraq onu demək istərdim ki, karvan ötər və yel də qayadan heç nə qopara bilməz .

Firudin Məmmədov,
İTV-nin əməkdaşı, əməkdar jurnalist 
     
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi