Modern.az

Böyük kələk...

Böyük kələk...

Aktual

7 Avqust 2013, 15:40

Vəfa Allahverdiyeva

Rüstəm İbrahimbəyovun hər dəfə ertələnən və böyük kələyə çevrilən qayıdışıyla bünövrəsi zədə alan, Tiflis toplantısı ilə əslində aldığı zədələrin bərpa olunmasına cəhd edilən Milli Şuranın əsl hədəfinə çatmasına qədər kökündən laxlamaması lazımdır.

Bunun üçün çeşidli yalanların ardı gəlməkdədir. Qayıdışın indi də avqustun 14-nə vəd olunması, pasport əngəlinin aşılması üçün işlərin sürətlənməsi açıqlamaları boş təsəlliyə çevrilib, Milli Şuranı gözlənilən tənəzzülə təslim etməmək məqsədi daşıyır. Fakt budur ki, İsa Qəmbəri bu formatda saxlamaq getdikcə zorlaşır. Tiflisdə nəyə məmnun qaldığı anlaşılmır, çunki ardınca da ikinci bir namizədin irəli sürülməsi təklifi təkrar yenə ondan gəldi. Ortada maraqlı bir sual var: İbrahimbəyov kimi dünya şöhrətli kinorejissorun pasport problemini Rusiya, doğrudanmı, prosedurdan kənar həll edə, yaxud sürətləndirə bilməz? Daha zəruri bir neçə sual: əgər Milli Şuranın istəyi gerçəkdən mübarizə aparıb hakimiyyəti qazanmaqdırsa, niyə Tiflis sammitindən sonra da ikinci namizəd təklifini aktual sayan İsa Qəmbərin bu məsələdəki "monoloq”una bəyənilir bir mövqe yoxdur? Milli Şuranın "xor”unda İbrahimbəyovdan başqa kimsənın soyadı eşidilmir? Niyə onun adı üzərində bu qədər israr var? Sozsüz ki, bu variantların hər birinin yerinə yeni variantlar keçə bilər. Əgər proseslər Rusiyanın hökmündən kənar baş versə.

Rüstəm İbrahimbəyov-Eldar Namazov tandemi son proseslərin aparıcı qüvvəsi olduğundan, Milli Şura ilə bağlı bütün həqiqətlər onlardan qeyri, kimsə üçün çılpaqlığı ilə bəlli deyil. Çünki onların Rusiyada, Avropada hərəkət trayektoriyası birdir, eyni çevrələrdə bərabər müzakirələr aparırlar. Milli Şuranın əsas dayaq sütunu Müsavat rəhbərliyi isə bu çevrələrdə yoxdur, geniş təfsilatlar yəqin ki, ona verilmir. Milli Şuradakı üçüncü, sanki neytral olan qrup adıçəkilən tandemin əlindəki informasiyaları ətraflı öyrənməyə, təhlil etməyə çalışmır. Bu istiqamətdə informasiya zənginliyini siyasi partiya rəhbərlərinin, ictimai rəyin proseslərin gedişatından çıxardığı məntiqi nəticələr, gəldiyi qənaətlər yaradır. Eldar Namazovun İbrahimbəyovu Tiflisdə görməsi yetərli olmayıb, onunla birlikdə Moskvaya getməsi, bundan sonra Bakıya dönüb Milli Şuranın ayın 6-na təyin olunan yığıncağını avqustun 10-na, 10-dan da 7-nə keçirməsi bu iki insanın Rusiya rəsmi çevrələrində konfidensial danışıqları davam etdirməsi şübhəsini möhkəmləndirir.

Birgə fəaliyyəti məxfiliklərlə dolu olan İbrahimbəyov-Namazov tandeminin idarə etdiyi Milli Şuranın gündəliyi Rusiya rəhbərliyinin Azərbaycana etdiyi təzyiqlərlə paralel olaraq müəyyənləşir. Qeyri-müəyyənlik ona görə qalmaqda davam edir ki, Rusiya-Azərbaycan arasında siyasi anlaşma hələlik alınmır. Avrasiya İttifaqına qoşulmaq ölkənin siyasi müstəqilliyi üçün təhlükə ehtimalı vəd etdiyindən, İlham Əliyev Rusiyanın oyunundan maksimum qaçmağa calışır. Plan bundan ibarətdir ki, hakimiyyət ittifaq təklifindən, güzəştlərdən qaçarsa, Rusiya Milli Şuranı daha radikal ovqata salıb, onun seçkilərdə vahid namızədi ilə iştirakını real müstəviyə keçirəcək. Azərbaycandan istədiyini ala bilməyəcəyi təqdirdə İbrahimbəyovu seçkilərin episentrinə qədər qoymağa, yaxud da, tandemin ikinci tərəfi Eldar Namazovu problemsiz qeydə alınması səbəbindən namizəd kimi hazırlamağa qərar verə bilər. İndilikdə isə Milli Şura gözləmə mövqeyinə, formatdakı təmsilçiləri, ictimai rəyi aldatmağa sürüklənir. Adıçəkilən tandemin vəzifəsi Rusiyanın Azərbaycanla haqq-hesabı bitənə kimi təsir rıçağı olan Milli Şuranın monolitliyini zorla qoruyub saxlamaqdan ibarətdir. Sezilən budur ki, Rusiya qarşı tərəfin kompromislərinə ümidini itirmir, danışıqları davam etdirir. İkinci halda- yəni, danışıqların pozitiv başa çatması Milli Şuranın fundamentinin çat alması, öz missiyasını bitirməsi sonucu ilə tamamlanacaq.

Məsələ burasındadır ki, Qərbin son zamanlarda Azərbaycanda passivləşən mövqeyi Rusiyanı burada daha aktiv olmağa həvəsləndirdi və ölkənin siyasi həyatına nəzarət, müdaxilə gücləndi. Vəziyyət müxalifətin ələ alınması, iqtidarla danışıqların getməsinə qədər irəliləyə bildi. Artıq iki gündür, yeni informasiyalar dövriyyəyə girir. Azərbaycan rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında ortaq məxrəcin tapılması haqda bilgilər Rusiyanın nəfəsini bir daha hiss etmək nöqteyi-nəzərindən ürəkaçan olmasa da, siyasi böhranın, toqquşmaların, gərginliyin arxa plana keçəcəyi ehtimalına görə təqdir edilməyə bilməz. Çünki Rusiya öz təhdidləri ilə çox qorxulu bir dövlətdir, bu qorxunun üzərinə israrla getmək Azərbaycanda sabitliyin pozulması deməkdir. Tarixi təcrübədəki bir nümunə timsalında narahatlıq aradan qalxır ki, MDB formatı əgər, Azərbaycanı Rusiyanın köləsinə çevirə bilmədisə, Avrasiya İttifaqı da, bu format çərçivəsində əməkdaşlıqdan irəli gedən nəticələrə çətin ki, müyəssər olsun. Şübhə yoxdur ki, hakimiyyət Avrasiya İttifaqına "hə” deyərsə, bu, ölkədə tənqidi fikirlərə də yol açacaq. Lakin bir şey aydındır ki, əsas müxalifət bu məsələdə hakimiyyətə opponentlik edə bilməyəcək. Çünki müxalifət Milli Şura planına qoşulduğu gündən, Azərbaycanı Avrasiya İttifaqına qatmağa çalışan Rusiyaya xoş üzünü göstərib. İkinci tərəfdən, Rusiya Avrasiya İttifaqı ilə bağlı prinsiplərini hakimiyyətə qəbul etdirə bilməsə, bunu əlinə hakimiyyət sükanı verəcəyi Milli Şuraya, orada özünə milli qüvvələr deyənlərə də qəbul etdirə bilər. Avrasiya İttifaqından o halda qaçmaq mümkün olar ki, müxalifət hakimiyyətin rakursundan çıxış etsin, nəinki, Rusiyanın oyunlarına getsin. Əgər Avrasiya İttifaqına qoşulmaq niyyəti rəsmiləşərsə və bu, hakimiyyətin xəyanəti kimi dəyərləndirmə qazanarsa, bu xəyanətə öz töhfəsini birinci Milli Şura vermiş olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi