Modern.az

Deputatlar "Əmanətə sədaqət" yay düşərgəsində - FOTOLAR

Deputatlar

Aktual

24 Avqust 2023, 10:38

"Zəfər" Şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı, "Azərlatereya" ASC-nin dəstəyi ilə 40 nəfərdən ibarət gənc tələbə şəhid övladları üçün Quba rayonunun Nügədi kəndində "ƏMANƏTƏ SƏDAQƏT" adlı yay düşərgəsi təşkil olunub. Layihə çərçivəsində şəhid övladları ilə Azərbaycanın tanınmış simaları, millət vəkilləri, yazıçıları, sənət adamlarının görüşləri keçirilir. Eyni zamanda, gənclər arasında intellektual oyunlar təşkil olunacaq, Quba Memorial Soyqırımı Muzeyini ziyarət edəcək, Qubanın gəzməli görməli yerlərinə səyahət edəcəklər. 

 

"Artıq yay düşərgəsinin ilk günündə mən deputat həmkarım Ceyhun Məmmədovla şəhid övladları ilə görüşdük, onlarla aktual mövzularla bağlı söhbət etdik, gəncləri maraqlandıran suallara cavab verdik".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 

 

Deputatın sözlərinə görə, bu gənclər arasında bu il yüksək balla, 599 balla ADA Universitetinə qəbul olunmuş Bərdə rayonu Kələntərli kəndindən olan şəhidimiz, hərbi həkim Azər Şəmilovun övladı Şəmilova Aynurə Azər qızı da var idi. 


Millət vəkili qeyd edib ki, Azərbaycan  xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Ölkəmizdə şəhid ailələrinə, qazilərimizə böyük dərəcədə qayğı göstərilir. Onlar üçün müxtəlif layihələr həyata keçirilir. 


"Belə tədbirlərdən biri də şəhid övladları üçün yay düşərgələrinin təşkil olunmasıdır. Bu uşaqlar şəhidlərimizin bizə əmanətidir. Onları qorumaq, daim diqqət və qayğı ilə yanaşmaq bizim mənəvi borcumuzdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara  hər zaman diqqətlə yanaşır. Bizim vəzifəmiz öz fəaliyyətimizlə bu siyasətə dəstək verməkdir. Mən inanıram ki, təşkil olunmuş bu düşərgə şəhid övladları üçün yadda qalan hadisə olacaqdır"-deyə Fatma Yıldırım vurğulayıb.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı