Modern.az

Lalə Məmmədova: “O adam uzun müddət məni izləyirmiş” – MÜSAHİBƏ

 Lalə Məmmədova: “O adam uzun müddət məni izləyirmiş” – MÜSAHİBƏ

14 Avqust 2013, 11:12

Əməkdar artist Lalə Məmmədova Modern.az-ın suallarını cavablandırıb.

 

– Millət vəkili Novruz Aslanın həmkarı Eldar Allahyaroğlunun sözlərinə yazdığı “Azərbaycan Türkiyə” adlı yeni mahnım və klip artıq efirlərdə yayımlanır. Bu mahnı və klipin ərsəyə gəlməsi iki ay çəkdi. Adından da bəlli olduğu kimi mövzu Azərbaycan-Türkiyə dostluğu ilə bağlıdır. Doğrusu, illərdir ki, qardaş ölkədəki bir çox layihələrdə iştirak etdiyimdən, belə bir mahnının repertuarıma daxil edilməsinə ehtiyac var idi. Yeniliklərim təkcə bununla bitmir. Sentyabr ayında yeni mahnı efirlərdə olacaq. “Mübarək” adlanan mahnını Sevda Məmmədli Zəlimxan Yaqubun sözlərinə bəstələyib.

– Yaradıcılığınızda bu səpkidə olan ilk mahnıdır?

– Adını nəzərə alsaq, bəli. Amma bundan öncə ifamda səslənən və Qafqazda məşhur olan "Şalaxo" rəqsi də əslində Azərbaycan-Gürcüstan dostluğunu tərənnüm edirdi.

– Əksəriyyət sizi müğənni kimi tanıyır. Amma on ildir Milli Konservatoriyada müəlliməsiniz. Eyni zamanda elmi iş yazırsınız və üstəgəl 5-6 yaşlı uşaq. Bütün bunlar bir araya necə sığır?

– Çətindir. Bu arada deyim ki, qızımın 8 yaşı var.

– Maraqlıdır, tələbələr efirdə gördükləri müəllimələrini auditoriyada necə qarşılayırlar?

– Bu çox maraqlı mövzudur. Əlbəttə, sentyabrın ilk günlərində auditoriyada yeni tələbələr bunu bir başqa cür qəbul edirlər. Daha doğrusu, qəbul etməyə çalışırlar. Müəyyən müddətdən sonra hər şey axarına düşür. Bu on il ərzində maraqlı hadisələr də baş verib.

– Maraqlıdır...

– Xalq Çalğı Alətləri fakültəsində dərs dediyim ilk günlər idi. Uşaqları “hazır-qayıb” etdikdən sonra dərsə başladım. Birdən uşaqlardan birinin yazmadığını görüb onu ayağa qaldırdım. Pərt halda, dilinin altında nəsə mızıldandı və məndən çölə çıxmaq üçün icazə istədi. Onu pərt eləməmək üçün icazə verdim. Çölə çıxan kimi digər tələbələrdən onun adını soruşdum. Dedilər ki, müəllimə, biz heç onu tanımırıq, elə bildik ki sizin tanıdığınız birisidir, gəlib burda oturub.

– Sizə vurulubmuş?

– Yox, sadəcə maraq. Sonra rəhbərlik tərəfindən aydınlaşdırılanda məlum oldu ki, bu insan neçə müddət məni izləyirmiş. Maraq ona o qədər üstün gəlib ki, riskə gedib auditoriyada tələbələr arasından məni seyr etməyə qərar verib.

– On il əvvəl çox gənc idiniz, hətta bəzi tələbələrlə 2-3 yaş fərqiniz var idi. Kimsə hisslərini, sevgisini etiraf edibmi sizə?

– Əlbəttə, hər şeydən öncə mən qadınam və hər bir qadın kənardan ona olan müəyyən hissləri hiss edir.

– Belə məqamlarda həmin tələbəyə qarşı reaksiyanız, münasibətiniz necə olur? Hirslənirsiniz?

– Bunu hiss etsəm belə, heç kəsə bu etirafı etməyə şərait yaratmaram. Xüsusən tələbələrimə. Sizcə, dərsdən sonra məni gecikdirən, yaxud özünü tələbələr arasında daha fəal nəzərə çarpdıran tələbələri görmürəm? Bir tələbəm var idi. Bütün Milli Konservatoriya bu uşağın əlindən qan ağlayırdı. Nə isə...2 il ona dərs dedikdən sonra günün birində qrup qarşısında mənə maraqlı bir etiraf etdi. Söylədi ki, mən sentyabrda dərsə gələndə dedilər ki, sizin ingilis dili müəlliməniz Lalə Məmmədova olacaq. Mən də özlüyümdə düşündüm ki, müğənni mənə nə dərs deyəcək? Yəqin, bəzənib-düzənib gündə bir paltarda özünü tələbələrə göstərəcək, uşaqları da gülə-gülə yolla verəcək. Amma inanın ki, sizi indi efirdə görəndə belə özümü yığışdırıram ki, məni ordan da görürsünüz”.

(zarafatyana) Belə başa düşdüm ki ciddi müəlliməsiniz.

– Bu haqda  tələbələr daha doğru cavab verərlər. Mən onlarla təkcə müəllimə yox, həm də dostam.

– Zeynəb Xanlarova, Səkinə İsmayılova, Nəzakət Teymurovadan sonra Leyli olmaq cəsarəti hardan yarandı?

– Buna addım-addım gəldim. Arzum o qədər böyük idi ki... Musiqini sevəndən "Leyli və Məcnun"u sevmişəm. Beş yaşım olanda “Leyli və Məcnun”u evdəki maqnitofondan o qədər dinləmişdim ki, partiyaları əzbərləmişdim.

– Amma adətən muğam ifaçıları olur Leylilər...

– Anlayıram. Mən Leylini estrada ifaçısı kimi oxumamışam.

– Digər Leylilərin kölgəsində qalmaq qorxusu var idi?

– Əvvəla, ikinci ali təhsil diplomum "Solo oxuma" fakültəsinin “Muğam ifaçısı” ixtisasıdır.

– Amma səsiniz xanəndə səsi deyil.

İçimdə bir hiss mənə deyirdi ki, sən özün kimi Leyli yaradacaqsan.

– Yarada bildiniz?

– Siz heç seyr etdinizmi mənim ifamı?

– Seyr etsəm də, mütəxəssis kimi fikir bildirə bilmərəm. Amma öz fikrinizi bilmək maraqlıdır. Yəni digər ifaçıların kölgəsində qalmadınız ki?

– Hər ifaçının öz yeri var.

– Sizə görə ən uğurlu Leyli kim olub? Amma tam səmimi cavab istəyirəm.

– Mənim üçün ən gözəl Leyli Zeynəb Xanlarova olub. Müasirlərdən isə Nəzakət Teymurova.

– Niyə son zamanlar əksər ifaçıların oxuduğu mahnıların ya sözü, ya da musiqisi hansısa məmura məxsus olur? Bəlkə bu əlavə status qazanmaq, mahnını daha uzunömürlü etmək istəyidir?

– Hamının yerinə cavab verməyim düz olmaz. Əslində bu sualın müxtəlif cavabı ola bilər. Sizin dediklərinizdə də həqiqət var. Amma unutmayaq ki, məmurların arasında istedadlıları var. Mən şəxsən özümün sevə-sevə dinlədiyim mahnılar var onların arasında.

– Məsələn sevə-sevə dinlədiyiniz kimdir?

– Ələkbər Tağıyevin saysız-hesabsız mahnıları, İbrahim Topçubaşovun “Gül bağçalar arasında”,. “Sevməyir, qoy sevməsin”, Novruz Aslanın “Yaşın nə fərqi var ki”, Sona Vəliyevanın sözlərinə yazılmış “Qaragilə”,  Kamalın "Nigaranam",Hüseyn Abdullayevin "Sənsiz","Səninəm" mahnılarını çox bəyənir və dinləyirəm.

– Yəqin ki, bu sualımın cavabı çox oxuculara da maraqlıdır. Sizin ifanızı niyə Brilyant Dadasovanin ifası ilə müqayisə edirlər? Ümumiyyətlə, ortada müqayisə olunacaq nələrsə var?

– Bu mövzu mənim üçün çoxdan qapanıb. Müqayisəni yalnız musiqidən xəbərsiz insanlar apara (yeri gəlmişkən, mən də belə bir müqayisə aparmışam – İ.V.) bilər.

– Ümumiyyətlə hansısa oxşarlıq var?

– Dedim ki, bu haqda danışmıram.

– Sizi bu haqda danışanda nəsə əsəbiləşdirir?

– Yox, artıq çeynənib kif atmış maraqsız mövzudur. Bu haqda vaxt itirməyə dəyməz.

– Deməli, bu haqda çox danışılıbsa, hansısa bənzərlikdən söhbət gedir.

– Dedim ki, musiqidən xəbərsizdirlər. Kiminsə dilindən eşidib tutuquşu kimi təkrarlayırlar.

– Yəqin ki, sizin də pərəstişkarı olduğunuz kimsə var.

– Elmira Rəhimova.

– Sizcə, bu gün Azərbaycanda 10 minlik toy qiyməti realdır?

– Bəli. Təəssüf ki, bu qiymətin sənətin böyük kiçikliyinə aidiyyəti yoxdur.

– Yəni?

– Yəni sənəti olmayan birinə populyarlıq və gündəm xətrinə verilən pullar. Vəssalam!

– Mənə görə siz şou biznesin “ən diplomat” xanımlarından birisiniz. Özünüz necə hesab edirsiniz?

– Bunun üçün xüsusi olaraq çalışmıram və verilən suallara daxilimdən gələn cavabı verirəm.

– Bəzən belə fikirlər səsləndirilir ki, şou biznesdəki qaydaları 3-4 nəfər müəyyən edir. Doğrudan belədir?

– Şou biznes qaydaları deyəndə konkret nəyi nəzərdə tutursunuz?

– Təbii ki, yazılmamış qaydalardan, qanunlardan söhbət gedir. Məsələn, həmin o 3-4 nəfərdən birinin xoşuna gəlməsən, şou proqramlardan, hətta efirdən kənar qala bilərsən.

– Belə bir hala qarşılaşmamışam. Olsun ki, öz qanunlarımla yaşayıram.

– Əslində belə bir halın olduğunu bilirsiniz?

– Mən kimsənin qoyduğu qanunlarla, yaxud kimsənin kölgəsində yaşayacaq qədər aciz deyiləm.

– Mən demədim ki siz belə yaşayırsınız. Soruşdum ki, belə bir durum var?

– Bəlkə də kimisə belə bir durum razı salır. Heç nə deyə bilmərəm, xəbərim yoxdur.

– Söhbət sizi sıxmadı ki?

– Daha maraqlı suallar gözləyirdim.

– Bunlar maraqsızdır?

– Mənim üçün bəli.

– Onda bir az da mahnı mətnlərindən danışaq. Sizcə populyarlıq üçün bu qədər ucuzluğa getmək olar? Bəzən mahnıların çox məntiqsiz, hətta gülməli sözləri olur.

– Yaralı yerimə toxundunuz. Dediklərinizlə razıyam. Poeziyanı sevən birisi kimi deyirəm. Heç kəsin ixtiyarı yoxdur insan hisslərini bu qədər ucuzlaşdırsın. Mən hətta radio dalğalarında sevənlərin bir-birinə göndərdiyi mesajların oxunmasının əleyhinəyəm. Bu o qədər, qapalı, intim bir mövzudur ki. Onu hətta şeirlərində vəsf edən şairlər belə ehtiyatlı olmalıdırlar.

– Deməli, sənətçilər Bədii Şuranın bərpasına özləri şərait yaradırlar.

– Bəli.

– Amma intim deyəndə əksəriyyət başa şey anlayır. Sizcə niyə?

– Bilirsiniz, hər şairin öz dəsti-xətti var. Hər kəs öz düşüncə və intellektinə görə analiz edir. İntim gizlin mənasında işlənir.

– Pedaqoq kimi gənclərlə daha sıx təmasda olursunuz. İndiki gənclik sizin nəsil gənclikdən daha üstündür?

– İndiki gənclik texnologiyalar gəncliyidir. Amma elə məqamlar var ki, onların bundan məhrum olduğunu düşünəndə insanın ürəyi ağrıyır.

– Məsələn?

– Tutalım, indiki gənclik kağıza yazılmış məktubun nə olduğunu, nə kimi hisslər bəxş etdiyinin təəssüf ki, bilmir.

– Bir ara "Məktəb illəri" mahnısını oxumağınıza qadağa qoyulmuşdu və sonradan bu mahnını ifa etdiniz. Nə olmuşdu və nə baş verdi?

– Bu mahnının mənim həyatımda rolu danılmazdır. Bəstəkar Aygün Səmədzadə ilə aramızda kiçik anlaşılmazlıq baş vermişdi, vəssalam! Sonradan bu umu-küsü aradan qaldırıldı.


 

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır