Modern.az

II qrupda ən çox bal toplayan abituriyentin həyat dramı– Reportaj

 II qrupda ən çox bal toplayan abituriyentin həyat dramı– Reportaj

14 Avqust 2013, 15:16

 

Hər bir valideyn böyüdüb boya-başa çatdırdığı övladının xoş gününü görmək arzusu ilə yaşayır. Bunun üçün kifayətdir ki, o gün gəlib çatsın.  Bizim, Modern.az əməkdaşlarının Səfərovlar ailəsinin evinə getməyi xoş bir günə təsadüf etdi. Belə ki, hər yay olduğu kimi, bu il də tələbə adını qazanmaq üçün abituriyentlər arasında qızğın rəqabət gedir. Abituriyentlər qədər valideynlərin də həyəcanını görmək mümkündür. Biz də o həyəcanı  gördük. İkinci qrup üzrə 690 bal toplayan Kənan Səfərlinin qaldığı yataqxanada olduq. Min bir əziyyətlə qəbul imtahanında ən yüksək nəticə göstərən abituriyenti yaxından tanımaq istədik. Söhbətə Kənanın atası Sadiq Səfərovla başladıq.

Bakıdan Göyçaylılara şad xəbər  

Sadiq bəyin iş yeri Bakıda olduğundan qərara alır ki, ailəsi ilə birlikdə Göyçaydan Bakıya köçsün. Beləcə, 2003-cü ildən Səfərovlar ailəsi Bakıya köçməli olur. İlk gündən Bakının Nizami rayonundakı Məhsəti küçəsi-7 ünvanda yaşayırlar. Yataqxanada, iki otaqlı evdə yaşamaq Səfərovlar ailəsi üçün çox çətin olur. Amma...   

...hər qaranlıq gecənin bir işıqlı gündüzü var

                                                       

Sadiq bəy 7 nəfərdən ibarət olan ailə üzvünü dolandırmaq üçün gecə-gündüz fəhləlik edir. Amma Kənanın təhsilə olan marağına valideyn olaraq biganə qalmır. Deyir: “Kənanın təhsilə marağı həddən artıq yüksək olub. Oğluma demişdim ki, təhsil almağın üçün səndən heç nə əsirgəməyəcəyəm. Oğlumun hədəfi 700 bal idi. 690 bal yığmasına baxmayaraq, yığdığı nəticədən özü də razı qaldı. Hər halda 22.300 abituriyent arasında birinci olmaq böyük nailiyyətdir. Neyləyək ki, tarixdən çaşdırıcı sual qarşısında aciz qaldı. Bir valideyn olaraq oğlumun imtahanda yüksək nəticə göstərəcəyinə əmin idim”.                                                                                                                    

Mətbəxin bir küncündə dərslərini hazırlayırdı

Nəzərə alaq ki, ev iki otaqlıdır, yataqxanada digər ailələr də yaşayır. Bu qədər qarışıqlığın içində yuxusuz gecələr də vardı. Sadiq bəy deyir ki, ailədə sosial sıxıntılarımız çoxdur. Yataqxana şəraitində yaşamaq çox çətindir. Xüsusilə, səsdən-küydən dərs hazırlamaq da olmurdu. Oğlumun  “Araz” kursuna getməsinə baxmayaraq, evə gəlib dərslərini oxumalı idi. Evdə dərs hazırlamağa oğlumun heç bir imkanı yox idi. Demək olar ki, hər gün hamı yatandan sonra yataqxananın mətbəxində dərslərini hazırlamalı olurdu. Yataqxananın mətbəxi ümumi idi. Bəzən qonşuların mətbəxə girişi səbəbindən dərslərini gecə hazırlamağa üstünlük verirdi. Elə gecələr olub ki, sübh saat 5-də yataqdan durub siqaret çəkməyə çıxanda görürdüm ki, oğlum hələ yatmayıb, dərs hazırlayır”.   

Ailədə tək işləyən mənəm   

Sadiq bəy az əmək haqqı ilə ailə saxlamağın çox çətin olduğunu deyir. ”Kənan üçüncü oğlumdur. Bir oğlum cəbhə xəttinin ən qaynar nöqtəsində vətənə xidmət edir. Bir oğlum da fəhlə işləyir. Aldığım maaşla ailəmin mənzil-məişət şəraitini yaxşılaşdırmaq qeyri-mümkündür. Ailəmə kömək edə bilmədiyimi düşünəndə çox böyük mənəvi əzab çəkirəm. Yenə də heç bir şey edə bilmirəm. Çünki ailədə bir tək işləyən mənəm. Yoldaşım evdar qadındır. Bir oğlum da fəhlə işləyir”.   

Müəllimlərim mənə ümidlə baxırdı   

Sonra qəhrəmanın özü ilə söhbət edirik. Danışmağı çox sevməsə də Kənan deyir ki, 9-cu sinifdən Araz kurslarına gedir. “Repetitor yanına getmədən bu qədər balı yığa bilməzdim. Gündüzlər səs-küydən nəsə oxumaq mümkün deyildi. Ona görə də yataqxananın mətbəxində oxumalı idim. Qonşular arasında “özünü çox yorma, gündüzlər oxu”, – deyənlər də vardı. Müəllimlərim də məndən yüksək bal yığmağımı gözləyirdi. Nəticələr bəlli olanda, anam sevincdən ağladı, qonşular hamısı təbrik etdi. Təbii ki, sinif yoldaşlarım arasında həsəd aparanlar da var. İlk növbədə, ibtidai sinif müəlliməmə minnətdaram. Oxumaq arzusunda olan hər kəsə demək istəyirəm ki, ilk növbədə hər bir gənc fikirləşməlidir ki, təhsili özlərinə görə alırlar. Valideynlərin və müəllimlərin zəhmətini də fikirləşmək lazımdır. Mən çox çətin şəraitdə dərslərimi hazırlamışam. Gündüzlər səsdən heç nə oxumaq mümkün olmadığından, gecələr mətbəxin bir küncündə dərslərimi hazırlamalı olurdum. Ailə şəraitim çox ağır olsa da, dərs oxumağım üçün heç bir çətinlik məni qorxutmayıb. Buna görə də əminliklə deyə bilərəm ki, hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır. O zaman mənim kimi uğur qazanmaq qeyri-mümkün olmayacaq”.


 

Namidə BİNGÖL 

FOTO: Elçin MURAD

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir