“Azərbaycana səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğunun bir daha şahidi oldum”. Modern.az xəbər verir ki, bu barədə ölkəmizə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bildirib. AŞPA sədri kimi ilk səfərlərindən birini məhz Azərbaycana etdiyindən məmnunluğunu ifadə edən M.Çavuşoğlu keçirdiyi görüşlərin olduqca məhsuldar olduğunu diqqətə çatdırıb.
Qonaq səfərin məqsədinin Azərbaycanda demokratikləşmə prosesi və bu ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı indiyə qədər həyata keçirdiyi islahatların davamı ilə bağlı müzakirələr aparmaq olduğunu deyib. Gələn il Azərbaycanın AŞ-a daxil olmasının 10-cu ilinin tamam olacağını qeyd edən M.Çavuşoğlu ölkəmizin bu müddətdə təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edib.
M.Çavuşoğlu vurğulayıb ki, AŞ Azərbaycanda demokratik islahatların həyata keçirilməsi və bu ölkənin Avropa standartlarına tam nail olması istiqamətində atdığı addımları dəstəkləməkdə davam edəcək.
AŞPA sədri ümidvar olduğunu bildirib ki, noyabrda keçiriləcək parlament seçkiləri demokratik standartlara tam şəkildə cavab verəcək.
Görüşlər zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını deyən qonaq bu məsələdə AŞ-ın mövqeyinin dəyişməz olduğunu, bunun təşkilat tərəfindən qəbul edilmiş sənədlərdə də öz əksini tapdığını qeyd edib. Yaxın zamanlarda münaqişə ilə bağlı AŞPA-da alt komitənin yaradılacağını deyən M.Çavuşoğlu bu istiqamətdə danışıqların artıq başlandığını diqqətə çatdırıb.