Modern.az

“Misirdə çevrilişi də, qətliamı da ABŞ-ın yardım göstərdiyi ordu etdi” – Təhlil

“Misirdə çevrilişi də, qətliamı da ABŞ-ın yardım göstərdiyi ordu etdi” – Təhlil

Dünya

16 Avqust 2013, 15:30

Misirdə baş verən qanlı hadisələrin miqyası genişlənməkdə davam edir. Hərbi çevrilişlə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə ordu arasında gedən müharibələrdə ölənlərin sayı 648 nəfərə çatıb. Hətta ölü sayının artacağı da istisna edilmir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Misirdə baş verən qanlı hadisələri Modern.az üçün təhlil edib.   

Misir qan gölündə üzür   

Elxan Şahinoğlunun fikrincə, Misir vətəndaş müharibəsinə yuvarlanıb. Bir tərəfdə, hərbçilər və onları müəyyən qədər dəstəkləyən liberal siyasi qüvvələr, digər tərəfdə isə “Müsəlman qardaşları” və onların müttəfiqləri. “Misirdə idarəetməni, qanun-qaydanı yaratmaq çətin olacaq. Bəlkə də qayda-qanunu yaratmağa illər lazım olacaq. Faktiki Misirin ortaq nöqtəyə gəlməyə gücü yox idi”.                                                                                                                            

Mübarəkərəhmət oxuyurlar...   

Siyasi şərhçi Mübarəkin dövründə Misirdə sabitliyin olduğunu deyir. “Vəziyyət Mübarəkin dövründəki durumdan da pisdirlər. Yenə Mübarək dövründə nisbi də olsa, bir az sabitlik vardı. Ölkədə müəyyən qədər iqtisadi inkişaf vardı, turistlər gəlirdi. İndiki durumda Misir üçün bunları geri qaytarmaq çox çətin olacaq. Bu vəziyyətdən çıxış yolu kimi görürəm ki, ordu yaxın gələcək üçün seçkilər təyin etməlidir. Amma bu da çıxış yolu olmayacaq. Çünki yeni seçkilərdə “Müsəlman qardaşları” qələbə çala bilərlər. Bu da yenidən eyni problemin coşmasına təkan verəcək. Hərbçilər islamçıların siyasətdə fəal olmasını istəməyəcəklər. O səbəbdən də məsələ uzun illər həll olunmayacaq.”                                                                                                                                    

Çaxnaşmalar regiona təsirsiz ötüşəcəkmi?!   

“Regionda baş verən istənilən hadisə təsirsiz ötüşmür. Deməli, bu cür hadisələr digər Şərq ölkələri üçün də yaxşı olmayacaq. Onsuz da Suriyada vətəndaş müharibəsi gedir, Livanda durum gərgindir, İranda nələrin olacağı bəlli deyil. Buna görə də həm ABŞ, həm  ərəb ölkələri, həm də Avropa Birliyi narahatdır”.   

Türkiyə-Misir münasibətləri havada  oynayır.   

Misirdə baş verən hadisələrin pik nöqtəsi Türkiyə ilə münasibətlərin gərginləşməsidir. Elxan Şahinoğlu deyir ki, Ərdoğan hökumətinin addımı proseslərə kölgə saldı. “Ərdoğan müsəlman qardaşlarını dəstəklədi, siyasi körpüləri yandırdı. Hərbi çevrilişi həyata keçirən qüvvələr hakimiyyətdə qalsa Misir-Türkiyə münasibətləri bu şəkildə də düzəlməyə bilər. Ümumiyyətlə, Türkiyənin qonşuları ilə münasibətlər getdikcə gərginləşir. Digər tərəfdən, Ərdoğan Fələstinin Qəzza bölgəsinə səfər etməlidir. Qəzza bölgəsinə ancaq Misir üzərindən səfər etmək olar. Ərdoğan səfərə hazırlaşırdı ki, Misirdə hərbi qiyam baş verdi. Yeni hökumət Ərdoğanla münasibət qurmaq istədi, Ərdoğan ona əlini uzatmadı. Əl-Baradeyi Türkiyəyə səfər etmək istəyirdi, Ərdoğan o səfəri də qəbul etmədi. Bundan sonra yeni Misir hökuməti Ərdoğanın Qəzzaya səfərinə əngəl oldu”.  

Amerika yenə işini gördü  

“ABŞ prezidenti qətliamı pisləsə də, heç bir siyasi qüvvəyə dəstək ifadə etmədi. Birgə hərbi təlimlər nəzərdə tutulurdu. Obamanın ilk qərarı hərbi təlimləri ləğv etmək oldu. Ən böyük məsələ odur ki, Amerika hər il Misir ordusuna təxminən 2 milyard yarım dollar yardım edir. Bu da 1979-cu ildə imzalanan Kemp-Devid sazişinə görədir. O zaman Misirin prezidenti Ənvər Sadat İsraillə sülh anlaşmasını imzaladı. O ildən başlayaraq Amerika hər il Misir ordusuna yardım edib. Fikir verin, Mursi devriləndən sonra ABŞ baş verənləri hərbi çevriliş adlandıra bilmədi. Çevriliş edən orduya  hər il hərbi yardım ayırmaq Obama üçün çətin olacaq. Yaxın müddətdə Obama administrasiyasi Misir ordusuna təzyiq və təsir etməlidir. Misir ordusu 2 gün öncə çox yarıtmaz şəkildə mitinqçiləri meydandan qovdu və xeyli insan məhv edildi. Doğrudur, “Müsəlman qardaşları” arasında da təxribatçılar var idi. Düşünürəm ki,  yaxın müddətdə Obama administrasiyasi Misir ordusuna çox böyük təzyiqlər edəcək”.  

 

Namidə BİNGÖL  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!