Modern.az

“Bizdə turizmə pul qoyanların ilk gündəncə atalarını yandırmamalıdırlar”

“Bizdə turizmə pul qoyanların ilk gündəncə atalarını yandırmamalıdırlar”

Müsahibə

15 Aprel 2010, 14:56

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli: “Həmkarlar təşkilatlarına elə şərait yaradılmalıdır ki, onlar təkcə xəstəlik kağızı verməsin, həm də sağlamlıq kağızı versin”

- Hadi müəllim qarşıdan növbəti turizm mövsümü gəlir. Azərbaycanın turizm məkanlarındakı bahalıqla yanaşı, xidmətin səviyyəsi də aşağıdır. Bu sahədə əlverişli şərait yaratmaq üçün hansı addımlar atılmalıdır?

- Bilirsiniz, bu ciddi problemdir. Qeyd edim ki, Azərbaycandakı turizm məkanlarında təklif olunan ərzaq məhsullarının keyfiyyəti, təbiət xaricdəkindən yaxşıdır. Məsələn, mən özüm Antalyada olmuşam. Oradakı çimərliklər də o qədər ürəkaçan vəziyyətdə deyil. Yeməklər də demək olar ki, süni yolla yetişdirilən ərzaqlardan hazırlanr. Azərbaycandakı turizm məkanlarında bahaçılığın kökündə dayanan səbəb nədir? Nəyə görə Antalyada ucuzluqdur, bizdə bahaçılıq? Sualıma belə cavab verə bilərəm ki, Antalyada turizm mövsümü, turizm biznesi beş ay müddəti əhatə edir, bizdə isə cəmi iki ayyarım, üç ay...

- Təkcə səbəb budurmu?

- Xeyr, bizdə təşkilatlanma, dəstək məsələsi də zəifdir. Mən həmişə deyirəm və bu gün də öz mövqeyimdə qalıram, həmkarlar təşkilatlarına elə şərait yaradılmalıdır ki, onlar təkcə xəstəlik kağızı verməsin, həm də sağlamlıq kağızı versin. “Putyovka” versin ki, xəstə gedib öz sağlamlığını qorusun. Belə olarsa, bizdə turizm, istirahət məkanlarına üz tutanlar daha çox olar. Eyni zamanda bir məsələni qeyd edim ki, bizdə “putyovkalar” əsasən iyul-avqust aylarında verilir. Niyə may ayında, iyun ayında və yaxud sentyabrda satılmasın? Hesab edirəm ki, bu istiqamətdə də ciddi düşünülməli və müvafiq addımlar atılmalıdır.

Bu gün Qəbələ, Quba, İsmayıllı, Lerik, Lənkləranda və digər bölgələrimizdə olan turizm, istirahət məkanlarının şəraiti, xidmətinin keyfiyyəti heç də xaricdəkindən geri qalmır. Əgər hansısa müəyyən əyər-əskiklər varsa, onlar da şərait yaradılacağı təqdirdə xaricdəkilərin səviyyəsinə gəlib çatacaq və yaxud onu üstələyəcək. Bilirsiniz, bu gün Antalyada və digər xarici turizm məkanlarında nisbətən ona görə ucuzluqdur ki, orada turizm biznesinə embarqo qoyulmur, əksinə imkan yaradılır ki, kimin nəyi varsa, gətirib ortaya qoysun, həm özü qazansın, həm də turizmi inkişaf etdirsin. Orada turizm məkanlarını çox zaman vergilərdən azad edirlər, digər səviyyələrdə dəstək verirlər. Ona görə düşünürəm ki, bizdə də bu məsələlər reallaşdırılmalıdır, müvafiq qurumlar bu işə dəstək verməlidirlər. İlk gündən onları sıxmamalıdırlar, boğmamalıdırlar, onların sinəsinə çökməməlidirlər, belə demək mümkünsə, “atalarını yandırmamalı”, “bellərini qırmamalı”dırlar. Sadəcə, hesablama aparmaq lazımdır, görək, xaricə nə qədər azərbaycanlı gedir, xaricə nə qədər pulumuz havayı yerə sərf olunur. Bunun 10 faizini Azərbaycanda saxlasaq, görün, nə olar. Onun gətirdiyi gəlirlə nələr etmək mümkün deyil. Bir daha qeyd edirəm, bu gün bu barədə ciddi düşünmək lazımdır ki, pullarımız niyə xaricə axıb gedir, insanlarımız niyə xarici turizm məkanlarına gedərək öz pullarını başqalarına “yedirdirlər”...

- Azərbaycanlıların xaric əvəzinə öz turizm məkanlarımıza üz tutması üçün bir qədər ucuzlaşma, qiymətlərdə endirimlər etmək mümkün deyilmi?

- Söhbət təkcə ucuzluqdan və qiymətlərin aşağı salınmasından getmir. Gəlin yolpulu ilə istirahət xərclərini üst-üstə qoyub hesablayaq, görək Antalya ucuz başa gələr, yoxsa bizim istirahət məkanlarımız...

- Turizm sektorunda monopoliya elementləri də var...

- Razı deyiləm. Bu sahədə monopoliya elementləri mövcud deyil. Mədəniyyət və Turizm Nazirliyi, demək olar ki, bu sahədə rüşvətin qarşısını alıb. Burada rüşvət yoxdur. Bu nazirlik həmin sahənin inkişafına mane olmur, lakin bununla belə, bu işə tam şəkildə dəstək də ola bilmir. Ortalıqda icra hakimiyyətləri, o var, bu var və sair. Məsələn, mən belə hesab edirəm ki, bu sahə tam diqqət mərkəzinə gətirilməlidir. Bu sektorla ciddi məşğul olunmalıdır. Bu gün turizm sektoru əziyyətlə işləyir. Təsəvvür edin ki, bir istirahət, turizm məkanını saxlamaq neçəyə başa gəlir. Turizm məkanları iyul-avqust aylarında müəyyən gəlir əldə edir, qalan on ayı isə, demək olar ki, fəaliyyətsiz qalırlar. Bu da az qala bu sahəni biznes adamları üçün maraqsız edir. Ona görə bir daha belə hesab edirəm ki, bu sahəyə diqqət, qayğı, ciddi dəstək lazımdır.

Kamil HƏMZƏOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub