Modern.az

UNAİDS-in jurnalistlər üçün müsabiqəsində QALMAQAL

UNAİDS-in jurnalistlər üçün müsabiqəsində QALMAQAL

Qarabağ

19 Avqust 2013, 14:39



Bu ilin iyun ayında UNAİDS beynəlxalq təşkilatının Azərbaycanda İİV/QİÇS probleminin işıqlandırılması mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqənin yekunu iştirakçılar arasında böyük narazılıq yaradıb. Nəticələrin müsabiqə keçirilmə qaydalarına zidd olaraq, örtülü şəkildə, yalnız qalibləri tədbirə dəvət etməklə açıqlanması qalan iştirakçılar tərəfindən hüquqlarının pozulması kimi dəyərləndirilir.

Müsabiqə iştirakçıları Modern.az-a bildiriblər ki, nəticədən təsadüfən xəbər tutublar. Halbuki, bu barədə onları təşkilatçılar məlumatlandırmalı idilər. Müsabiqənin bu cür müəmmalı gedişindən narazı qalan jurnalistlər müsabiqə təşkilatçılarına müraciət edərək, onların tədbirə niyə dəvət olunmadığını və seçimin hansı meyarlarla aparıldığını soruşublar. Müsabiqə təşkilatçısı, UNAİDS-in Azərbaycandakı nümayəndəsi isə bildirib ki, “seçim belə olub, artıq söz deyə bilmərəm. Biz elanda yazmamışıq ki, təşkilat  müsabiqədən sonra sizə və ayrı-ayrı fərdlərə  hesabat verəcək. Fikriniz fərqlidirsə, bu müsabiqə komissiya ilə  müzakirə mövzusu ola bilməz”.

Belə alınır ki, müsabiqə təşkilatçıları ümumiyyətlə müsabiqə keçirilmə qaydalarından bixəbərdirlər. Bilmirlər ki, əgər müsabiqə keçirilməsi haqqında ictimaiyyətə elən veriblərsə, öz məqsədləri üçün jurnalistləri, dəyərli vaxtlarından ayırıb yarışmaya cəlb ediblərsə, artıq onlar ictimai məsuliyyət daşıyırlar və müsabiqə ilə bağlı bütün məsələləri şəffaf və ədalətli həll etməlidirlər. Hər bir iştirakçı yekunda bilməlidir ki, müsabiqənin münsiflər heyəti kim olub, qiymətləndirmə necə aparılıb, onun yazısına neçə bal verilib, qüsurları nədən ibarətdir və s..

Qayda belədir ki, şəffaf və ədalətli keçirilən müsabiqələrdə təşkilatçılar yarışmanın nəticəsini elan edəndə bütün iştirakçıları çağırıb, münsiflər də başda olmaq şərti ilə hamının qarşısında nəticələri elan edir, qalibləri mükafatlandırır, qalan iştirakçıları isə ruhdan düşməməyə, gələn müsabiqələrdə daha yaxşı yazılarla iştirak etməyə həvəsləndirirlər. Çünki, ortada insan əməyi var, jurnalist neçə günlər araşdırma aparıb, yazı ortaya qoyub, əziyyət çəkib. Müsabiqədə hamı uda bilməz ki, ancaq çəkilən zəhmətə hörmət olmalıdır. Öz nüfuzunu, imicini qoruyan təşkilatlar jurnalist əməyinə çox həssaslıq nümayiş etdirir və bu kimi hallarda iştirakçıların əməyinə böyük hörmətlə yanaşırlar.

Çox təəssüf ki, bütün bu sözləri UNAİDS-in keçirdiyi müsabiqənin təşkilatçılarına aid etmək olmur. Həm nəticə baxımından, həm də jurnalistlərə hörmət baxımından. Nəticəyə görə, guya müsabiqədə ən yaxşı bir videoreportaj, rus dilində iki yazı olub. Əvvəla, məqsəd Azərbaycan əhalisini maarifləndirməkdirsə, birdən birə niyə iki rus dilində olan yazı seçilir? Bu dilimizə hansı hörmətdən gəlir? Axı sadə insanların əksəriyyəti heç rus dilin bilmir və ümumiyyətlə hər hansı bir ölkədə yad dildə maarifləndirilmə işinin aparılması qəbulolunmazdır. Olmazdımı ki, o yazılardan biri doğma dilimizdə olsun. Bu ona dəlalət edir ki, yazılara qiymət verən münsiflər özləri Azərbaycan dilini yaxşı bilməyiblər və bu dildə yazılan yazılara qiymət vermək iqtidarında olmayıblar.

Şikayət edən jurnalistlər qeyd edirlər ki, onların davası mükafat, pul davası deyil. Heç mükafatın məbləği də UNAİDS-in adına uyğun olmayan dərəcədə azdır. Birinci yer 300, üçüncü yer 100 manat. Belə məbləğ nüfuzlu müsabiqələrdə ancaq həvəsləndirici yerlər üçün nəzərdə tutulur. Jurnalistlər bu müsabiqəyə yalnız vətəndaşların maarifləndirilməsinin əhəmiyyətini və vacibliyini nəzərə alaraq qatılıblar və işlərinin münsiflər tərəfindən necə qiymətləndirildiyini, hansı səviyyədə olduğunu bilmək istəyirlər. Məhz müsabiqələrdə münsiflərin rəyi, irad və qeydləri jurnalistin professional jurnalist kimi yetişməsində mühüm əhəmiyyətə malikdir. Bu yazarın növbəti yazılarının daha keyfiyyətli və maraqlı olması üçün zəmin yaradır.

Qeyd edək, Modern.az saytının əməkdaşı da bu müsabiqədə iştirak etmişdi. Doğma dilimizdə yazılmış, müsabiqənin bütün şərtlərinə uyğun gələn, sadə dil üslubu və əhatəliliyi ilə seçilən  həmin yazı böyük ictimai maraq doğurduğundan, digər xəbər agentlikləri də onu saytımızdan götürüb öz informasiya resurslarında yerləşdirmişlər. Facebook və Twiter-də geniş müzakirə obyekti olan yazı, hətta müsabiqə ilə birbaşa əlaqəsi olan QİÇS-dən qorunanlar və qurunmaq istəyənlər üçün yaradılmış QİÇS-dən azad dünya Facebook səhifəsində də yerləşdirilmişdi. Ona görə də, həmin yazının münsiflərin diqqətindən kənarda qalması təəccüb və sual doğurur, eyni zamanda jurnalistlərin müsabiqə ilə bağlı şikayətlərinin əsasız olmadığını göstərir. Ümid edirik ki, UNAİDS-in Azərbaycandakı nümayəndəliyi və müsabiqə təşkilatçıları məsələyə öz münasibətlərini bildirəcəklər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır