Modern.az

Gəncənin 75 yaşlı ali məktəbi

Gəncənin 75 yaşlı ali məktəbi

İqtisadiyyat

21 Avqust 2013, 10:55


Gəncə Dövlət Universiteti (GDU) 4000-dən çox yaşı olan qədim və möhtəşəm Gəncənin 75 yaşlı ali məktəbidir.

Universitet 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyət göstərir.

Universitetimiz fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. GDU-da indi 500-dən artıq professor-müəllim heyəti çalışır. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 15 nəfəri əməkdar müəllimdir. Onlarla pedaqoqumuz orden, medallara və diqər dövlət təltiflərinə layiq görülmüşdür.

Universitetimizin 8 fakültəsində 39 ixtisas üzrə bakalavrlar, magistratura şöbəsində 41 ixtisas üzrə magistrantlar təhsil alır. GDU-nun 5000-dək tələbə və magistrant kontingenti vardır. 2012-2013-cü tədris ilində 1000 nəfərdən artıq gənc bakalavr, 50-dən artıq gənc isə magistr pilləsi üzrə məzun olmuşdur.

Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması universitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Auditoriya, fənn kabinə və laboratoriyalarının texniki vasitələrlə təchizi, dərslərin vizual izlənməsi, müəllimlərin mühazirələrinin elektron variantlarının hazırlanması, imtahanların kompüterlərlə götürülməsi (yalnız xüsusi qabiliyyət tələb edən fənlər: musiqi, rəsm, idman və s. istisna olmaqla) həm tədrisin səviyyəsinin yüksəlməsinə, həm də daha obyektiv qiymətləndirmə şəraitinin yaranmasına səbəb olur.

Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir. Beynəlxalq əlaqələrlə bağlı yalnız 2013-cü ilə aid olan faktlara nəzər salsaq, bu əlaqələrin nə qədər inkişaf etdiyinin şahidi olarıq. Bu ilin may ayının 20-21-də Bakı şəhərində keçirilən Qafqaz Universitetlər Birliyinin III Konqresində Qafqaz Universitetlər Birliyinin rəhbəri, Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz ilə GDU-nun rəhbərliyi arasında Türkiyənin “Mövlana” Mübadilə proqramına qoşulmaq barəsində protokol imzalanmışdır. 2013-cü il 1 iyun tarixində Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində GDU ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Universitetimiz Avropa Birliyinin TEMPUS və ERASMUS-MUNDUS “WERB” proqramları üzrə layihələrin iştirakçısıdır. GDU hazırda Avropa Birliyinin TEMPUS CURDEUS layihəsinə qoşulmuşdur. GDU-nun fransız dili kafedrası on ildən artıqdır ki, Fransanın Strasburq şəhərindəki Humanitar Elmlər Universiteti ilə əməkdaşlıq edir. Bu ilin may ayında Fransa səfirliyinin keçirdiyi tərcümə müsabiqəsində qalib gələn fransız dili kafedrasının əməkdaşları  Fransanın Bezanson şəhərinin Tətbiqi Dilçilik Mərkəzində 1 aylıq təkmilləşdirmə kursu keçmək hüququ qazanmış, III kurs tələbəsi Eşqi Camalov isə Parisə 10 günlük səyahət hüququ əldə etmişdir. Alman Akademik Mübadilə Xidməti ilə Alman dili kafedrasının büynəlxalq elmi seminar təşkil etməsi, ADA və Fransa səfirliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Forumda universitetimizin iştirakı, bu ilin yayında universitet tələbələrinin Kiprdə Akdeniz Universitetində “Arxeologiya” üzrə təcrübə keçməsi və s. onlarla faktlar universitetimizin beynəlxalq əlaqələrinə sübutdur.

Universitetimizdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il 10 nəfər müəllim fəlsəfə doktoru proqramı üzrə müdafiə etmiş, 3 nəfər elmlər doktoru elmi dərəcəsi, 10 nəfər dosent elmi adını almış, 5 dərslik, 10 dərs vəsaiti, 150-dən artıq proqram və metodik vəsait, 10 monoqrafiya çap olunmuşdur. GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir.

Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.

GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.  

Tələbə-tədqiqatçılar, tələbə-liderlər, tələbə-idmançılar, tələbə-musiqiçilər, tələbə-şairlər- bu adları qazanan bir çox tələbələrimiz var ki, onların yetişməsində həm professor-müəllim heyətinin, həm universitetin ictimai təşkilatlarının, həm də universitet həyatını işıqlandıran, istedadlı tələbələrə diqqəti yönəldən “Yüksəliş” qəzeti redaksiya kollektivinin rolu vardır. Biz dünya və Avropa cempionları olan idmançı, müxtəlif festivalların laureatları olan musiqiçi, respublika elmi konfransları və fənn olimpiadalarından diplomlarla qayıdan tədqiqatçı, yazıları şəhər və Respublika mətbuatında çap olunan şair tələbələrimizlə fəxr edirik.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və e-maili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetimizdə bütün imtahanlar test üsulu ilə kompüter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.  

Indi universitetdə yeni tədris ilinə ciddi hazırlıq işləri gedir. Məqsəd aydındır. Kollektiv istəyir ki, yeni dərs ilində daha səmərəli şəraitdə çalışsın, tələbələrin təhsili, asudə vaxtının təşkili daha yüksək səviyyədə həyata keçirilsin. Buna Gəncə Dövlət Universitetinin maddi və mənəvi potensialı imkan verir.

Firəngiz İdrisqızı
GDU-nun çoxtirajlı “Yüksəliş” qəzetinin müxbiri
Elçin Cavadov 
Gəncə Dövlət Universitetinin  dosenti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi