Modern.az

Universiteti bitirən gənc aktyorlar regionlara getmək istəmirlər

Universiteti bitirən gənc aktyorlar regionlara getmək istəmirlər

15 Aprel 2010, 18:26

 

Azərbaycan Media Mərkəzində region teatrlarında aparılan monitorinqlərin yekunu olaraq ictimai müzakirə keçirilib. İctimai müzakirələrdə Milli Məclisin üzvləri,  Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri, Mədəniyyət və İncəsənət Universitetinin mülləimləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictmaiyyət nümayəndələrinin iştirak edib. Tədbir Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi (RİHMM) bu ilin yanvarından icrasına başladığı «Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində baş tutub. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəsi çərçivəsində aparılan monitorinq Gəncə, Mingəçevir, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edib.

Monitorinqin nəticələri ilə bağlı məlumat verən RİHMM-in sədri X.Kazımov bildirib ki, region teatrlarının hamısı tamaşaçı azlığından əziyyət çəkir: «Biz monitorinqlərə Gəncə Dövlət Dram Teatrından başladıq.  Teatrda istilik sistemi yox səviyyəsindədir. İşıqlandırma sistemi və avadanlıqlar sovet dövründən qalmadır. Teatr rəhbərliyinin sözlərinə görə, uzun illərdir istehsalı dayapndığından hətta teatrda olan projektorların lampalarını tapmaq müşkül işə çevrilib. Teatrda geyim və dekorasiyaların köhnə olması yeni tamaşaların hazırlanmasında çətinlik yaradır.  Teatra sonuncu dəfə ixtisaslı gənc aktyor 80-ci illərin sonunda gəlib. Son vaxt işə götürülən 4 gəncdən cəmi biri ali təhsillidir. Teatra gələnlərə əvvəllər olduğu kimi nə yataqxanada yer, nə də əlavə güzəştlər nəzərdə tutulur. Teatrın gündüz tamaşısının qiyməti 1 manat, axşam tamaşasının qiyməti 2 manat olsa da, tamaşalarda ən çoxu 30-50 nəfər olur. Gəncə Dövlət Kukla Teatarının da bütün avadanlıqları köhnədir. 1 rejissor, 10 aktyorun çalışdığı teatrın tamaşaçıları əsasən orta məktəb şagirdləridir».

X.Kazımov Şəki Dövlət Dram Teatrının binasının ciddi təmirə ehtiyacı olduğunu vurğulayıb.

O, layihənin növbəti mərhələsində Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin sonuncu kurs tələbələrinin region tetarlarında işləmək istəməməsinin səbəbləri araşdırıldığını deyib: «Tələbələrlə aparılan müzakirələr nəticəsində məlum olub ki, diplom tamaşasının məşqlərini davam etdirən tələbələr arasında istedadlılar çoxdur. Amma onların heç biri universiteti bitirdikdən sonra regionlara getmək istəmir. Tələbələr bunu region tetarlarında  karyera qurmaq imkanlarının olmaması ilə izah ediblər. Tələbələr bildirir ki, əsas səbəblərdən biri gənc aktyorlara verilən məvaciblə yaşamağın qeyri-mümkün olmasıdır. Həm də nəzərə alınmalıdır ki, gənclər öz həyatlarını qurmalıdır. Qalmağa adi yaşayış yeri olmayan gənc aktyor 80-100 manat əmək haqqı ilə necə yaşaya bilər?”.

Millət vəkili Jalə Əliyeva respublikamızda teatrın hər zaman dövlət qayğısına ehtiyacı olduğunu bildirib: «Dövlət büdcəsindən mədəniyyət sahəsinə xeyli vəsait ayrılır. Ancaq bu, bir o qədər də yetərli deyil. Lakin biz bütün işləri dövlətin üzərinə ata bilmərik. Teatrların özləri də bu yönümdə müəyyən işlər görməlidirlər. Artıq insanların marağı teatrdan çox televiziyada göstərilən şou-proqramlara yönəlib. Dövlət teatrlarımızı təmir etsə də, bu, teatr sənətinin dirçələcəyinə işarə deyil. Çünki dövlət teatrı təmir edə bilər, ancaq əsər yarada bilməz. Son dövrlərdə Azərbaycanda hadisəyə səbəb olacaq yeni bir əsər yazılmayıb. Belə olan halda isə teatrın bugünkü inkişafından danışmaq bir az çətindir».

Xalq artisti Amalya Pənahova Azərbaycanda ən az maaş alan şəxslərin məhz teatr sahəsində çalışanlar olduğunu bildirib: « Xalq artisti adına layiq görülən və Akademik teatrda çalışan bir aktyorun 350 manat maaş alması bu sahə üçün ən yüksək qonorar hesab olunur. Ancaq etiraf etmək lazımdır ki, bu məbləğ əslində çox azdır və bir insanın bir aylıq gəlirini də tam qarşılaya bilməz. Məvacib problemi ilə bağlı məhsuldar şəxslərə müraciət edərkən isə, çox maraqlı bir cavab eşidirik. Artist ac olmalıdır, yoxsa yarada bilməz. İnanın, bu fikir məni həm güldürür və həm də kədərləndirir. Çünki ac olan artist nə yaradacaq axı? Olmaz ki, biz aktyora layiq olduğu dəyəri verək və ondan keyfiyyətli məhsul gözləyək».

Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Vəfa Novruzova teatrların inkişafı ilə bağlı bir sıra tədbirlərin görüldüyünü bildirib.

YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşunas Elçin Cəfərov bölgə teatrlarının durumu mütləq Dövlət Teatrları Sistemi ilə əlaqədə araşdırılmalı olduğunu bildirib.

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Vaqif Əsədov və Telman Əliyev isə gənclərə regionlarda şərait yaradılmasını vacib sayıb.

Modern.az

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir