Modern.az

Azərbaycanın Çexiyadakı səfiri: “Jurnalistlərlə dostluq axıra kimi olmalıdır, elə düşmənçilik də” - MÜSAHİBƏ

Azərbaycanın Çexiyadakı səfiri: “Jurnalistlərlə dostluq axıra kimi olmalıdır, elə düşmənçilik də” - MÜSAHİBƏ

23 Avqust 2013, 11:21

Tahir Tağızadə: “Bu peşədə effektiv olmaq üçün gərək maska geyinməyəsən…”


Tahir Tağızadə... Azərbaycanın Çexiyadakı fövqalədə və səlahiyyətli səfiri... Sadə, səmimi, mehriban insan… Jurnalistlər onu belə tanıyırlar. Tahir Tağızadə bizimlə söhbət zamanı vəzifəsini unutdu, insanlığını yox. Modern.az saytı səfir Tahir Tağızadə ilə müsahibəni təqdim edirik.

- Tahir müəllim sizi Azərbaycanda xoş gördük. İstərdim söhbətimizə Azərbaycan-Çexiya münasibətlərinin hazırki durumu ilə başlayaq. Ölkələrarası münasibət hansı səviyyədədir?

- Çexiya ilə Azərbaycanın ikitərəfli əlaqələri nəinki sıfır səviyyəsindən, ondan da aşağıdan başlamışdı. 2007-ci ildə səfirlik açılan zaman demək olar ki, iki ölkə arasında nə kifayət qədər intensiv iqtisadi əlaqələr, nə də səmərəli siyasi dialoq qurulmuşdu. İkitərəfli səfərlər yalnız Xarici İşlər Nazirliyinin müavinləri səviyyəsində baş tuturdu.
Ən əsas problem o idi ki, nə Çexiyada Azərbaycan barəsində kifayət qədər məlumatlar vardı, nə də Azərbaycanda Çexiya haqqında. Mənə elə gəlir ki, Çexiyada Azərbaycanı tanıtmaq daha asan  idi, nəinki Amerika və digər ölkələrdə. Amerikada Azərbaycan haqqında belə təəssürat var idi - kürü, Xəzərin statusu, neft, qaz, münaqişə, qaçqın və məcburi köçkünlər, xalça.
Çexiyada isə bunlar da yox idi. Yəni nəyisə söküb yenidən inşa etmək lazım deyildi. Münasibətlərin qurulması və Azərbaycanın tanıtımı sıfırdan başlanıldı. Hazırda özünüz də irəliləyişləri müşahidə edirsiniz, iki ölkə arasında ticarət mübadiləsi 1,5 milyard dolları keçib. Çexiyadan Azərbaycana gəlib-gedənlər çoxdur. Azərbaycandan da Çexiyaya verilən vizaların sayı artıq 10 mini keçib. Bunların arasında çoxnəfərli vizalar da var. Dialoq demək olar ki, bütün sahələrdə intensivdi.

- Diplimatik işinizi necə qurmusunuz?

-
Fəaliyyətimizin əsasını iki ölkə arasında əlaqələrin intensivləşdirilməsi, Azərbaycanın həmin ölkədə daha geniş və obyektiv şəkildə tanıdılması və əlaqələrin strateji səviyyəyə qaldırılması təşkil edir. Çexiyanın xarici işlər naziri Azərbaycana birinci səfəri zamanı bəyan etmişdi ki, iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakter daşıyır. Hazırda Çexiyanın yeni prezidenti bəyan edib ki, iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsini keçib, müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycanın Çexiyadakı diasporunun işi də bəzi obyektiv faktorlar üzrə razılaşdırılır. Bəzi digər dövlətlərdən fərqli olaraq azərbaycanlıların Çexiyada sayı o qədər də çox deyil. Mən işə başlayanda səfirlikdə qeydiyyata alınmış soydaşlarımızın sayı tələbələrlə birlikdə 250 nəfər idi. İndi söhbət 350-400 nəfərdən gedir. 

Əlbətdə bu, sayı on minlərlə olan diaspor deyil. Bunu nəzərə almaq lazımdır. Azərbaycanın tanıdılması üçün mədəni əlaqələrin qurulmasında, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərun yayılmasında diaspor tərəfindən görülən işlər çox mühümdir. Əslində səfirlik tərəfindən görülən işlərlə diasporun həyata keçirdiyi tədbirlər bərabər xarakter daşımalıdır. Bir-birini tamamlamalıdır. Və eyni zamanda bu işlər səfirlik tərəfindən kordinasiya olunmalıdır. Çünki, elə tədbirlər var ki, səfirlik birbaşa iştirak edə bilməz. Məsələn, Çexiyada məskunlaşmış ermənilər tərəfindən “qədim ölkə Arsax” adında fotoalbomun prezentasiyası keçirilmişdi. Səfirliyin işi ondan ibarət idi ki, bu tədbirə Çexiyanın hansısa rəsmi nümayəndəsi qatılmasın. Buna biz nail olduq. Amma deyə bilmərik ki, kifayətdir, biz öz istəyimizə  çatdıq, xeyr. Ona görə də tələbələrlə diaspor da iş aparmışdı. Onlar bu sərginin qarşısında piket təşkil etdilər. Həmin sərgiyə baş çəkənlərin sayı piketin iştirakçıları ilə maraqlananlara nisbətən qat-qat az idi.

- Çexiya ilə Azərbaycanın oxşar taleləri var...

-
Bəli, Çexiya Azərbaycan çox oxşardır. Tarixə nəzər salsaq, görərik ki, Çexiya şimal, cənub, şərq, qərb yollarınının kəsişməsində yerləşdiyinə görə, daimi olaraq daha böyük, daha güclü qonşuların diqqətini cəlb edib. İstər Müqəddəs Roma İmperiyası dövrü, istər Almaniya, istərsə də Sovet İttifaqı tərəfindən Çexiya hər zaman hədəfdə olub. Eyni taleyi Azərbaycan da yaşayıb.
Həm Azərbaycan tarixində, həm Çexiya tarixində ilkin müstəqillik dövrü çox qısa idi. Bizdə cəmi 2 il, çexlərdə 20 il. Hər iki halda nəticə qeyri-azad yaşam olub. Onlarda Almaniya işğalı, bizdə də rus ordusunun gəlməsi.. Nəhayət bu qeyri-azadlıq şəraiti sonda müstəqüilliyə qovuşmqala nəticələndi. Hər iki halda bu azadlıqlar insan qanı bahasına alındı. Çexlərdə və slovaklarda 1968-ci il hadisələri, bizdə isə 1990-cı ilin qara yanvarı...
Oxşarlıqlar çoxdur. İstər ərazi həcmi, istərsə də əhali sayı da həmçinin. Amma əsas məsələ budur ki, hər iki ölkədə bir tərəfdən azadlıq, o biri tərəfdən Avropaya inteqrasiya mövcuddur.
İki ölkə arasında əlaqələri yadınıza salıram. Birinci addımı atmaq lazım idi. İndi ölkələr arasında ideologiyalara əsaslanmış əlaqələrin vaxtı deyil. Hər iki ölkənin ideologiyalar əsasında qurulan əlaqələrinin çox pis təcrübəsi var. Ona görə biz obyektiv əlaqələri qurmalıyıq. Obyektiv əlaqələr də birinci olaraq iqtisadiyyat sahəsində əlaqələr, ikincisi də mədəniyyət, insanlararası əlaqələrin qurulmasıdır. Bunlara biz nail olmuşuq. Əlaqələrimiz böyükdür. Regionda Çexiya Azərbaycanın ən böyük ticarət partnyorları olaraq qalır. Düzdür, bizim əlaqələrimiz bir az qeyri-balanslıdır. Çexiyadan hələ ki Azərbaycana az mal gəlir, nəinki əksinə. Heç bir şey öz-özünə həll olunmur. O ki, qaldı insanlar arasında olan münasibətlərə, nəzərinizə çatdırım ki, ilk yarım ildə konsulumuz ayda 10 turist vizası vermişdi. İndi verilən turist vizalarının sayı ayda 150- 200-ə çatır. Bu da böyük nəticədir. Atdığımız önəmli addımlardan biri Brunoda Azərbaycan və Xəzəryanı Araşdırmalar Mərkəzinin yaradılmasıdır. Düzdür, orda hər şey istədiyimi kimi alınmırdı, bu səbəbdən də mərkəzi köçürtdük Avropanın ən qədim təhsil ocaqlarından biri olan Praqadakı universitetlərdən birinə. İndi bu mərkəz çox fəal və çoxsahəli fəaliyyət göstərir. Bu da iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük töhfəsini verir.

- Çexiyada azərbaycanlılara qarşı olan münasibət necədir? Dağlıq Qarabağ məsələsinin həllində Çexiyanın hər hansı bir rolu ola bilərmi?


- Bu barədə ən gözəl fikri Çexiyanın məşhur fotorqraflarından biri deyib. Çexiya radiosuna müsahibə verən zaman ondan Dağlıq Qarabağ haqqında soruşublar. O deyib ki, “mən siyasətçi deyiləm, tarixçi də deyiləm, amma bu problem 1938-ci il hadisədəindən heç də fərqli deyil”. Dağlıq Qarabağ məsələsində Çexiyanın rolu bir neçə faktorla ölçülür. Birincisi Çexiya NATO-nun üzvüdür. Çexiyanın təhlükəsizlik sahəsində siyasəti hardasa Brüssel tərəfindən məhdudlaşdırılır. İkinci məsələ Çexiyanın Avropa İttifaqının üzvü olmasıdır. Mənə elə gəlir ki, Çexiyanın ən gözəl və ən səmərəli iştirakı bu sahədə Avropa parlamenti və Avropa İttifaqı çərçivəsində ola bilər.
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, səfirliyimizin bu məsələrdə fəaliyyəti çox səmərəlidir. Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin xoşagəlməz çıxışından sonra biz mütəmadi olaraq həm mediadakı yazıları, həm də aparılan diskusiyaları çox böyük diqqətlə izləyirdik. Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı verilən rəylərin 65 faizi “Azərbaycan” deyir. Yəni bizim ölkənin xeyrinədir. 
Çexiyanın Qarabağ münaqişəsinin həllindəki təsirindən danışarkən demək lazımdır ki, Çexiya orta bir dövlətdir. Avropada aparıcı qüvvələrdən deyil. Amma prezident Miloş Zemanın çox gözəl ifadəsi var. O deyir ki, kiçik ölkələr öz mövqeyini, rəyini müdafiə etmək üçün birləşdirə bilərlər. Bəlkə də Çexiyaya heç kim qulaq asmır. Ancaq Çexiya, Macarıstan, Slovakiya, Bolqarıstan, Ruminiya kimi ölkələr birlikdə çıxış etsələr, onlara qulaq asmamaq olmaz. Avropa İttifaqının rolu hamımıza aydındır. Onun rolu münaqişənin həlli çərçivəsində birbaşa bərpa işlərinə aid olacaq.

- Tahir müəllim, Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bəyantlarının birində Azərbaycanı “Ailə diktaturası” kimi təqdim etmişdi. Bu bəyanat ölkələrarası münasibətlərə nə kimi təsir göstərdi?

- Düzdür, cənab Karel Şvartsenberq Azərbaycanla bağlı bir sıra xoşagəlməz ifadələr işlədib. Birincisi sizin dediyiniz idi, ikincisi isə Xocalı ilə bağlı idi. Son zamanlar onun çıxışlarında Azərbayacana toxunması təsadüf deyildi. Burda bir sıra faktorlar rol oynayır.
BMT-nin Baş Assambleyası çərçivəsində Çexiya o qrupdan idi ki, Fələstinin əleyhinə səs vermişdilər. Çexiya regionda İsrail tərəfdarıdır. Amma Karel Şvartsenberq İsrailə səfəri zamanı İsrailin xoşuna gəlməyən bəzi fikirlər səsləndirmişdi. Məsələn demişdi ki, sionizmin İsrail dövlətinin kənarında təbliğ edilməsi beynəlxalq terrorizmə bənzər bir şeydir. Yəni, Karel Şvartsenberqin sözləri nəinki Çexiyanın xarici siyasətini, həmçinin özünün rəhbərlik etdiyi nazirliyin siyasətini əks etdirmir. Amma bunun səbəbləri məncə bir neçədir. Bir dəfə Çexiya jurnalistləri məndən soruşmuşdular ki, “necə düşünürsünüz, bizim xarici işlər nazirində vətənpərvərlik hissləri varmı?”. Dedim ki, “var, amma təəssüflər olsun ki, onun vətənpərvərlik hissləri onu Çexiyaya yox, ayrı bir dövlətə bağlayır”. Bu, birinci məsələdir. Bu insan təəssüflər olsun heç bir zaman özünü Çexiya patriotu kimi aparmır və Çexiya maraqlarını güdmür.
Bu il Xocalı soyqırımı həqiqətlərinin Avropaya çatdırılması, Çexiya parlamentində xarici əlaqələr komitəsinin Xocalı soyqırımında ermənilərin addımlarını pisləyən yekdil qərar verməsi çox böyük addımlar sayılmalıdır. Və ilk dəfə olaraq Avropa İttifaqı parlamentləri səviyyəsində “Xocalı” və “soyqırımı” sözləri bir yerdə yazılmışdı.
Adə çəkilən o insan həqiqətən də çox böyük çətinliklə xarici siyasət məsələlərində öz yolunu tapır. Deyir ki, “mən elə bildim Xocalıda 600 yox, 60 nəfər həlak olub”. 
Mənə elə gəlir ki, biz Çexiyada siyasətçilər, alimlər, fərdi insanlar arasında baş verən diskussiyalara daha çox diqqət yetirməliyik.

- Çexiya parlamentində Xocalıyla bağlı qətnamə qəbul edilib. Bu qətnamə ilə Ermənistanı beynəlxalq məhkəməyə vermək olarmı?

- Bu sənəd Avropa İttifaqının üzvü olan bir ölkənin parlamentinin qərarıdır. Avropa ölkələrinin hamısının əks arqumenti ondan ibarət idi ki, “bağışlayın biz Avropa İttifaqı üzvüyük, bizdə xarici siyasət mövcuddur, biz buna fikir bildirə bilmərik”. Artıq bu arqument qüvvədən düşüb. Çexiya da Avropa İttifaqı üzvüdür. İstədiyimiz odur ki, elə bir şərait yaransın ki, ermənilər başa düşsün ki, vaxt keçdikcə onların tərəfdarlarının sayı azalır. Bu məsələdən kənarda duranların sayı artır. Azərbaycanı daha çox dövlətlər dəstəkləyirlər.

- Çexiyada erməni diasporunun vəziyyəti necədir. Azərbaycan diasporuna lobbiçilik lazımdırmı?

- Erməni diasporu Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, iki mindən çox adamdan ibarətdir. Bəzi məlumatlatlara görə isə ermənilər sayı 10 min nəfərdən çoxdu. Amma, söhbət saylarla həll olunmur. Koordinasiya olunmuş işlərdən söhbət gedir. Əgər desək ki, “ermənilər axmaqdır, heç nə edə bilmirlər” onda biz haqlı olmayacağıq. Mən Amerikada “907-ci düzəliş”lə bağlı şahidi olmuşdum ki, 10 minlərlə erməni bu məsələyə müdaxilə etmişdi. Bəzi məsələlərin təşkil edilməsində onlar aktivdirlər. Mənə elə gəlir ki, bizim ən böyük üstünlüyümüz elə məhz ondan ibarətdir ki, azərbaycanlı tələbələrin sayı erməni tələbələrin sayından çoxdur. Gənclərin çox olması müsbət haldır. Onlar gələcəkdə hər iki ölkənin siyasətini formalaşdıracaqlar. Çexlər çox realist insanlardır. Bizim tariximizdə oxşarlıqlar çoxsaylıdırsa, deməli iki ölkənin arasında kəsişmə nöqtələri daha çoxdur.

- Azərbaycan-Çexiya arasında mədəni əməkdaşlıq sahəsində vəziyyət necədir? Səfirlik bu sahədə hansı işləri görür?

- Biz çalışdıq ki, Azərbaycanın zəngin mədəni irsini çexlərə yaxınlaşdıraq. Bu illər ərzində biz Azərbaycan cazı, pop, xalq mahnılarını tanıtmağa çalışçışıq. Azərbaycan uşaqlarının rəsm sərgiləri açılıb, dəfələrlə gənc rəssamlarımız müsabiqədə yüksək yerlər tutub. Azərbaycan yazıçı və şairlərinin əsərlərinin çex dilinə tərcümələri təşkil olunub. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvəlatları” kitabını tərcümə etdik. Ondan sonra bir neçə kitabı çex dilinə tərcümə etmişik. Hazırda nəşrə Azərbaycan kulinariyası barədə kitab hazırlayırıq. Çalışırıq ki, bizim kitablar qeyri-siyasi xarakter daşısın. Məncə buna nail olmuşuq ki, Azərbaycan bir ölkə, etnos, tarixi xalq kimi siravi çex üçün neçə maraqlıdır.

- Tələbələrlə əlaqələriniz necədir?

- Biz tələbələrlə daimi olaraq əlaqədəyik. Onlarla müxtəlif tədbirlər təşkil edirik. Biz çalışırıq ki, Xocalıdan danışanda ancaq faciədən danışmayaq. Çexiyanın ilk prezidenti deyib  ki, “biz gələcəyi qurmaq istəyiriksə ,ancaq arxaya baxmaq olmaz, hərdən qabağa da baxmaq lazımdır”.  Biz istəyirik Çexiyada görsünlər ki, azərbaycanlıların ermənilərdən fərqi nə qədər böyükdür. Biz Xocalıdan danışanda həm keçmişi, həm bu günü təbliğ edirik.

- Uzun müddət Xarici İşlər Nazirliyinin mətbuat xidmətində çalışmısınız. Jurnalistlərlə əlaqələriniz qalıbmı?

- Gedəndə məndən soruşmuşdular ki, “bizimlə dostluğu davam etdirəcəksinizmi?” Dedim ki, “bu belə bir məslədir ki, jurnalistlərlə dostluq axıra kimi olmalıdır, elə düşmənçilik də”. Hər  zaman çalışmışam ki, mənə edilən xahişləri həyata keçirə bilim.
İndi mən uzaqdayam, insanların da başqa maraqları var. Dediyim kimi, jurnalistlərlə münasibətdə ya dost olursan ya, axıra kimi düşmən. Jurnalistlərlə danışmaq mənim üçün zövqvericidir. Həm sən yeni baxışları görürsən, yeni söhbətlər eşidirsən. İnsanlar bir-birindən yeni şeylər öyrənirlər. Mənim bir dostum var: indi Çexiyanın xarici işlər naziridir. O bu vəzifəyə gəlməzdən öncə də bizim dostluğumuz var idi. Hətta o ailəsi ilə Azərbaycanda qonağım olmuşdu. Ara–sıra oturur, kofe içir, söhbətləirdik. Hər zaman mənə deyirdilər ki, sən niyə geridə qalmış insanlarla dostluq edirsən? Mən də deyirdim ki, mənim üçün insanlıq önəmlidir, vəzifə yox. Zaman keçdi Y.Kohout xarici işlər naziri oldu. Bizim dostluq əlaqələrimiz yenə əvvəlki kimi davam edir.

- Mətbuat xidmətinin rəhbəri vəzifəsi səfir postuna yüksəlmənizdə nə qədər yardımçı oldu?

- Mənim böyük hobbim Yaponiya və fəlsəfəsinin tarixi, Yaponiyada ictimai fikrin inkişafıdır. “Samuray” sözünün necə əmələ gəlməsini yəqin ki, bilirsiniz. Əslində bu insanların adı ədəbi yapon dilində busidir. Busi qılınc daşıyanlardır. Orta əsrlərdən sonra onlar özləri özlərinə samuray adı qoyublar. Samuray xidmət edən insandır. “Səfir” sözünü mən buna bənzədirəm. Bizim işimiz ölkəmizin inkişafına xidmət etməkdir. Öz ölkəsinin maraqlarının qorunmasına xidmət etməkdir. Ola bilər ki, adı gözəldir. Amma elə də böyük vəzifə deyil. Bu böyük bir məsuliyyətdir. Cavabdehlikdir. Əsas çətinlik bundan ibarətdir.

- Azərbaycandan uzaqda yaşamaq çətin deyil ki?

- Bu mənim üçün problem deyil. Dili bilirəm. Çexiyanın musiqisini, ədəbiyyatını ürəkdən sevirəm. Bu peşədə effektiv olmaq üçün gərək yaşadığın ölkənin psixologiyasını, mentalitetini yaşamını sevəsən. Maska geyinməyəsən. Çexiyada bu maskanı geyinməyimə ehtiyac yoxdur. Çünki mən Çexiyanı sevirəm. Amma Azərbaycandan uzaqda yaşamaq çətindir. İnsititutu bitirəndən sonra uzun illər ölkədən kənar qalmam da buna kömək edir. İmkan dairəsində müəyyən vaxtdan sonra Azərbaycana gəlmək lazımdır. İnsan uzun müddət başqa yerdə qalanda köklərini itirir.
Mən artıq 6 ildir Çexiyadayam. Bu son il ərzində baş vermiş hadisələr o qədər həssas və gərgin idi ki, bunların həll yolunu tapmaq lazım idi. Çexiya seçkilərə hazırlaşır. Nəticələr yaxşı olsa, Azərbaycana xoş münasibət bəsləyən insanlar hakimiyyətə gələcək. Bundan sonra iki ölkə arasında münasibət daha da yaxşı, möhkəm olacaq.

- Qarabağ azad olunarsa ilk gedəcəyiniz yer hara olar?

- Şuşa. Mən Şuşada heç vaxt olmamışam. Şəkillərdəki dağıdılmış mənzərələr adamın ürəyini ağrıdır. Bu şəkillərdən mənim üçün ən ağrılıs Şuşa məsçididir. Onu bərpa olunmuş şəkildə görmək istəyirəm. Bu mənim arzumdur.  









İradə CƏLİL

Elçin MURAD

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir