Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya hazırlaşır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytı xəbər yayıb. Məlumata görə, səfər aprelin 20-də nəzərdə tutulub. Erməni lider qısamüddətli səfəri çərçivəsində Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcək.
Qeyd edək ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin intensivləşməsi ilə Rusiya və Ermənistan rəhbərləri arasında da həm prezidentlər, həm də XİN başçıları səviyyəsində “məsləhətləşmələr” müntəzəm xarakter almağa başlayıb. Sərkisyanın Moskvaya budəfəki səfəri gedişində Vaşinqtonda Amerika prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla aparılmış danışıqların da təhlil olunacağı istisna olunmur. Məlumdur ki, Ermənistan rəhbərliyi Qarabağ danışıqlar prosesində atacağı hər bir addımı Kremllə razılaşdırmaq istəyir.
Xatırladaq ki, Ermənstan və Rusiya liderləri sonuncu dəfə yanvarın 18-də Moskvada görüşüb.