Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində “Könüllülər” Kitabxana İctimai Birliyi və Cabir Novruz Mədəniyyət Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında, ictimai fikir tarixində, elmi-pedaqoji sahədə özünəməxsus yeri olan tanınmış qələm sahibi, publisist, aparıcı, qiraətçi, alim, pedaqoq, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin anadan olmasının 60, yaradıcılığının 40 illiyinə həsr olunmuş “Könlümün İlham pərisi” adlı ədəbi-bədii, musiqili tədbir keçirilib.
Öncə Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş Vətən oğullarının- Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra monitorda Q.Əsgərzadənin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirildi.
Qonaqları salamlayan Q.Əsgərzadə ürək sözlərini belə ifadə etdi: “60 yaşdan geriyə baxanda təhlil edəndə görürəm ki, 40 il böyük yaradıcılıq yolu keçmişəm. Bu müxtəlif sahələri əhatə edir. Həm rabitə sahəsində, həm elmi-pedaqoji sahədə, həm mətbuat, televiziya və radio sahəsində, eləcə də ictimai-siyasi və humanitar sahədə çalışmışam. Bu sahələrdə xalqıma, dövlətimə kiçik də olsa töhfələr bəxş etməyə çalışmışam. Neçə illərdir, şair, yazıçılar, ayrı-ayrı sənət adamları, elm və incəsənət xadimləri haqqında müxtəlif səpkili verilişlər hazırlayır, tədbirlər keçirirəm. Bu, mənə deməyə əsas verir ki, mədəniyyətimizin hamisi, əsl söz xiridarı Respublika Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva daim ədiblərin, sənətkarların, qələm əhlinin yubileylərinin keçirilməsi üçün müxtəlif tədbirlər silsiləsi həyata keçirir.
Hesab edirəm ki, bu gün mənə həsr olunmuş, təntənəli şəkildə Beynəlxalq Muğam Mərkəzində rəsmilərin geniş ictimaiyyətin eləcə də sənətsevənlərin iştirakı ilə keçirilən yubiley tədbiri də mənə həmin tədbirlər silsiləsinə daxildir.
Mən azad şəkildə, sülh şəraitində keşirilən bu yubiley tədbirinə görə cənab Prezidentə və 1-ci Vitse-prezidentə dərin təşəkkürümü bildirirəm.
Tədbirə dəvət olunan Azərbaycanın sayılıb seçilən ziyalıları-tanınmış elm və incəsənət xadimləri ürək dolusu çıxışlarında Yubilyarı təbrik etməklə yanaşı, ona yaradıcılıq yollarında bitib-tükənməyən uğurlar arzuladılar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair, əməkdar müəllim, “Şöhrət ordenli”, Prezident təqaüdçüsü Ofelya Babayeva Qafar Əsgərzadənin mətbuat və televiziya sahəsindəki fəaliyyətindən, ədəbi dilin təbliğindəki xidmətlərindən, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətindən bəhs edərək Yubilyara xoş arzularını bildirdi.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini əməkdar artist Rafiq Həşimov yubilyarı televiziya və radiodakı fəaliyyətindən geniş bəhs edərək yüksək qiymətləndirdi. Sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru, “Tərəqqi” medalçısı Rövşən Məmmədovun səmimi təbriklərini və xoş arzularını çatdırdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Ümumi Pedaqogika kafedrasının müdiri, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Q.Əsgərzadənin elmi-pedaqoji fəaliyyətindən, şəxsiyyət kimi söz açdı. Sonra ADPU-nın rektoru, tarıx elmləri doktoru, professor, “Şöhrət” ordenli Cəfər Cəfərovun adından Təbrik ünvanını Yubilyara təqdim etdi.
“Cabir Novruz“ Mədəniyyət Fondunun Prezidenti, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, professor Cavanşir Qurbanovun adından isə zəfərimizin simvolu olan “Dəmir Yumruq” Yubilyara Fondun Vitse-prezidenti Gültəkin Novruzova tərəfindən hədiyyə olaraq təqdim olundu.
Aktyor Toğrul Rza Müşfiqin ifasında B.Vahabzadənin “Yaşımdan gileyliyəm” adlı şeir tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Monitorda SSRİ Xalq artisti, Dövlət Mükafatı laureantı, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev”ordenli Zeynəb Xanlarovanın Yubilyar haqqında fikirləri nümayiş etdirildi.
Daha sonra monitor vasitəsilə Q.Əsgərzadənin müəllifi olduğu “Müşfiq və Dilbər”, “Nuri Paşa ilə Cəfər Cabbarlının görüşü” adlı səhnəciklər göstərildi.
Tədbir boyunca əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına “Dan Ulduzu” insturmental ansamblının müşaiyəti ilə sevilən incəsənət ustalarının xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Zakir Əliyev, müğənnilər- Nadir Qafarzadə, Rövşən Əziz, Vüsal Hacıyev, Nicat Cəfərzadə, Gülzar Fərəcova, Ayşən Mehdiyeva, Sədəf Budaqova, Sərxan Bünyadzadə, Elşən Cəfərzadə, Rasim Səfərın ifa etdikləri bəstəkar mahnıları tədbirə xüsusi rəng qatdı, rövnəqləndirdi.
Tədbiri idarə edən tanınmış televiziya aparıcısı Azər Süleymanlı peşəkarlıq nümayiş etdirərək onu daha baxımlı, daha maraqlı etdi.
Sonda Qafar Əsgərzadəni sevənlər Yubilyarla xatirə üçün foto-şəkillər çəkdirdilər.
Tədbir bütövlükdə Mədəniyyət Televiziyası ilə videolentə alındı.
Geniş oxucu marağını nəzərə alaraq, qısaca da olsa Qafar Əsgərzadənin keçdiyi həyat yolu haqqında məlumatı oxuculara təqdim edirik:
Qafar Ələsgər oğlu Əsgərzadə 1963-cü il Mart ayının 31-də Bakı şəhərində, məşhur Dağlı məhəlləsində anadan olub. Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində, ictimai fikir tarixində xüsusi yeri olan Nəzərlilər şəcərəsinə mənsubdur.
O, Yasamal rayonundakı 158 № li orta məktəbi, Bakı şəhəri 60№ li Texniki məktəbi fərqlənmə diplomu ilə, Azərbaycan Politexnik İnstitutunu və İnstitutun nəzdindəki 5 illik jurnalistika kurslarını bitirib.
O, həm ictimai, həm elmi-pedaqoji, həm də yaradıcılıq fəaliyyətini uğurla davam etdirir.
Qafar Əsgərzadənin 60 iliik həyatının 40 ili mətbuatla, televiziya və radio ilə bağlıdır. Hələ orta məktəb oturacaqlarından, ali məktəb vaxtlarından başlayaraq, yazıları dövri mətbuatda çap olunmağa başlayıb. “Politexnik” , “Azərbaycan müəllimi” və digər mətbu orqanlarında məqalələri ilə diqqət çəkən Qafar Əsgərzadə sonralar respublikamızın digər aparıcı, populyar mətbuat orqanlarında publisistik və digər yazıları ilə oxucuların rəğbətini qazanıb, imzasını tanıdıb.
Qafar Əsgərzadə 300-dən artıq publisistik, elmi, ədəbi və s. yazıların, neçə-neçə televiziya və radio verilişinin müəllifidir. Onun müəllifliyi ilə 5 kitab işıq üzü görüb. Bir çox təltifə layiq görülüb.
Qafar Əsgərzadə 1992-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışır. Bu illər ərzində 0, müxtəlif məsul vəzifələrdə çalışıb. Hazırda o, Cəmiyyətin Vitse-prezidenti, İdarəetmə Şurasının məsul katibi, Mərhəmət” jurnalının baş redaktorudur.
Çoxşaxəli yaradıcılıq yoluna malik Qafar müəllim uzun illərdir, Pedaqoji fəaliyyətlə də məşğuldur. Müxtəlif illərdə Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi gənc nəslin maariflənməsinə, tərbiyələnməsinə xidmət göstərir.
Qafar Əsgərzadə həm də alimdir. O, “Yuxarı sinif şagirdlərinin estetik mədəniyyətinin yüksəldilməsinə televiziya verilişlərinin təsiri” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Dissertasiya mövzusu pedaqoji yönümdə respublikada ilk dəfə Qafar Əsgərzadə tərəfindən tədqiq olunub.
Hələ gənc ikən Qafar Əsgərzadənin fəallığı Azərbaycanın görkəmli ədiblərinin diqqətindən kənada qalmayıb. Elə Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı o zaman Azərbaycan parlamentinin sədri olmuş Süleyman Rüstəm Qafar Əsgərzadə yaracılığına belə qiymət verib: “ Qafar Əsgərzadə səriştəli, bilikli, bacarıqlı bir gəncdir. O, klassik və müasir ədəbyyatımızı dərindən bilir, onu məharətlə təbliğ edir. Qafar öz doğma ana dilini, Vətənini, millətini, xalqını, el-obasını sevən dəyərli ziyalıdır. Mən onun parlaq, uğurlu gələcəyinə inanıram “. Bəli, Xalq şairi həqiqətən də sözlərində haqlı olub!
Qafar Əsgərzadənin jurnalist fəaliyyəti təkcə mətbuatla, qəzet və jurnalla kifayətlənmir. O, uzun illərdir, radio və televiziya jurnalisti və aparıcısı kimi də tamaşaçıların rəğbətini qazanıb. Daim, ustadı hesab etdiyi Mailə Muradxanlı Qafar müəllim haqqında belə deyib: “Qafar Əsgərzadə sevilib, sayılan-seçilən jurnalistlərdəndir. O öz yüksək mədəniyyəti, tərbiyəsi, savadı, alicənablığı ilə daim diqqət çəkir. Onu digər jurnalistlərdən fərqləndirən cəhət odur ki, Qafar həm qəzet, jurnal, həm də radio və televiziya jurnalistidir. Bu, heç də hər jurnalistə nəsib olmur. Ədəbi dilə mükəmməl yiyələnməklə o, həm aparıcı, həm də mahir qiraətçi kimi özünü təsdiq etməyə müvəffəq olub. Qafar həm də etibarlı, sabitqədəm dostdur. Mənim ona daim hörmətim, rəğbətim vardır. Mən ona bir şəxsiyyət kimi böyük önəm verirəm”.
Bəli, geniş ictimaiyyət Qafar müəllimi televiziya jurnalisti və aparıcısı kimi tanıyır. Ömrünün 40 ilini Milli Televiziyamıza həsr edib. Onlarla verilişi milli televiziya və radiomuzun fondunu bəzəyir.
Q.Əsgərzadə bu gün də gənclik şövqi ilə yaşayıb, yaradır. Ona bu yaşda möhkəm can sağlığı, yeni yeni yaradıcılıq uğurları arzulayırıq.
Şair Fəxrəddin Meydanlının Qafar Əsgərzadəyə həsr etdiyi bayatıları Sizə təqdim edirik.
Su yol alar axara,
Təbibdi dərdə çara,
Gülyazın təbrikləri
Vardır əziz Qafara
Varam gözəldə naza,
Aşıq, mizrab vur saza.
Əziz Qafar dostumuz,
Çıxasan yüz bir yaza
Dağ başı bəyaz qardı,
Ağacda meyvə bardı.
Sənətə qiymət verən,
O da bizim Qadardı.
Gör götür ad-sanlıdan,
Buzim vətəncanlıdan.
Qafarçün bu bayatı
Fəxrəddin Meydanlıdan
Azadə Əsgərzadə