Qırğızıstanın müvəqqəti hökumətindən devrilmiş president Kurmanbek Bakiyevə ağır ittiham. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Kurmanbek Bakiyev ailəsi inqilab ərəfəsində ölkədən 200 milyon dollar çıxara bilib. Bu barədə müvəqqəti hökumət başçısının müavini Azimbek Beknazarov bildirib. O qeyd edib ki, Bakiyev ailəsi aprelin 6-da (iğtişaşlardan cəmi bir gün qabaq-Modern.az) “Aub-bank” vasitəsi ilə 200 milyon dolları Qırğızıstandan kənara apara bilib. Beknazarov təhqiqat gedişində bu rəqəmin artmasını istisna etmir. Yeni hökumətin məlumatına görə, “Aub-bank”a Bakiyev ailəsi nəzarət edib.
Modern.az-ın ən son məlumatına görə, qırğız “spesnaz”ı Bakiyev ailəsinin Cəlalabad vilayətindəki evini mühasirəyə alıb. Yeni hakimiyyət devrilmiş prezidentin qardaşı Dövlət Mühafizə xidmətinin rəisi Janık Bakiyevi həbs etmək istəyir. Əldə olunan məlumata görə isə general Bakiyev ölkədən qaçıb.
Bu gün yeni hakimiyyət Bakiyev ailəsinə sığınacaq verə biləcək MDB ölkələrini xəbərdar edib. Müvvəqəti hökumət bəyan edib ki, Bakiyev ailəsinə sığınacaq verən ölkənin müvəqqəti hökumətlə problemləri olacaq. Yeni hökumət başçısının müavini Beknazarovun sözlərinə görə, Bakiyev ailəsinə sığınacaq verən ölkənin Qırğıztanla “çox ciddi” problemləri olacaq. O, əmin olduğunu bildirib ki, MDB ölkələri Bakiyevə sığınacaq verməyəcək.