Modern.az

Bəxtiyar Hacıyev: “Mən namizədə oxucusu olmayan qəzetdən niyə aşağı qiymət deməliyəm ki?!” - MÜSAHİBƏ

Bəxtiyar Hacıyev: “Mən namizədə oxucusu olmayan qəzetdən niyə aşağı qiymət deməliyəm ki?!” - MÜSAHİBƏ

Müsahibə

28 Avqust 2013, 12:49

“Əsas məqsədim bu işimlə seçici aktivliyini artırmaqdır”

Gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin seçkiqabağı təşviqat kampaniyası aparmaq istəyi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməsi ictimaiyyətdə maraqla qarşılanıb. B.Hacıyev öz Facebook profilində prezidentliyə namizədlərə ödənişli təşviqat imkanları (örtük və profil fotolarının dəyişməsi, foto, video və status paylaşmaq və s) təklif edib.

Özü-özlüyündə sosial şəbəkələrdə təbliğat-təşviqatın aparılması yenilik olduğundan hamı MSK-nın Bəxtiyar Hacıyevə verəcəyi cavabı maraqla gözləyir. Modern.az MSK-nın verəcəyi cavabdan öncə Bəxtiyar Hacıyevdən prezidentliyə namizədlərin təbliğatının necə aparacağı ilə bağlı qısa müsahibə aldı. 

– Prezidentlərə namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparmaq üçün MSK-ya müraciət etmisiniz. Hətta bununla bağlı qiymətlər də açıqlamısınız. Məqsəd nə idi?

– MSK-ya ünvanlanan məktub sosial şəbəkədə mənim şəxsi statusumla bağlı idi. Burada söhbət mənim hansısa namizədin öz şəxsi səhifəmdə təbliğatının aparılmasından gedir. Burada isə məqsəd bu idi ki, hansısa xəbər saytı və ya qəzetin manşet xəbəri 60 dəfə oxunursa və onlar KİV sayılırsa, həmin qəzetlər öz saytlarında reklam üçün 20 min manat qiymət qoyublarsa, mən də başqa bir sual qaldırdım ki, əgər manşet xəbəri 60 dəfə oxunan qəzet və ya sayt KİV sayılırsa, minlərlə insan tərəfindən oxunan hansısa Facebook profili kütləvi informasiya vasitəsi sayılır, yoxsa yox? Yəni bir məktubla hamının diqqətini buna cəlb etmək istəmişəm. Həm də qiymətlərin baha olduğunu qeyd edərək, namizədləri sosial şəbəkələrdən daha çox istifadə etməyə çağırmışam. Digər məsələ isə namizədlərin ümumi təbliğat-təşviqat kampaniyalarının qurulmasıdır. Bununla bağlı biz bir neçə namizədə təklif göndərmişik və onlardan şifahi razılıq aldığımız insanlar var. Həmin namizədin təbliğatını onun seçki komandası ilə daha fərqli şəkildə aparmağı planlaşdırırıq.

– Komandanız kimlərdən ibarətdir?

– Özümə məxsus şirkət adından bu təbliğatı aparıram. Amma çalışdığımız “Bakı dizayner”də proqramçı və Amerikada seçki üzrə konsaltinq xidməti göstərmiş insanlar var. Həmin insanlarla bərabər şəkildə təbliğat-təşviqat aparmaq istəyirik.

– Namizədlərdən kimlərin təbliğatını aparmaq üçün razılıq almısınız?

– Artıq bir nəfər namizədin şifahi razılığı var. Bir neçə nəfər də deyib ki, “biz hələ ki, qeydiyyatı gözləyirik. Qeydiyyatdan keçəndən sonra bu barədə nə isə deyə bilərik”.

Həmin namizədlər kimlərdir?

– Bunu özləri desələr yaxşı olar.  

– Təbliğat-təşviqat kampaniyasının aparılması üçün qiymətləri də açıqlamısınız. Sizcə, Azərbaycan reallığında həmin qiymətlər baha deyil ki?

– Görünür, bizim xalqın yumor hissində problem var. Mən bunu yazanda izahını da vermişdim. Əgər “İki sahil” qəzetinin manşet xəbəri cəmi 60 dəfə oxunursa və onlar ödənişli təbliğat üçün 20 min manat tələb edirlərsə, minlərlə insanın gördüyü, oxuduğu Facebook profilimdə 30 min tələb etməyə haqqım çatır. Yəni burada məqsəd mənim 30 min tələb etməyim deyil. Məqsəd xəbərinin 60 dəfə oxunduğu bir qəzetin 20 min tələb etməsidir. Hesab edirəm ki, normal müşahidəçi üçün aydın olmalıdır ki, mən dayandığım yerdə Mərkəzi Seçki Komissiyasına müraciət etməmişəm. Gördüm ki, ziyarətçi sayı demək olar ki, mövcud olmayan qəzet saytları ödənişli təbliğata 20-25 min manat tələb edirlərsə, mən də daha da diqqət cəlb etmək üçün 30-20 min manatla təbliğat aparmaq təklifi ilə çıxış etdim.

Prezident İlham Əliyevin təbliğatını aparmaq üçün müraciət edəcəksinizmi?

– Yəqin ki, YAP namizədinin maliyyə imkanları kifayət edir ki, onlar xarici mütəxəssislərə və daha çox pul tələb edən insanlara müraciət etsinlər. Çox güman ki, onlar bizə müraciət etməyəcəklər. Odur ki, bu barədə müzakirə aparmırıq.

– Özünüz hansı namizədin təbliğatını aparmaq istəyərdiniz?

– Mənim hansısa namizədin təbliğat-təşviqatını aparmaq həmin namizədə dəstək vermək demək deyil. Bu işə peşəkar yanaşma göstərmək istəyirəm. Mənim üçün namizədin adının, soyadının heç bir fərqi yoxdur. Çalışıram ki, Azərbaycanda rəqabətli, maraqlı, seçki mühiti yaransın. İnsanlar seçki mədəniyyətini unutmasınlar. Ümumiyyətlə son illər müşahidə edirəm ki, insanlarda ruh düşkünlüyü və seçki institutlarına inamsızlıq var. Bunu ardan qaldırmağın yollarından birini namizədlərin maraqlı kampaniyalar aparmasında görürəm. Belə kampaniyalar aparmaqla növbəti seçkilərdə seçici aktivliyini artırmaq olar. Burada marağım budur. Ödənişin tələb olunmasının əsas səbəbi isə odur ki, namizədə  pulsuz təbliğat təklif edəndə hesab edirlər ki, bunun keyfiyyəti yoxdur.

– Qohumunuz Hafiz Hacıyevin necə, təbliğatını aparmağı düşünürsünüzmü?

– Yox. Onun özü öz təbliğatını yaxşı aparır.

Gültəkin ƏLƏSGƏR    

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi