Modern.az

QHT Şurasından müraciət: “Bu məsələyə qəti şəkildə etiraz bildirilməlidir”

QHT Şurasından müraciət: “Bu məsələyə qəti şəkildə etiraz bildirilməlidir”

Qarabağ

28 Avqust 2013, 14:34


“Rusiyanın “Oporo” adlı qeyri-hökumət təşkilatının vitse-prezidenti Pavel Siqalın işğal altında olan Azərbaycan ərazisinə icazəsiz səfər etməsi və separatçı rejimə dəstək verməsi bizim tərəfimizdən qətiyyətlə pislənilir”. Bunu Modern.az saytına açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov “Opora” qeyri-hökumət təşkilatının rəhbərliyinin işğal altında olan Azərbaycan torpaqlarına səfərinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu addım Azərbaycanın daxili işinə qarışmaq cəhdidir. “Bilirik ki, QHT-lər ictimai problemlərin həllində çıxış edirlər. Amma bu, heç də o demək deyil ki, hansısa bir xarici ölkənin təşkilatı Azərbaycan dövlətinin icazəsi olmadan onun ərazisinə soxulsun. Dağlıq Qarabağdakı separatçı bir quruma dəstək xarakterli bəyanat və layihələrlə çıxış etsin. Bu cür hallar yolverilməzdir”-deyən QHT Şurası rəsmisi əlavə edib ki, məsələyə qəti etiraz edirlər.

O, ölkəmizdəki QHT-lərə də müraciət ünvanlayıb. “Azərbaycan QHT-ləri də məsələyə qəti şəkildə etirazlarını bildirməlidir. QHT-lər öz etiraz bəyanatlarını səsləndirməlidir. Çünki bu cür proseslərin qarşısı alınmasa və ictimai reaksiya olmasa, beynəlxalq aləm tərəfindən adi hal kimi qiymətləndiriləcək”-deyə F. Qurbanov qeyd edib.

Rusiyadakı “Opora” qeyri-hökumət təşkilatının rəhbərliyi işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Təşkilatın vitse-prezidenti Pavel Siqal qondarma qurumun “hakimiyyət nümayəndələri” və sahibkarlarla görüş keçirib. QHT nümayəndəsi görüş zamanı qeyd edib ki, işğal altında olan bu bölgəyə inkişaf proqramı təqdim etməyi planlaşdırır. Planın kiçik və orta sahibkarlığın inkişafına yönələcəyi vurğulanıb.

Aqşin Kərimov

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub