Modern.az

“NATO-nun generalı dedi ki, gedin, Qarabağı özünüz azad edin” - MÜSAHİBƏ

“NATO-nun generalı dedi ki, gedin, Qarabağı özünüz azad edin”  - MÜSAHİBƏ

29 Avqust 2013, 11:22

Elman Məmmədov: ““Məğlub” sözünü bayrağımızın, dövlətimizin, ordumuzun üstündən götürməliyik”

Milli Məclisin Xocalıdan olan deputatı Modern.az saytına müsahibə verib.

- Elman müəllim, 20 ildən çoxdur Azərbaycan torpaqları Ermənistanın işğalındadır. İşğal faktının uzanması bizim üçün nə deməkdir? Qarabağı görməyən və “Qarabağ bizimdir” deyən 20-25 yaşlı Azərbaycan gənci ilə, Qarabağı görüb, “Qarabağ bizimdir” deyən, orda yaşayan 20-25 yaşlı erməni gəncini necə müqayisə edərdiniz?

- Bu acı bir həqiqətdir. Amma biz bunu etiraf etməliyik ki, bu tək bizə aid olan məsələ deyil. Tarixin müxtəlif dövrlərində bu, belə olubdu. Bu torpaqların üzərində kim yaşayırsa, o torpaq onun vətəni hesab olnur. Söhbət burda kimdənsə getmir. 22-23-il çox uzun müddətdir. Bu gün 23-25 yaşında olan gənclər televiziyada gedən verilişlərdən, kitablardan bu haqda xəbərləri izləyə bilirlər. Bu yaşda olan və bu torpaqlarda böyüyüb boya-başa çatan erməni uşaqları da elə bilirlər ki, bizim torpaqlarımız onlarındır. Biz bəzən deyirik ki, zaman xeyrimizə işləyir. Amma mən bunun əksini düşünürəm. Hər keçən gün bizim əleyhimizə işləyir. Ermənilər 20 ildir ki, tək Qarabağda deyil, bütün işğal olunmuş ərazilərdə məskunlaşıblar. Onlara orada evlər tikilir, yaşayışları üçün şərait yaradılır, yerli banklarda hətta adlarına pul yatırılır. Bunlar bütün beynəlxalq təşkilatların gözü qarşısında baş verir. ATƏT-in və BMT-nin də bunlardan xəbəri var. Biz bu illər ərzində Qarabağda baş verənlərə etiraz edirik. Bəzən beynəlxalq təşkilatlar bunu qəbul edirlər, gözdən pərdə asmaq üçün həmin hadisələrə qarşı çıxırlar. Amma həqiqətdə ermənilərə himayədarlıq edirlər.
Son dövrlərdə Livandan, Suriyadan Qarabağa nə qədər ermənilər gətirilib məskunlaşdırılıb... Biz bunların qarşısını ala bilmirik, çünki o torpaqlar işğal altındadır. Amma olanlara müdaxilə edə biləcək beynəlxalq təşkilatlar ermənilərlə birlikdə buna rəvac verirlər, bəlkə də onlara kömək də edirlər. Məsələnin digər bir tərəfi də var. 20 ildən çoxdur ki, bu təşkilatlar, dünayada güc sahibi olan dövlətlər bizə məsləhət verməklə məşğuldurlar: “Səbrli olun. Bu məsələ sülh yolu ilə həll olunmalıdır, müharibə etmək olmaz”. Bizim başmızın altına yastıq qoyanlardan soruşuram, əgər 20 ildən artıq bir müddətdə sənin torpaqların işğal altında olsa idi, sən də bu dözümü göstərə bilərdinmi? Və yaxud sənə bu sözü deyənə nə cavab verərdin? Doğma torpağı işğal altında olan məcburi köçkün kimi bu sözü deyəndə ermənilərə qarşı hansı fikirdəyəmsə, eyni münasibət bu təşkilatlara qarşıdır. Bu insanlar nə qədər riyakar olacaqlar? Onlar bizə “dözümlü olun” deyə-deyə işğal faktını əbədiləşdirib, bizi bununla barışmağa çağırırlar. Onların bir daxması düşmən tapdağı altında olsaydı, bütün güclərini ortaya qoyardılar. Onlar bizə hansı insan haqlarını və demokratiyanı əsas gətirərək ağıl və tövsiyə verirlər? Bəlkə bu işğal altında olan müsəlman torpağı olduğu üçün bu məsləhəti verirlər ki, “bir az da səbr edin”.
- Sizə elə gəlmir ki, xarici qüvvələrdən gözləntiləriniz həddən artıqdır?

- Azərbaycan torpaqları 20 ildən artıqdır ki, işğal altındadır. Bu məsələnin üstündən 100 il də keçsə, xarici təşkilatlar heç bir iş görməyəcək. Onlar bizim torpaqları işğaldan azad etmək üçün mütləq deyil ki, canfəşanlıq etsinlər. Bu tamamilə yanlış fikirdir. İşğal altında olan torpaqlar bizimdir. Biz deputatlarla Brüsseldə NATO-nun baş qərargahında olan zaman mən onlara çox ciddi irad tutdum. Biz daha nə qədər səbir etməliyik, bu məsələlər sülh yolu ilə həll olunmayacaqsa, biz torpaqlarımızı müharibə yolu ilə almalıyıq. Bu zaman NATO-nun bir genaralı əsəbi halda, “Axı siz bizdən nə istəyirsiniz? Biz sizə gəlib torpaq alıb verməliyik? Torpaqlarınızı özünüz işğaldan azad etməlisiniz” deyə, kəskin şəkildə bizə cavab verdi. Artıq biz dövlət olaraq başa düşdük ki, nə BMT, nə başqa təşkilatlar gəlib bizə torpaq alıb verəcək. Bu torpaqlar bizimdir və biz torpaqlarımızı erməni işğalçılarından bugünkü gücümüzlə, nüfuzumuzla azad etməliyik. Onlara arxayın olmalı deyilik ki, gəlib bizə torpaq alıb verəcəklər.
 - Siz BMT-nin adını vurğuladınız. Bizdə əsasən beynəlxalq sənədlərdə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edilir. Bu 4 qətnamədə Ermənistanın adı cəmi bir dəfə çəkilir, bu da epizodik şəkildə. Hətta BMT Təhlükəsizlik Şurasının qətnaməsi yerinə yetirilsə belə, Ermənistana qarşı bir şey edilməyəcək.
- Doğrudur, bu qətnamənin tam mətni ilə tanış olmayan insanlar bunu əldə bayraq edirlər. Sənədi diqqətlə oxuyan hər kəs biləcək ki, onun içərisində tutarlı heç nə yoxdur. Burada Ermənistanın adı bir dəfə çəkilir. İkinci bir tərəfdən isə BMT iki-üç dövlətin əlində muzdlu bir qurumdur. Yəni istənilən vaxt o dövlətlərin təzyiq və göstərişi ilə bu qurum nə qərar desən, qəbul edəcək və onun icrası üçün də qərar verəcək. Əgər onu idarə edənlər istəsələr...
Mən bu qurumun fəaliyyətindən heç nə gözləmirəm. O zaman biz nəsə deyə bilərik ki, burada qəbul olunan qərarın icrasına Amerika və onun ətrafında olan dövlətlər əməl etsinlər. Hansısa dövlət və onun ətrafında olanlar bunu istəməyəndən sonra bu qurumun fəaliyyəti “kəsərsiz, korlaşmış balta” kimi bir şeydir. Digər tərəfədən, istər BMT, istərsə də ATƏT olsun, onların hər zaman Qarabağ məsələsində pərdəarxası bir rolu var. Onlar hərbi problemi həll etmək deyil, bu problemin həll olunmasını əngəlləmək üçün yaradılıb. Bütün fəaliyyətləri ondan ibarətdir ki, Qarabağ problemi həll olunmasın və bu regionda hegemonluq etsinlər. Bu problemdən istifadə edərək onlar bizim regionu təsir dairələri altında saxlamaq fikrindədirlər.
Rusiya, Amerika, Avropa dövlətləri belə istəyir. Onların 20 ildə gördüyü işləri bir-bir analiz etsək, görərik ki, həqiqətən bu problemin həllini əngəlləmək üçün fəaliyyət göstərirlər. Çünki bu problemin özü Cənubi Qafqaz regionunda onların öz məqsədlərini həyata keçirməsi üçün bir növ koridor rolunu oyanır. 1 milyon qaçqın-köçkünü olan Azərbaycan bundan sonra hansı güzəştləri etməlidir? Daha bir-iki rayonu da verməlidir? Bizim beynəlxalq təşkilatlardan bir istəyimiz var ki, doğma torpaqlarımızın bizə qaytarılmasında yardımçı olsunlar. Amma onlar ermənilərin həmin ərazidən çıxmasına mane olurlar. Onlar ermənilərə qarşı heç bir güc tətbiq etmirlər. Birdəfəlik anlamalıyıq ki, torpaqlarımızı özümüz azad etməliyik. Torpağı o yurdun sahibi azad etməlidir, özümüzdən başqa bizə heç kim yardım etməyəcək. Müharibə yolu ilə bizdən alınan torpaqlarımız müharibə yolu ilə də işğaldan azad olunmalıdır. Bunun ikinci bir yolunu mən görmürəm. Bu tarixlərin sınağından keçmiş bir sübutdur və belə də olmalıdır. Biz bu ləkəni, töhməti xalqın başının üstündən götürməliyik. Bayrağımız müxtəlif təşkilat və dövlətlərdə dalğalanır, amma o bayrağın üstündə “məğlub bayraq” damğası var. Bu gün bizim güclü ordumuzun üstündə ən müasir silahlarla təmin olunduğu halda “məğlub ordu” damğası var. Biz bu “məğlub” sözünü bayrağımızın, dövlətimizin, ordumuzun adının üstündən götürməliyik. Torpaqlarımızı işğaldan azad etməyin tək bir çıxış yolu müharibədir. Qorxmadan, çəkinmədən işğal olunmuş torpaqlarımızı geri qaytarmalıyıq.

- Azərbaycan cəmiyyəti bu mənada sizi qane edirmi?
- Cəmiyyəti buna hazırlamaq lazımdı. Xalqda, millətdə mübarizlik ruhu tərbiyə etmək lazımdı. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, hansı telekanalı açırsan “məşhurlar”a daha çox yer verilir. Nə qədər çalıb-oynamaq olar. Bu millətin başını belə şeylərlə yormayaq. Vətənpərvərlik mövzusunda olan verilişlərin sayını çoxaltmaq lazımdı. Bakının hansısa bir küçəsində müharibəni əks elətdirən bir reklama rast gəlmək mümkün deyil. Hər bir Azərbaycan gənci düşünməlidir ki, onun torpağı işğal altındadır. Və ilk məqsədi də bu torpaqları düşmən tapdağından azad etmək olmalıdır.

- Siz Milli Məclisdə də bu reklam məsələsini qaldırmışdınız. Bu məsələlər müsbət yöndə öz həllini tapmadı.

- Buna ancaq təəssüf etmək olar.

Pərvin ARZUQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır