Avstraliyanın Sidney şəhərində türk-azərbaycanlı gənclər bir qrup erməninin qondarma “soyqırım” nümayişinə kəskin təpki göstərib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ermənilər Türkiyənin Sidneydəki baş konsulluğu qarşısında qondarma “soyqırım” nümayişi keçirməyə cəhd edib. Ermənilərin bu fitnəsindən əvvəlcədən xəbərdar olan türk və azərbaycanlı gənclər isə əllərində Türkiyə və Azərbaycan, eləcə də Avstraliya bayraqları tutaraq baş konsulluq binası önündə ermənilərlə üz-üzə gəlib. Başkonsulluq binası qarşısında gərgin anlar yaşanıb. Avstraliya polisi tüklər və ermənilər arasında arzuolunmaz toqquşmanın qarşısını ala bilib. Türk və azərbaycanlı gənclər ermənilər əleyhinə şüarlar səsləndiriblər. Onlar “1915 Böyük yalan, əsil soyqırım Xocalıda, Qarabağda” şüarı səsləndiriblər.
Əldə olunan məlumatlara görə, erməni gənclər hər il Türkiyə başkonsulluğu binası qarşısında Türkiyə əleyhinə oxşar aksiyalar keçirir. Bu dəfə isə Avstraliyada yaşayan ermənilər bu aksiyanı dəstəkləməyib. Avstraliya polisi havadan vertolyot vasitəsi ilə türklər və ermənilər arasında yaşanan olayı diqqətlə izləyib. Qarşıdurmadan öncə Türkiyənin Sidneydəki baş konsulu Renan Şəkəroğlu türkləri təxribatlara uymamağa çağırıb. Şəkəroğlu Avstraliya polisinə də mümkün qarşıdurma hallarının qarşısını almağa çağırıb.