Modern.az

Türkiyənin Azərbaycandakı səfiri: “Qoltuğumda gəzdirdiyim qovluq Qarabağ məsələsi ilə bağlı idi” - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfiri: “Qoltuğumda gəzdirdiyim qovluq Qarabağ məsələsi ilə bağlı idi” - MÜSAHİBƏ

Müsahibə

2 Sentyabr 2013, 08:29


Modern.az saytının suallarını Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun cavablandırır.

- Cənab səfir, Türkiyə və Azərbaycan arasında xüsusi bir bağlılıq mövcuddur. Bu münasibəti gələcəyə daşımaq üçün iki dövlətin üzərinə hansı vəzifələr düşür?

- Əvvəlcə bir Azərbaycana, bir Türkiyəyə və bir də Azərbaycan üçün Türkiyə nə ifadə edir ona nəzər yetirmək lazımdır. Bu işin önəmli tərəfi Türkiyə və Azərbaycanın qardaşlıq əlaqəsidir. Hər zaman bu barədə çox danışırıq, qardaşlıqdan, bir millət-iki dövlət olmaqdan bəhs edirik. Amma bunun nə məna verdiyi haqqında yetərincə danışırıqmı?
Çox tez-tez eşitdiyimiz şeylər mənasını itirə bilir. Amma bizim qardaşlığımız mənasını itirməməlidir. Çünki dünyada Türkiyə və Azərbaycan kimi münasibət saxlayan iki ayrı dövlət yoxdur. Amerika ilə İngiltərə, Amerika ilə İsrail münasibətləri Azərbaycan və Türkiyə münasibətləri kimi oxşardeyil. O cümlədən də digər dövlətlər... Biz sizinlə ayrı dövlətlərdə yaşayan qardaşlarıq.

- Eks-prezident Əbülfəz Elçibəy Türkiyə-Azərbaycan münasibətləri haqqında belə demişdi: “Biz dost deyilik, dostlar sonradan qazanılır”...

- Bu həqiqətən belədir. Mənim mərhum Elçibəy qədər bacarığım yoxdur, amma mən sizə onun dediklərini izah etməyə çalışıram. Kənardan baxanda Azərbaycan parlayan bir ulduza bənzəyir. Mən bunu romantik səslənməsi üçün demirəm, gördüklərimi sizinlə paylaşıram.  Rəqəmlərə və ölkədəki vəziyyətə baxıram. Azərbaycan 70 milyard dollarlıq bir iqtisadi gücə çatmış və adambaşına düşən milli gəlirini 7 min dollarların üzərinə çıxarmışdır. 10 ildə haradan haraya gəlmişdir, bunu düşünmək lazımdır. Yoxsulluqla çox ciddi mübarizə aparılır, infrastrukturunu çox yaxşı inkişaf etdirib, dünyada həm iqtisadi, həm də siyasi olaraq özünə bir yer qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasında rol ala bilən bir ölkədir. 
Biz elə bir Azərbaycandan danışırıq ki, BTC, Şahdəniz, Bakı-Tiflis-Qars kimi layihələrin hamısının mərkəzində dayanır.
Bir tərəfdə belə bir Azərbaycan, o biri tərəfdə də 800 milyard dollarlıq iqtisadi gücə malik olan Türkiyə var. Hazırda 150 milyard dollar dəyərində ixracatımız var və düşünürəm ki, bu göstərici 2020-2023-cü illərdə 500 milyard dollara çatacaq.
Türkiyə və Azərbaycan münasibətləri inkişaf mərhələsindədir. Hər iki ölkə ərazisndə inkişaf və yüksəlmə prosesi gedir, ölkələrimiz arasında qardaşlıq münasibətləri dərinləşir. Bütün bunlar isə hər iki ölkədə olan siyasi iradənin nəticəsidir. Siyasi iradə hər zaman Türkiyədə də, Azərbaycanda da mövcud olub. Bu iradə mərhum Heydər Əliyev dövründə də var idi, cənab İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyətdə də var. Bizdə də həmçinin. Əvvəlki  prezidentlərin dövründə də, indi hörmətli Abdulla Gül və Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdikləri iqtidarda da siyasi iradə var.
Azərbaycan bizim üçün başqa bir ölkə ilə müqayisə edilməyəcək qədər yaxın və önəmlidir.  Tarixi siyasi iradənin mövcud olduğu bir dövrdəyik. Bu, hər bir səfirin iş həyatında hər zaman qarşılaşacağı bir vəziyyət deyil. Bu səbəbdən özümü şanslı hiss edirəm. Türkiyədə və Azərbaycanda gələcək nəsillər bilməlidirlər ki, Türkiyə-Azərbaycan dostluğunun daha da dərinləşməsi və bu münasibətlərin dostluqdan daha önəmli bir mövqeyə gəlməsi üçün addımlar atılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, belə bir ideal vəziyyət tarixdə nadir hallarda baş verir. Gənclərimizin də bunu dəyərləndirməsi lazımdır. Bir-birimizi onsuz da yaxşı tanıyırıq deyib, başqa yerlərlə iş görəndə, qardaşlıq münasibətimizi unutmamalı, onu daha da möhkəmləndirməliyik. İqtisadi sərmayə və qarşılıqlı ticarət məsələsində Türkiyə və Azərbaycan bir-birinə qarşı təşəbbüskar olmalı, beynəlxalq səviyyədə əməkdaşlıq içində hərəkət etməlidirlər. Bu işin iqtisadi tərəfidir, amma biz eyni zamanda siyasi və mədəni sahədə də birlikdə hərəkət etməliyik. Düşünürəm ki, bunu edə biləcəyimiz təqdirdə Türkiyə-Azərbaycan münasibətləri daha da güclənəcək və ayrılıqda ölkələrimizin potensialı daha da artacaqdır. Qısacası bu barədə çox yaxşı düşüncələrə malikəm.

- Çıxışlarının birində xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdi ki, Türkiyə Azərbaycan-Ermənistan münqişəsinin həlli üçün hər addımı atmağa hazırdır. Sizcə, Türkiyə bu istiqamətdə hansı addımları ata bilər?

- Əvvəlcə nə edə bilər deməyək, bu günə kimi etdiklərimizə də nəzər salmaq lazımdır. Mən 90-cı illərin əvvəllərində daha yeni, gənc bir diplomat olaraq Moskvada işlədiyim dövrdə qoltuğumda gəzdirdiyim qovluq Dağlıq Qarabağ məsələsi ilə bağlı idi. Məqsədimiz Qarabağ məsələsini, bu faciəni dünyaya çatdırmaq, bu haqsızlığı hər kəsin bilməsini təmin etmək,  beynəlxalq hüquq çərçivəsində Azərbaycan xalqının təcavüzə uğradığını hamıya xatırladaraq,  bunun həllinə çalışmaq idi. İstər diplomatik sahədə, istərsə də siyasi sahədə Türkiyə lazım olan hər şeyi etdi və bundan sonra da əlindən gələni edəcək. Bu sadəcə bizim qardaşlıq borcumuz deyil. Bu, Azərbaycana bizim tərəfimizdən verilən layiq olduğu dəstəkdir.  Azərbaycan işğala, haqsızlığa uğramış bir ölkədir. Belə bir vəziyyətdə Azərbaycanın yanında olmaq bizim borcumuzdur. Bu məsələdə siz haqlı, Ermənistan isə son dərəcə haqsızdır.  Amma təəssüf ki, haqlı olmağınıza rəğmən bu problem beynəlxalq səviyyədə öz həllini tapa bilmir. BMT-nin qərarları, kimin işğalçı, kimin sülh tərəfdarı olduğu ortadadır.
Hörmətli baş nazirimiz Ərdoğan bütün beynəlxalq görüşlərində Kipr məsələsi ilə yanaşı,  Qarabağ problemini də gündəmə gətirir. Bunu siz qardaşımız olduğunuz üçün edirik. Həm də bu işğalın davam etməsinin Ermənistan və ermənilər də daxil olmaqla kimsəyə xeyrinin olmadığını düşünürük. Azərbaycan və Türkiyənin inkişafı çərçivəli deyil. Londona qədər uzanan Böyük İpək yolu bütün bölgələrə təsir edəcək. Ermənistan isə bölgədəki inkişaf layihələrindən kənarda qalır. Niyə? Öz səhvi üzündən...

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Türkiyə və Azərbaycanın rolunu necə görürüsüz?

- Şuranın Qəbələdə ev sahibi olduğunuz son zirvə toplantısı çox uğurlu keçdi. Azərbaycan tərəfinə təşəkkürlərimi çatdırıram. Şuranın yaradılmasında məqsədi türkdilli dövlətlər arasındakı mədəni, dil birliyindən çıxış edərək, tarixi yaxınlıqları günümüzdə əks etdirmək və gələcəyə aparmaq, həm də bölgədəki potensialı türkdili dövlətlərinin lehinə və eləcə də ətraf ölkələrin xeyrinə inkişaf etdirməkdir. Azərbaycan və Türkiyə sahib olduqları iqtisadi dinamizm etibarı ilə bu prosesdə çox əhəmiyyətli yer tuturlar. Hesab edirəm ki, bu proses Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərin dəstəyi və qatqıları ilə irəliləyəcək. Ümid edirik ki, hələlik bu prosesdə iştirak etməyən Özbəkistan da, müşahidəçi olaraq qatılan Türkmənistan da Şuraya daxil olacaq.

- Rusiyanın Qafqaz bölgəsində aktivliyi Türkiyəni narahat etmirmi?

- Biz eyni coğrafiyada yaşayırıq. Rusiya, Türkiyə, Azərbaycan Qafqaz bölgəsində çox böyük tarixi iqtisadi, mədəni zənginlikləri olan dövlətlərdir. Türkiyənin ən əhəmiyyətli ticarət ortaqlarından biri Rusiyadır. Siyasi münasibətlərimiz son dərəcə yaxşıdır. Amma hər beynəlxalq məsələdə bir-birimizlə razılaşa bilirikmi? Xeyr!
Suriya mövzusunda Rusiya ilə eyni düşünürük? Xeyr! Bunu da təbii qarşılayırıq. Lakin bizim Rusiya ilə anlaşa bilmədiyimiz mövzular olmaqla bərabər, birlikdə son dərəcə konstruktiv bir gündəmimiz var. Qafqaz bölgəsi bizim nəzərimizdə Rusiya ilə bir mübarizə sahəsi deyil. Tam əksinə, Rusiyanın, Türkiyənin və bu bölgədəki ölkələrin potensialı ilə çox əhəmiyyətli bir əməkdaşlıq sahəsidir. Necə ki, Sovetlər Birliyi dağıldığı zaman Qara dəniz iqtisadi əməkdaşıq məsələsini bu düşüncə ilə gündəmə gətirmişdik. Türkiyə olaraq Qafqaz regionunda sabitlik platforması yaradılmasına dair müxtəlif təkliflərimiz oldu. Biz bu bölgədə nüfuz baxımından mübarizə içərisində deyilik, enerji baxımından da bunu söyləyə bilərəm.

- Suriya və Misirdə baş verən hadisələrlə əlaqədar Türkiyənin fərqli və sərt mövqeyini müşahidə etdik...



- Hamımızın gözləri qarşısında çox xoşagəlməz hadisələr yaşanır. Suriya haradan hara gəldi? Suriya Hafiz Əsəd dövründə Türkiyəyə böyük zərərlər verən PKK terror təşkilatının liderinin olduğu bir ölkəydi. Lakin Hafiz Əsəd öldükdən sonra yeni dövr başladığında biz Suriya ilə təmiz bir səhifə açmağa qərar verdik. O dövrdə onlar da qarşılıq verdilər və bir neçə il əvvələdək beynəlxalq cəmiyyət Suriyaya dostluq əlini daha uzatmamışkən, Suriyaya ən böyük dostluğu sərgiləyən ölkə Türkiyə oldu.
Fəqət Suriyada hakimiyyət öz xalqının iradəsinə qarşı çıxdı, lap dərinə gedərək xalqa qarşı silah işlətməyə başladı. Silah dedikdə tapançadan bəhs etmirəm, raketlərdən istifadə etməyə başladı, döyüş təyyarələri ilə öz şəhərlərini bombardman etdi. O zaman Türkiyənin Suriyaya münasibəti dəyişdi.
 Hörmətli baş nazirimiz ən çox ziyarət etdiyi ölkələrdən biri olaraq həmişə Suriyanı yada salır. Lakin təəssüf ki, Suriya hakimiyyətini doğru yola çəkə bilmədik. Və indi artıq kimyəvi silahlardan istifadə edilib. Bunun qəbul olunması mümkün deyil.
Birincisi, bu addım insanlıq vicdanına sığmaz. İkincisi, Türkiyədə Suriyaya qonşu, tarixi əlaqələr, qohumluq bağları baxımından böyük bir həssaslıq var. Üçüncüsü, hadisələrin bizə birbaşa təsir edən bir yönü vardır. Türkiyə bir neçə yüz min suriyalıya qucaq açaraq ev sahibliyi etməkdədir. Sərhəddəki, o ölkədəki narahatlıq bizi də narahat etməkdədir. Bu səbəbdən də bəziləri “Türkiyə Suriya ilə niyə bu qədər maraqlanır, niyə bu qədər aktivdir”  deyə sual verərkən, bu gerçəkləri xatırlamaları lazımdır. Biz başımızı yana çevirib “qonşumuz Suriyada nə olursa olsun” deyə bilmərik.
Misir də ərəb və İslam dünyasının ən əhəmiyyətli ölkələrindəndir. Türkiyənin tarixən çox yaxın olduğu ölkədir. Türkiyə həm Suriyada, həm də Misirdə iqtidara, şəxslərə görə münasibət ortaya qoymur. Diqqət yetirək: Misirlə bağlı Türkiyə nə vaxt səsini yüksəltdi? Xalqın gözləntilərinə qarşı rəhbərliyin həssas olmadığı dövrdə. Mübarəkdən sonra beynəlxalq aləmin dəstəklədiyi demokratik seçki keçirildi, yeni rəhbərlik gəldi Misirə. Amma bu rəhbərliyin də səhvləri oldu. Amma problemin həll üsulu ordunun rəhbərliyə əl qoyması deyil. Türkiyə ona da səsini yüksəltdi. Səsini nə zaman daha da çox yüksəltdi? Yüzlərlə adam dövlətin silahlı qüvvələri tərəfindən meydanlarda öldürüldüyündə.
Misirin tezliklə dincliyə qovuşmasını diləyirik. Yəqin seçkilər keçirilər, bütün qruplar, hər kəs seçkilərə qatılar, seçmə və seçilmə hüququ bərabər olaraq tətbiq olunar.

- Ermənilər uzun illərdir uydurma “soyqrımı” iddiası ilə Türkiyəyə təyziq göstərirlər. Buna necə son qoymaq olar?

- Bizim vicdanımız rahat, alnımız açıqdır. Ermənistan xarici ölkə parlamentlərində pulla satın aldığı və ya seçkilərdə erməni diasporunun səsinə ehtiyac duyan millət vəkillərindən dəstək alaraq, Türk dünyasını ləkə altında qoya biləcək, tariximizdə olmayan hadisəyə görə qondarma ittihamı bizə yapıştıra bilməz. Yəni siyasi qərarlarla buna nail ola bilməz. Biz bu mövzularda özümüzə güvənirik. Ermənistan diasporun köməyi ilə bu mövzunu gündəmdə saxlayır. Ermənistan elə bir yol seçib ki, bu yoldan sadəcə nifrət toxumu alıb. Bu gün sözdə “erməni soyqırımı” ilə bağlı müxtəlif söhbətlər gəzir. “Olmuşdur” deyənlər də var, “olmamışdır” deyənlər də. Amma sərbəst bir mübahisə mühiti olmalıdır. Ermənistan əvvəlcə bunu təmin etməldir. Ermənistan hər kəsi pul gücünə və başqa üsullarla əzbərlədib bir yerə çıxa bilməyəcək. Bəlkə bu yalanlarla özünü xoşbəxt edə bilər, amma bu yalanları tarixə çevirə bilməz. Bu mövzunu müstəqil tədqiqatçıların, tarixçilərin iştirakı ilə araşdırmağa və müzakirə etməyə hər zaman varıq. Ermənilər bu mövzuda iddia etdikləri “tarixi həqiqətlərə” o qədər inanırlarsa, onda açaq bütün arxivləri, görək kimdir haqlı... Amma Ermənistan bunu etməyə hazır deyil. Çünki tarixi həqiqətlər baxımından Ermənistanın əlindəkilər zəifdir. Ümid edirəm bir gün gələcəyi möhkəm zəmində qurmağa çalışan nəsillər ortalığa çıxar. Amma indiki Ermənistan çox böyük bir ümid vəd etmir.


- Ermənistan Türkiyədən qondarma “soyqırımı”na qarşılıq təzminat da istəyir.

-  Tarixdə olmayan hadisənin, sözdə “soyqırımı” məsələsinin araşdırılması lazımdır, amma Ermənistan buna razı deyil. Razı olmamağına rəqmən hələ bir təzminat da istəyir. Nəyin təzminatını istəyir, kimdən istəyir?

- Üçüncü qüvvə - Ermənistanın arxasında dayanan o güc kimdir?

- Kim dayanırsa yaxşı etmir, biz demirik hər kəs Ermənistanın arxasından çəkilsin. Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Ermənistanın düz yola qayıtması üçün “biz onlara qaz, enerji verə bilərik” dedi. Ermənistanın arxasında duran hər kimdirsə, Ermənistanın yaxşılığını düşünmür. Ona demək lazımdır ki, əgər Ermənistana yaxşılıq etmək istəyirsinizsə, Ermənistana bunu söyləməlisiniz : “Tutduğun düzgün yol deyil. Azərbaycanın işğalını davam etdirərək, bir yerə çıxa bilməyəcəksiniz”.

- Müşahidələr erməni diasporunun butun ölkələrdə güclü olduğunu göstərir...

- Diaspor güclü ola bilər, amma dövlətləri diasporlar idarə edə bilməz. Amerika Birləşmiş Ştatlarını da, Fransanı da erməni diasporunun idarə etməməsi lazımdır.
Amma eyni zamanda bir gerçəklik var. O ölkələrdə bir kütlə var, ağırlığını hiss etdirir. Rəhbərliyin qərarlarına təsirli ola bilir. Bunu bizim anlamağımız, görməyimiz, buna qarşı da tədbir almağımız lazımdır. Tədbiri necə alacağıq? Dünyaya Türkiyə Cümhuriyyətindən səpələnmiş 5 milyona yaxın Anadolu türkü var. Azərbaycan diasporu var. Türk Dünyası - qazax, qırğız, türkmən, özbək qardaşlarımızı nəzərədə tuturam - var. Balkan, Qafqaz regionundan getmiş olan soydaşlarımız, qohumlarımız var. Bunların hamısını bir araya gətirdikdə bəlkə də dünyada Türk diasporundan güclu olanı tapılmaz. Amma bizlərdə hələ diaspor ənənəsi yoxdur. Diaspor ənənəsi deyərkən onu nəzərdə tuturam ki, köç etdiyi yerə inteqrasiya olub, o sistemin bir parçası halına gəlmiş olsun və eyni zamanda öz torpaqları ilə bağlantısını çox güclü mühafizə etsin. Ora qədərini edirik, amma ondan sonra içində olduğu sistemə təsir etmə və bunu əlaqəli şəkildə bacarmaq qabiliyyəti bizdə çox inkişaf etməyib. Bunu isə inkişaf etdirməliyik. Necə inkişaf etdirə bilərik? Bizim xaricdə olan bütün insanlarımızın getdikləri bölgənin dilini çox yaxşı öyrənmələri lazımdır. Diasporda olan qardaşlarımızın həm dil bilmələri, həm də yaşadıqları cəmiyyəti anlamaq baxımından yaxşı inteqrasiya olmaları lazımdır. Bu zaman həm də öz keçmişindən, tarixindən uzaqlaşmamaları gərəkir. Son dövrdə Azərbaycanın bu məsələdə çox böyük fəaliyyət içərisində olduğunu bilirəm. Xaricdəki diasporunuzla iş aparıldığını nəzərdə tuturam. Biz də bu işi illərdir daha yaxşı vəziyyətə gətirməyə çalışırıq. Azərbaycan və Türkiyə diasporlarının birlikdə hərəkətini təmin etməyə çalışırıq.

- Avropada İslam dininin sürətlə yayılmasında Qərb mediası Türkiyəni ittiham edir. Sizcə bu nə dərəcədə düzdür?

- Osmanlı İmperatorluğu dövründə internet olsaydı, eyni xəbərləri görərdik? Bizim Türkiyə olaraq, İslamı yaymaq kimi bir missiyamız yoxdur. Amma bir missiyamız var: Türkiyə əhalisinin böyük əksəriyyəti müsəlmandır, Türkiyə inanclı və mənəvi dəyərlərə önəm verən ölkədir. Türkiyə eyni zamanda Azərbaycan kimi, tarixi xüsusiyyətləri baxımından başqa inanclara, başqa dinlərə hörmət bəsləyir. Bu məsəliyə xüsusi həssaslıqla yanaşırıq. Mən belə ittihamlara o qədər də önəm vermirəm, çünki Türkiyənin bu mövzuda təblığ etdiyi fəlsəfəni anlamayan və anlamaq istəməyənlər çoxdur.

- Türkiyənin Qərb ölkələri ilə münasibətlərdə nələrə diqqət edir?

- Biz bütün hadisələrə nəzər yetiririk və görürük ki, Türkiyənin Qərblə münasibətləri  geriləyib, çox zəifləyib. Amma Türkiyənin yeri dəyişməyib, Türkiyənin xarici siyasətində olan təməl ünsürlərdə heç nə dəyişməyib. Və hələ də NATO-nun üzvüdür.
Dost və müttəfiq ölkələrlə müxtəlif fikirlərdə ola bilərik. Misir və Suriya hadisələrində Qərbə nəzərən fərqli düşüncədə ola bilərik.
Biz hər zaman Türkiyə olaraq, öz inandırıcılığımızı qorumağa çalışırıq. Amma buna rəğmən Qərbdə haqqımızda müxtəlif kampaniyalar aparılır. Və belə fikirlər irəli sürülür ki, güya,  Türkiyə Qərblə münasibətlərini bitirib, başqa səmtə yaxınlaşmağa çalışır. Tamamən səhv fikirdir. Biz Qərblə əlaqələrimizdə də digər ölkələrlə olduğu kimi, xarici siyasət aparırıq, yəni biz fərq qoymuruq. Bu bir siyasətdir və hər zaman hər kəsin xoşuna gələ bilməz. Amma bütün bunlara rəğmən Türkiyə dünyada yaşanılan və səhv olduğuna inandığımız hadilərə biganə qalmır və sərt fikrimizi bildirirk. Necə ki, siz səhv etdiyinizdə dostunuz sizə səhv etdiyinizi anlatmağa çalışır.
Türkiyə elə bir coğrafi mövqeyə malikdir ki, bütün hadisələrin ortasında yerləşir. Baxın,  Balkanlarda faciə baş verdi, Qafqazda faciə baş verdi, Ermənistan işğalı başlandı, Türkiyə bu hadisələrə üz çevirə bilməz. Daha sonra Suriyadakı vəziyyət, İraq böhranı, müharibələr yaşandı. Biz öz diqqətimizi Balkanlardan da, Qafqazdan da, Suriya və Misirdən də ayırmırıq. Bu, bizə məsuliyyət hissi verir. Suriyalı qaçqınların Türkiyəyə gəlməsi Türkiyəyə bir xeyir verirmi? Amma bizim insanlar, cəmiyyət bundan narazı deyil. Türkiyə beynəlxalq səviyyədə öz yardımlarını əsirgəmir. Məsələn, Somaliyə edilən yardımlar. Niyə biz bu yardımları edirik? Çünki insanların buna ehtiyacı var. Və onlara yardım edə biləcək çox az ölkə var. Türkiyə gücləndikcə, iqtisadi vəziyyəti inkişaf etdikcə, ehtiyacı olan ölkələrə yardım edir. Bu bizim həm tarixi adət-ənənəmizlə bağlıdır, həm də cəmiyyətimiz bu mövzuda həssasdır. Bizim bir çox təşkilatılarımız var. Türkiyənin “Qızılay” Vəqfi dünyada ən çox yardım edən quruluşlardan biridir. Və bu, dövlət büdcəsinə çox böyük yük gətirmir. Çünki vəqfə cəmiyyət tərfindən böyük yardımlar edilir. Bu çox gözəldir və mən onunla fəxr edirəm.

- Artıq bir ilə yaxındır ki, Azərbaycandasınız. Ölkəmizə alışa bilmisinizmi?

 

-  Əlbəttə alışmışam, amma hələ istədiyim qədər gəzə bilməmişəm. Bakı şəhərini yetərincə gəzməmişəm. “Təzəbazar” səfirliyin yaxınlığındadır, hələ heç ora da gedib çıxa bilməmişəm.  Gəzmək istəyirəm. İki kiçik övladım var. Boş vaxtlarımda uşaqlarımla, həyat toldaşımla zaman keçirmək istəyirəm. Azərbyacn bizim üçün rahat, keyfli, həyacanverici bir ölkədir.  Bakı gözəlləşir, dəyişir, mədəni həyatı gözəl olan bir şəhərdir. Dənizə gedirik, bir sözlə keyflə yaşaya biləcəyimiz bir yerdəyik. Mən Azərbaycandakı işimdən çox razıyam. Azərbaycanda səfir olmaq imtiyazlıdır. Bir də azərbaycanlı qardaşlarımız bizə çox dəyər verir. Biz yoldan keçərkən bayraqla salamlayırlar. Bu mənə həyacan verir, özümü xoşbəxt hiss edirəm.

- Azərbaycan mətbəxini sevdinizmi? Musiqimizi necə, dinləyirsinizmi?

- Azərbaycan mətbəxini, xüsusən də kababları, lüləkababı çox sevirəm. Amma bu mənim üçün sonra problem olacaq...
Musqinizi dinləyirəm, amma konsertlərə gedə bilmirəm. Dünən Tünzalə xanım zəng edib, konsertinə dəvət elədi. Amma gedə bilməyəcəyimi dedim. Həqiqətən bizim musiqilər çox bənzərdir. Bəzən Türkiyədə çox ifa edilən bir mahnının Türkiyə musiqisi olduğunu düşünürəm, deyilmiş, Azərbaycan mahnısı olduğunu sonradan bildim. 

- Son olaraq nə demək istərdiniz?

- Bura çox gözəl, gələcəyi parlaq bir ölkədir. Azərbaycanın gənc nəsli məni həyəcanlandırır. Bu, boşuna bir inam deyil. Ölkəniz həqiqətən inkişaf edir. Təhsilli, dünyaya bələd olan və Azərbaycanı irəliyə apara biləcək bir nəsliniz gəlir. Azərbaycanlı qardaşlarımız ölkəsi ilə qürur duysunlar. Bilsinlər ki, biz Türkiyədən bura baxdığımızda qürur duyuruq və özümüzü daha güclü hiss edirik. Azərbaycan getdikcə güclənir və önümüzdəki dövr Azərbaycan üçün, Türkiyə üçün daha da gözəl olacaq. Qardaş ölkəyə çox gözəl bir gələcək arzu edirəm. Və sizin vasitənizlə keçən bir il içərisində mənə, ailəmə və Türkiyə Səfirliyinə hər zaman göstərilən dəstək üçün təşəkkür edirəm.

 



 


 

 

 


İradə CƏLİL

Elçin MURAD

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir