İslandiyadakı vulkan püskürməsi Avropanın hava nəqliyyatı şirkətlərinə ciddi ziyan vurub. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, gün ərzində Avropa hava limanları ən azı 200 milyon dollar itirir. Bu barədə Avropa komissiyasının açıqlamasında bildirilir. Komissiyanın sədri Joze Manuel Barrozu vulkan külünün yayılması nəticəsində hava limanlarına dəyən iqtisadi ziyanın həcminin öyrənilməsi üçün xüsusi işçi qrupunun yaradılması barədə göstəriş verib. Barrozu qeyd edib ki, Avropa Birliyinə daxil olan ölkələrin qəbul etdiyi bütün tədbirlərin Ümumavropa səviyyəsində koordinasiya edilməsi vacibdir.
Bu gün AB-yə daxil olan ölkələrin nəqliyyat nazirlərinin növbədənkənar videokonfransı keçiriləcək. Beynəlxalq Aviasiya Təşkilatının mütəxəssislərinin hesablamalarına görə, 2001-ci il sentyabrın 11-də Amerikada baş vermiş terror aktlarından sonra hava nəqliyyatının müvəqqəti dayanması ilə müqayisədə vulkan püskürməsi Avropa hava limanlarına daha çox iqtisadi ziyan vurub. Bir sıra Avropa hava şirkətləri artıq uçuşların bərpa olunmasını tələb edir.
Qeyd edək ki, vulkan Avropada 50 mindən artıq uçuşa mane olub. Bir sıra siyasi təbdirlər təxirə salınıb. Avropa Birliyi Nazirlər Komitəsinin bu günə təyin olunmuş iclası baş tutmayıb. Rusiyada 411 təyyarə uçuşundan imtina olunub. Son məlumatlara görə, vulkan dumanı artıq Rusiyanın Uzaq Şərq vilayətlərinə doğru irəliləməkdədir.