Modern.az

“Bunlar başa düşmürlər ki, Mehriban Əliyevanın bu boyda əziyyəti nəyə görədir” - MÜSAHİBƏ

“Bunlar başa düşmürlər ki, Mehriban Əliyevanın bu boyda əziyyəti nəyə görədir” - MÜSAHİBƏ

Müsahibə

5 Sentyabr 2013, 12:53

Xalq artisti Əlibaba Məmmədov: “Xan görmüşəm, Cabbar görmüşəm, amma belə səs görməmişəm”



Xalq artisti, “İstiqlal” ordenli xanəndə Əlibaba Məmmədov Modern.az saytının suallarını cavablandırıb.

– Əlibaba müəllim, necəsiniz, özünüzü necə hiss edirsiniz?

Siz də gəlib 84 yaşa çatsanız, bilərsiniz ki, mən necəyəm.

– Bu, səhhətinizdən şikayətdir, yoxsa zarafat?

– Bunun bir ucu zarafatdır. Amma nə dediyimi 84-ə gəlib çatanda biləcəksən.

– Ömrünüz uzun olsun! Muğam müsabiqəsində işlər necə gedir?

Bu uşaqlar ötən dəfəkilərdən daha güclüdürlər.

– Siz Təyyar Bayramovu, Babək Niftəliyevi nəzərdə tutursunuz?

Babəkgil 2005-ci ildə idi. Ondan sonra 2007 və 2011-ci illərdə müsabiqə olub. Mən 2011-ci ili nəzərdə tuturam. Yaxşı səslərimiz çoxdur. Amma bununla iş bitmir, istedad, elm, savad və çalışqanlıq da olmalıdır.

– Keyfiyyətli səslər kimlərdir?

2005-ci ildə Babək ortaya çıxanda hamımız sevindik. Çünki Alim, Ağaxan, Arif yaşlanmışdılar.

– Yəqin ki, söhbət zilxanlardan gedir.

Bəli. Asəf Zeynallı adına musiqi kollecində dərs deyəndə, gəlirdi, yazırdı, telefona gedib oxuyurdu. Hamımız ona kömək edirdik. Hətta efirdən çıxış edib Konservatoriyanın rektoru Siyavuş Kərimiyə dedim ki, bunlar bal toplayıb ora daxil ola bilmirlər, bunlara kömək elə. İstəyirdim konservatoriyanı tam bitirib muğam öyrənsinlər. Siyavuş ona da, Ehtirama da kömək elədi. İndi Ehtiram dillərdədir.

– O vaxt Təyyar Bayramov da var idi.

– O kişi balası kimi birinci yeri də götürdü, “Əməkdar artist” fəxri adı da aldı. Çox zəhmətkeş adamdır. Təyyarın mədəniyyəti də başqadır. Xan Şuşinskidən sonra belə bir səs Babəkdə idi. Amma nə olsun, Babəkdən nə çıxdı? Hanı Babək? O heç nə eləmədi. Neçə illərdir ondan gözəl bir muğam oxumağını, gözəl mahnı bəstələtməyini gözləyirəm. Dərdləri budur ki, maşın alaq, ev alaq, evlənək, vəssalam. Bu sənətə xidmət olmur axı. Bu özünəxidmətdir.

– Bu iradları Babəkin özünə demisiniz?

Uzaqdan uzağa demişəm, gedib çatdırıblar. Amma nə olsun? Bunlar başa düşmürlər ki, bizim, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu boyda əziyyəti nəyə görədir. Bu ona görədir ki, muğamatımız davam eləsin, bazamız olsun. Muğam oxuyanların sənət ömrü 20-25 il olur, ondan sonra oxuya bilmirlər. Muğam Mehriban xanım Əliyevanın sayəsində dünyaya tanındı. Bu saat Avropa, Amerika təəccüb edir ki, bu nə olan musiqidir. Onları ingiliscə başa salırlar ki, muğam bu xalqdan gəlmədir, folklordur. İnanmırlar. Deyirlər, burda bəstəkar əli var, xalq belə şey edə bilməz. Amma Üzeyir bəy olmasaydı, muğamlarımız pərakəndə olardı. O muğamları çərçivəyə saldı, 7 ladımızı ayırdı, nə qədər köməkçi muğamlarımız var. Odur ki, muğamımızla fəxr etməliyik. Muğam ifaçılarımız da çalışmalıdırlar ki, bu iş davam olunsun.

– Müsabiqənin gedişatında iştirakçıları çox sərt tənqid edirsiniz. Bəzi sənətkarlar deyirlər ki, müsabiqədə ilk addımını atan gənci belə tənqid edəndə qorxur, sınır...

Səhv deyirlər. Mən olmasaydım, Ehtiram Ehtiram olmayacaqdı. Çünki Ehtiram papiros çəkirdi və mən bunu bilirdim. Onun hafizəsi yox idi, qəzəlləri unudurdu. Onu elə müsabiqənin içində tənqid elədim. Dedim ki, sən papirosu tərgitməlisən, mütaliə ilə, şeiriyyatla, qəzəliyyatla məşğul olmalısan. Ondan sonra papirosu da tərgitdi, dediklərimi də elədi. İndi mən onunla fəxr edirəm ki, Azərbaycanımızın Ehtiram kimi oxuyanı var. Dünən (srağagün -İ. V.) öz tələbəm Elbrusun üstünə elə qışqırdım ki... Ondan bir gün qabaq Muğam Mərkəzinə getmişdim ki, belə oxu. Gəldi səhnədə, yenə də öz bildiyini oxudu. Deməli, bunun istedadı yoxdur, qavrama qabiliyyəti yaxşı deyil. Doğrudur, münsiflər mənə ağsaqqal və ustad kimi hörmət edərək ona 10 bal verdilər. Amma mən özüm Elbrusa 9 bal verdim. Həmişə açıq danışıram. Çünki heç kimin yanında başım aşağı deyil. Münsiflərə dedim ki, bu 10 balı mənə etdiyiniz hörmətə görə verdiyinizi bilirəm.

– Ordakı 7 münsifin hər birinin tələbəsi var müsabiqədə. Özünüz də dediniz ki, tələbənizə sizə görə 10 bal verdilər. Axı digər münsiflər də bir-birinə tərəfkeşlik edirlər.

– Tərəfkeşlik olduğuna görə hamısı ilə üz-göz oluram. Xətir-hörmətə qiymət vermək lazım deyil. Axı mən bilirəm ki, tələbəm 10 ballıq oxumur. 

– Niyə bu dəfə münsiflər arasında musiqiçi olmadı?

Ötən dəfə də yox idi.

– Əvvəlki müsabiqələrdə Ramiz Quliyev, Möhlət Müslümov var idi...

– Musiqiçi nəyə baxacaq ki orda? Tarçalan yox, kamançaçalan yox.

– Müşayiətə nəzarət edə bilər.

– Biz müşayiəti onlardan yaxşı bilirik. Mənim yanımda Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov olub. Müşayiəti onlardan yaxşı bilirəm.

– Münsiflər arasında əsas söz sahib kimdir?

Orda hər kəsin öz səsi, öz sözü var. Heç kim bir birindən üstün deyil.

– Məşqlərə kim rəhbərlik edir?

Müəllimləri gəlib keçir. Uşaqlar gileyləndilər ki, hamısının müəllimi gəlib göstəriş verir, siz gəlmirsiniz. Mən də sırağagün getmişdim məşqə. Hər iki tələbəmə göstərişlərimi verdim. Amma dünən öyrətdiyim bu gün yadından çıxıb. Mənim bir dəfə ora getməyim 12 manata oturur üstümə. Altı manat o yana taksiyə verirəm, altı manat bu yana.

– Maşınınız yoxdur?

Yoxdu. Maşınım yox, yaşım da çox. Amma məşqlərə də gedirəm. Niyə? Musiqimizin xətrinə. Mənim heç nəyə ehtiyacım yoxdur. Heç doyunca çörək də yeyə bilmirəm. Qoca kişiyəm də. Gedirəm ki, qoy yetişsinlər, gəlsinlər Mirələm, Güllü, Ehtiram olsunlar. Xan əmi o vaxt deyərdi ki, xanəndə 20-dən 30-a qədər öyrənir, 30-dan 50-yə oxuyur, ondan sonra yola verir. Bu, çox doğrudur. Sovet hökumətində də belə bir qanun var idi. Xanəndə 25 il bir səhnədə oxuyurdusa, təqaüdə çıxa bilərdi.

– Bu gün muğamımızı ən gözəl ifa edən kimdir. Kimi dinləyəndə sizə ləzzət verir?

Alimdən daha bir də gəlməyəcək. Kim nə deyir, özü bilər. Biri deyir ki, əlini belə edir, biri deyir ki, əlini elə edir. Onun mənə dəxli yoxdur. Alimin nə istedadından gələcək, nə də nəhayətsiz səsindən. Mən Xan görmüşəm, Mütəllim görmüşəm, Cabbar eşitmişəm. Amma bu təhər səs eşitməmişəm. Alimi tanıyandan onu bir dəfə xaric oxuyan görməmişəm. Amma o, çox adamın xoşuna gəlmir.

– Bəlkə qısqanclıqla yanaşırlar?

Görürlər ki, onun tayı yoxdur qısqanırlar. Müsəlmanda bu paxıllıq var da. Hər barədə, istər dəf çalmaqda, istər qəzəliyyatda muğamatı bilməkdə və ifaçılıqda o başdadır. Xanəndəyə lazım olan da budur. Onun da 55 yaşı var, 2-3 ildən sonra oxuya bilməyəcək. O vaxt Yaqub, mən qocalmışdıq, Alimlə Ağaxan gəldi. Onlar ikisi birdən çıxdılar. Bu iki şəxs muğamatımızı güclü müdafiə elədilər və yenidən dəbə saldılar. Ağaxanın boğazı xəstələnib, Alimin də yaşı 55-dir. İndi Mirələm var, Ehtiram var, Babək istəsə Babək var, Abgül var. Bunlar məndən çəkinirlər.

– Nə vaxtsa siqaret çəkmisiniz?

Xanəndəliyə başlayandan bu günə kimi nə dilimə içki dəyib, nə də siqaret.

– Bəs ondan əvvəl?

18 yaşı olanda adam hər şeyi sınamaq istəyir.

– Bu müsabiqədə ilk yerdə görmək istədiyiniz kim var?

Cəmi 5-6 tur keçib, hələ tezdir bu haqda danışmaq. Amma işıq ucu var. Məsələn, orda Ramiz var Ağcabədidən, Xəyyam var. O vaxt bir Elməddin var idi. Deyirdim ki, pərvərdigara, bunun səsini alma. Belə istedadlı uşaq görməmişdim. Elə bil ki, böyük kişi oxuyurdu. Neçə illərdir səsi dəyişilib. Dünən Arif bir iştirakçı üçün yalvarırdı ki, Allah bunun səsini alma.

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır