Modern.az

Bakıdakı “Molokan” bağının “Üç gözəl”i...

Bakıdakı “Molokan” bağının “Üç gözəl”i...

İqtisadiyyat

6 Sentyabr 2013, 09:45


Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bağ bu gün Bakı əhalisinin ən sevimli istirahət məkanlarından biridir. İndiki adı ilə “Xaqani” parkı keçən əsrin “Molokan” bağı idi. Bu ad isə təsadüfi olaraq seçilməmişdi.

Molokanlar xristianlığın pravoslav qolunun sektalarından biridir. Molokan hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində moloko) içdiklərinə görə bu şəkildə adlanırlar. 1820-ci ildən başlayaraq, molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər. Əslində isə onlar pravoslav kilsəsinin əleyhinə olduqları üçün sürgün edilmişdilər. Molokanlar kilsəni və keşişləri inkar edir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, sadəcə Bibliyanın göstərişinə əməl edirlər. Onlar üçün molokanizm bir yaşam fəlsəfəsidir.

1850-1860-cı illərdə Bakıdakı həmin parkın ərazisində molokanlar dükanlar açıb ticarətə başladılar. Ətrafda isə karvansaraylar vardı. Kənardan ticarət məqsədilə gələn molokanlar da burada qalırdılar.  Lakin ərazi olaraq natəmizlik, xəstəlik baş alıb gedirdi. Hər tərəf çirkli sularla əhatələnmişdi. Bu səbəbdən şəhər rəhbərliyi 19-cu əsrin 70-ci illərində bu bağın ərazisində meydan salmağı qərara aldı. Bir müddət sonra su çatışmazlığından və diqqətsizlikdən bağ yenidən inkişafdan qaldı. Daha sonra burjuaziyaya məxsus məhəllələrin tikilməsi ilə əlaqədar olaraq Molokan qəsəbəsi tamamilə yeni rayona- Zavağzala köçürüldü. Burada inşa edilən neft milyonçusu Şibayevin şəxsi iqamətgahı, “Mikado” teatrı ( Səməd Vurğun adına teatr), Hacı Ələkbər Dadaşovun şəxsi evləri və digər burjua məkanları bağın və ərazinin görünüşünü xeyli dəyişdirdi.

Sovet hakimiyyəti qurulandan sonra “Molokan” bağı “9 yanvar” adlandırıldı, daha sonra bağa Həşim Əliyevin adı verildi. Hal-hazırda isə bu ərazi “Xaqani parkı” adlanır. Onu da qeyd edim ki, bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı  Marianın adını daşıyırdı. (Marinski bağı)

Xaqani bağındakı incəsənət nümunəsi olan “Üç gözəl” heykəllər qrupu öz orginallığı ilə daim seçilir. Təəssüf ki, araşdırmalarıma baxmayaraq, müəllifini tapa bilmədim. Bəziləri müəllifinin milliyətcə erməni olduğunu söyləsə də, dəqiq məlumat əldə etmək imkanım olmadı. Buna baxmayaraq, kompozisiyaya dair maraqlı faktlarla qarşılaşdım. Belə ki, əslində 3 qadın şəklində təsvir olunmuş heykəllər, rəsm əsərləri dünyaca çox məşhur imiş.

Antik Avropa paqan mifologiyasında tanrılar (dişi tanrılar nəzərdə tutulur) üçlü qrup halında təsvir olunmuşdur. “Bakirə”, “Ana”, “Qoca qarı” tanrı üçləşdirilməsi xüsusən ingilis şair və yazıçı Robert Qraves (1895-1985) tərəfindən məşhurlaşdırılmışdır. Hər nə qədər tarixi və elmi faktlara söykənməsə də, müasir dövrdə bədii cəhətdən bir çox insana ilham qaynağı olmuşdur. Üç tanrı təsviri və anlayışı demək olar ki, bütün paqan dinlərində mövcud olub. Lakin bu günədək ciddi bir araşdırma edilmədiyindən dolayı elmi bir açıqlama vermək mümkün deyil. 

Yunan mifologiyasında da “Paris” əhvalatında yer alan 3 tanrı təsviri diqqətçəkicidir. Zevsin arvadı Hera, Gözəllik və Sevgi tanrısı Afrodit, ağıl və sənət tanrısı Atena bu əfsanənin üçlü tanrılarıdır. İtalyan rəssam Rafael “Üç gözəl” rəsm əsərində məhz bu əfsanədən ilham almışdır. 1504-1505-ci ildə ildə çəkdiyi bu əsər hal-hazırda Fransanın Kond muzeyində saxlanılır.

Heç şübhəsiz ki, yuxarıda haqqında bəhs etdiyimiz “Üç gözəl” kompozisiyasının müəllifi də üç tanrı təsvirini öz işində ustalıqla tətbiq etmişdir. Müəllifinin kimliyindən asılı olmayaraq bu heykəltəraşlıq nümunəsi elə adı kimi də gözəl və diqqətçəkicidir.

Nərmin Məmmədli

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir