Modern.az

ABŞ Suriyada vurulacaq hədəflərin sayını artırır

ABŞ Suriyada vurulacaq hədəflərin sayını artırır

Dünya

6 Sentyabr 2013, 14:07


“Böyük 20-lik”in sammitində iştirak edən ABŞ prezidenti Barak Obama Pentaqona Suriyaya endiriləcək zərbələrin hədəflərinin genişləndirilməsi barədə tələb ünvanlayıb. Modern.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Amerika kəşfiyyatının müəyyən etdiyi 50 hədəfin sayı artırılacaq.

Obama administrasiyası ilk dəfə Amerika və Fransa təyyarələrinin Suriyaya zərbə endirəcəklərini açıqlayıb. Bundan öncə Suriyaya yalnız Aralıq dənizində yerləşən hərbi gəmilərdən zərbələrin endirilməsi təklif olunurdu. Əsas hədəflərin Suriyanın hava hücumundan müdafiə sistemlərinin, komanda qərargahlarının və silah anbarlarının olacağı deyilir.

Ağ Evdən mətbuata sızan məlumatlara görə, Barak Obamanın Suriyaya mümkün hərbi əməliyyatlarla bağlı Amerika xalqına müraciəti hazırlanıb. İctimai təşkilatların keçirdiyi sorğu isə Amerika əhalisinin əksəriyyətinin hərbi əməliyyatlara qarşı olduğunu göstərir. Rəyi soruşulan amerikalıların 48%-i Suriyaya raket zərbələrinin endirilməsini dəstəkləmir. 74% respondentin fikrincə, hərbi əməliyyatlar Amerikaya və müttəfiqlərinə regionda neqativ münasibətə səbəb olacaq.  

Vüqar İsmayılov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır