Modern.az

Kamil Vəli Nərimanoğlu: “Rafiq Əliyevi dünyanın ən avam xalqı da işdən çıxartmazdı” - MÜSAHİBƏ

Kamil Vəli Nərimanoğlu: “Rafiq Əliyevi dünyanın ən avam xalqı da işdən çıxartmazdı” - MÜSAHİBƏ

Müsahibə

12 Sentyabr 2013, 11:46

Modern.az saytı sizlərə “XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki qonağımız isə Azərbaycanın dəyərli alimlərindən biri, Türkiyənin Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğludur.

- Əvvəlcə indiki fəaliyyətiniz haqda danışaq.

- Əvvəla deyim ki, indiyədək çox yerdə işləməmişəm. Gəncliyimdə universiteti fərqlənmə diplomu ilə qurtardım, elə orda da müəllim kimi saxladılar. Tezliklə namizədlik müdafiə etmişəm, ondan 10 il sonra da doktorluq. Cavan elmlər doktoru olmuşam. Çalışmışam, yazmışam, pozmuşam. Ədəbiyyatşünaslıq, dilçilik, ədəbi tənqid, bəzən də tarix sahəsində yazılar yazmışam. Sonra hərəkat başlayıb. O hərəkatda iştirak etmişəm. Elçibəyin dövründə Xalq Cəbhəsinin üzvü, milli hökumətdə də baş nazirin müavini olmuşam. Sonra hökumət yıxılıb və biz o ərəfələrdə “Dədə Qorqud Ensiklopediyasını” buraxırdıq. Universitetdə bəzi sıxıntılar, siyasi nədənlər oldu. Ona görə də öz xoşumla ordan ayrıldım. Yəni məni çıxartmadılar, öz xoşumla getdim. Ardınca da Türkiyəyə köçdüm. 10 ildi orda işləyirəm. Həm Qafqaz Araşdırmalar Mərkəzinin sədriyəm, həm də universitetdə dərs deyirəm. Türkiyənin də professoru statusunu  almışam. Orada xalq bilimi deyilən dərs var. Onu tədris edirəm, bir də dil dərslərinə girirəm. Dil dərsləri mənim üçün çox maraqlıdır. Həm lisans, yəni bakalavr,  həm də üst lisans,  yəni magistratura, həm də doktoranturada dərs deyirəm. Xeyli tələbəm var. Belə, işləyirəm. Hər il ən azı bir kitab yazıram. İndi də stolumun üstündə üç  kitab var. Allah qoysa, qurtaracam onları. Ailəm də ordadı. Sakit həyatımızdan məmnunuq. 500-ə yaxın məqaləm, 50-yə yaxın kitabım var. 

- Keçək mövzuya, XXI əsrin insanını necə dəyərləndirirsiniz?

- XXI əsrin insanı həm xoşbəxtdi, həm də bədbəxt. Xoşbəxdi ki, XXI əsrin bütün nailiyyətləri onun əlinin altındadır. Bəşəriyyətin bu dövrə qədər əldə etdiklərinin hamısı  onun nəzarətindədir. Bədbəxtdi ona görə ki, bəşəriyyətin bütün sıxıntılarını, həm sosial, həm siyasi, həm ekoloji və s. yaşamağa məcburdu. XX əsrin sonu XXI əsrin əvvəli mürəkkəb situasiyada yaşayan insanların taleyidir. Bir tərəfdən insan dərinləşir, daha çox qol-budaq atır, bir tərəfdən isə məhdudlaşır.  Müəyyən tabulara  tabe olmağa məcbur olur. Eyni zamanda insanın sıxıntısı artır get-gedə. Hər gün Afrikada onlarla insan acından ölür, həmçinin fərəhli həyat tərzi olan ölkələrdə, nankorluq olan yerlərdə tonlarla çörək zibilliyə atılır. Bir tərəfdən aclıq, səfalət, o biri tərəfdən isə harınlıq. XXI əsrin yaşadığı təzad bundan ibarətdir. Bir tərəfdən barış, sülh, o biri tərəfdə savaş, müharibə qan, eyni zamanda bir tərəfdə ədalət, qarşılıqlı anlayış, demokratiya, o biri tərəfdə anarxizm, totalitarizm, yarım totalitarizm, insan haqlarının tapdanması. Bu paradoksal həyatı XXI əsrin insanının yaşamalı olması həm ümidvericidir, həm də çətindir.

- Özümüzə keçək, XXI əsrin insanını xoşbəxt və bədbəxt adlandırdınız. Bəs biz azərbaycanlılar bir toplum olaraq nə dərəcədə xoşbəxt, nə dərəcədə bədbəxtik?



- Azərbaycan daha çox bədbəxtdir. Çünki insan şəxs olaraq maddi təminatı çox yaxşı olmaya bilər. Əgər o sosial ədalət yaxşı olan yerdə yaşamırsa, insanın hüquq prinsipləri içində o insan macəra həyatı yaşamağa məhkumdur. Bir anda həyat yüz səksən dərəcə dəyişə bilər. Buna macəra ədəbiyyatı deyirlər. Bu hesablanmış, dəqiq, sabit həyat deyil. Dəyişkən, müxtəlif subyektiv faktorlardan asılı olan həyatdır.

- Bu gün biz azərbaycanlı olaraq təfəkkür cəhətdən daha çox kimə yaxınıq: Mirzə Cəlilin nadan qəhrəmanlarına, yoxsa Füzulinin yaratmaq istədiyi kamil insana ?

- Bilirsiniz, Füzulinin zamanında da keşməkeşli insan və onun yaşadığı keşməkeşli həyat olub. Həzrəti peyğəmbərin zamanında Müaviyyə də olub, Yezid də. Yəni bunlar bir-birinə zidd olan insanlardı. Bütün zamanlar və bütün məkanlarda həm haqqın, həm nahaqqın tərəfdarı olan insanlar və o insanların qarşıdurması olub.

- Deməli hələ ki, Füzulinin kamil insanına doğru getmirik...

- Füzulinin yeri başqadı. O böyük təsəvvüf şairi olub. Böyük təsəvvüf şairi olmaqla yanaşı, böyük insanlıq şairi idi. “Tövrat”, “İncil”, “Quran” şairidi. Füzulinin genişliyi o qədər artıq, o qədər dəyərlidir ki, ondan illərlə, aylarla danışmaq olar. İnsanı məhv etsələr də onun mənəvi sərvətini məhv edə bilmirlər. Bu mənada insanın daxili aləmi həddən artıq zəngin, əhatəlidir. İnsanı nə qədər öyrənsən yenə görəcəksən ki, azdır. İnsan deyilən sirr,  insan deyilən xəzinə yüzə yüz öyrənilə bilməz. XXI əsrdə insan idrakı çox inkişaf etsə də, heç vaxt sona çatmır və çatmayacaq da.  Odur ki, Füzulinin kamil insanına nə qədər yaxın olsaq da, tam o insan ola bilmərik.

- Bugünkü cəmiyyətimizdə bir təfəkkür intervalı var. Cəmiyyətimiz sizcə bu intervalda yəni,  Mirzə Cəlilin nadan qəhrəmanlarından Füzulinin kamil insanına gedən yolda niyə azır?


- Vallah, niyə azdığını bilmirəm. Birincisi, hər bir insanın daxilində bir motiv olur. Buna nankorluq da demək olar, naşükürlük də demək olar, haqqı unutmaq da demək olar. Nə deyirlər desinlər. Çox az adam ola bilər ki, sabitləşmiş fikrinə 50 yaşdan sonra bir şeylər əlavə eləsin. Elə hesab edirəm ki, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı  daxil olmaqla Azərbaycan ədəbiyyatının humanist istiqaməti və dünya meridianlarına çıxa biləcək bir yolu var. 
XIX, XX, XXI əsrlərdə yazılmış əsərlər üzərində dəyərləndirmə aparsaq, Mirzə Cəlilin  “Anlamaq dərdi” və sadaladıqlarım şəxslərin əsərləri Füzuliyə qoşulmaq, onunla bərabər addımlamaq, Füzulini idrak etmək məqsədilə yazılıb. Məqsəd Füzulinin özüdür ki, o heç bir  qəlibə, heç bir ideologiyaya sığmayan  şair idi. Füzuli qəlibdə deyil, qəliblər Füzulinin içindədir. Bu mənada Füzuli həm “Bibliya”, həm “İncil”, həm “Quran” şairidir. Dini kitabların dışında olan bir insan şairidir. Onu Qurana, Tövrata bağlayan xətlər çox güclüdür. O, Nəsiminin hürufizmində olduğu qədər sufi şair deyil, təriqətlər, məzhəblər onun içindədir, o, təriqətin, məzhəbin içində deyil. Mənim idrak etdiyim, mənim anladığım Füzuli və onun kamil insanı budur. “Füzulim mənim”  kitabımda  da bunu yazmışam.

- Kamil müəllim, siz Alim Qasımovdan bəhs edən “Səs” kitabını da yazdınız. Alimin səsi ilə, Füzulinin sözü arasında hansı əlaqələr var?

- Səmimiyyət, dərinlik əlaqəsi var. İçdən gəlmə əlaqəsi var. Təbii ki, onlar arasında böyük zaman məsafəsi var. Füzuli sözü bəşəridi, o zaman məfhumuna sığmır, Alimin səsi də insana xitab edən, onu düşündürən, təkrardan uzaq olan orijinal bir sənətdi. Bunları sintez etmək çox vacib məsələdir. Mən toylarda olmuşam. Orda məsələn, Rasim Balayevin şeir ifası ilə muğamın sehri dialoqa girir. Bu olduqca vacib bir dialoqdur. Tamaşaçı bu dialoqda dincəlir və öyrənir. O burda həm Füzulini görür, həm də onun söykəndiyi mənəvi qatları görür.

- Bəs onların arasında üsyan əlaqəsi yoxdu? Məncə o səsdə və sözdə yerdəkilərin göyə şikayəti var...

- Təbii ki, var. Füzuli möhkəm etirazçı olub. “Padişahi-mülk, dinarü dirəm rüşvət verib, fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri”.  O məşhur qitəsində təsbit edir ki, bəzən elə inqilab olur ki, o inqilaba ləşkər, ordu tab gətirə bilməz. Ayağının altından yer qaçar. Bu da millətin, xalqın üsyanıdır. Xalq istədiyini dəyişə bilər. El gücü sel gücüdür. O güclə hesablaşmamaq mümkün deyil. Füzuli də hələ o vaxtdan bunları çox gözəl bilib. Sadəcə o, sufi şairi olduğu üçün etiraza çox ağırlıq verməyib. Təsəvvüfü, sufi izahlar sistemi var. Həmçinin şairin o izahlardan dəyərləndirmə haqqı da mövcuddur. Füzuli də  sufiyanə izah üsulundan istifadə edib.

- Təsəvvüfdən danışdınız. Mümkünsə onu öz mövzumuzla əlaqələndirək. Bu gün təsəvvüf XXI əsrin insanını hansı rakursdan dəyişib inkişaf etdirə bilər?

- Demokratik insan əgər insandırsa, hissləri duyğuları varsa, ictimai zülmü, dövlətin basqısını görürsə, o vicdanının səsini dinləyib etiraz etməlidir. Deməlidir ki, burda haqq yoxdu, ədalət yoxdu. Əgər demirsə, bu o xalqın yekdil olmadığını göstərir. Çünki zülmə qarşı getmək İslamın təməl prinsiplərindən biridir. İnsan o zaman xoşbəxt olur ki, o bu mübarizədə öz istədiyi həyatı tapır. Doğrudur, həmin həyat da ideal deyil, amma, bu onun istədiyi həyatdır. Təsəvvüf də insanları ədalət naminə mübarizəyə səsləyir.

- Bir az daha real olanlara qayıdaq. Professor Rafiq Əliyevi necə xarakterizə edirsiniz? Sualın ardı var, ona görə bu cür soruşdum.


- Dostumdu, çox qiymətli alimdi. Qeyri-səlis məntiqə aid çox dəyərli araşdırmaları var. Bu sahədə dünyanın azsaylı alimlərindən biridir.

- Onunla müsahibədə belə bir cümlə işlətmişdi. “İnsanlar həqiqətin yox, maddiyatın yanındadır”. Siz bu fikirlə razısınız?

- Bir az o cür düşünmürəm. Sözün ilk və sonrakı mənaları var. Birinci məna bütün kateqoriyaların, bütün söhbətlərin ana xəttidir. Sonrakılar isə kamilləşmə prosesindən sonra anlaşılır. Mənim bir yazım var: “Yalanla həqiqəti ayırmaq lazımdı”. Həqiqət birdi, yalan mindi. Həqiqət bir dəfə özünü göstərir. Şahmatda olduğu kimi. Bir gediş düzdü. O biri gedişlərin hamısı yalandı. Məsələn, Quran ayələrində həqiqətlər təsvir olunur. O həqiqətin dışarıda qalan minlərlə mənası var. Onların hamısı yalandır. Amma Quranın  bəlirlədiyi, dəqiqləşdirdiyi həqiqətlər qalır və onların da özünə görə əhəmiyyəti var. Amma mənə elə gəlir ki, Aşıq Ələsgər demiş, “məcazi danışıb, məcazi gülmək” yalanın payını artırır. Onun üçün də şeirin ən yalanı onun ən gözəlidir. Yalanın imkanları da həqiqətdən genişdir. Yalana güc verən də şeytandır. Allahın gücü həqiqətdə, səmimiyyətdə, yalanın gücü isə şeytandadır.

- XXI əsrdə alimlərimizin bəziləri xarici ölkələrə getdilər. Bu “beyin axını” cəmiyyətin gələcəyinə nə kimi ziyanlar vura bilər?

-
Bu çox acınacaqlı haldır. Vallah, mən “matematik” cavab verməyəcəm. Hansı sahədə alimlər gedibsə, ordakı boşluq, olmalı olan, amma olmayan araşdırmalar, tədqiqatlar o alimlərlə burda qalan alimlər arasındakı mövqe fərqini müəyyənləşdirə bilər.

- Xaricə dərs deyən hansı azərbaycanlı alimlər var ki, onların bu gün  vətənə qayıtması vacibdir?

- Ad çəkmək istəmirəm. Çoxunun o istiqamətdə fəaliyyətini təqdir edirəm. Kefindən getməyib ki, acından gediblər. Zəhməti onu dolandıra bilmədiyi üçün Amerika, Yaponiyaya gedir. Yüksək də əmək haqqı alır. Bir növ beynini satmalı olur. Təbii, yaxşı olardı ki, o alimlər vətəndə işləsin,  amma vətəndə ona iş vermirlərsə, onu saymırlarsa, həmin “beyin axını”na haqq qazandırmaq olar. Məsələn, Rafiq Əliyevi işdən çıxartdılar. Rafiq müəllimi dünyanın ən avam xalqı da işdən çıxartmaz. Çünki o böyük alimdir. Nadir sahənin nadir alimlərindəndir. Onu işdən çıxarymaq azad düşüncəyə sayğısızlıqdı, insana sataşmaqdı, yumruq göstərməkdi.

- Sonda XXI əsrin gənclərinə tövsiyələriniz...

- Tövsiyəm odur ki, indi oxumayan bir nəsil yetişir. Oxusunlar, çox oxusunlar. Məsələn, mənim yadıma gəlir ki, biz sovet vaxtı çox oxuyurduq. Hər sahəyə aid kitablar oxuyurduq. İyirmi cildə yaxın “Memarlıq və memarlar” kitabını, Fişerin şahmatda bütün fəndlərini, partiyalarını oxuyurduq, öyrənirdik. Maraq dairəmiz çox geniş idi. Hər şeyə can atırdıq. Nələrisə əxz etməyə çalışırdıq. İndi elə bir nəsil yoxdu. İndi oxumayan nəsil var, oxumağa nifrət edən bir nəsil var. 



Elmin NURİ

Foto: Elçin MURAD

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi