Modern.az

ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamırıq”

ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamırıq”

21 Aprel 2010, 09:37

ABŞ Dövlət Departamenti rəsmi Bakının Birləşmiş Ştatları və Minsk qrupunu Qarabağ nizamlama prosesində Ermənistanın tərəfini saxlamaqda ittiham etməsinə münasibət bildirib. Modern.az xəbər verir ki,  Amerika  Dövlət Departamenti sözçüsünün müavini vəzifəsini icra edən Mark C. Toner “Amerikanın Səsi”nin Azərbaycan şöbəsinə verdiyi müsahibədə ABŞ-ın  Dağlıq Qarabağ konfliktində heç bir tərəf saxlamadığını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən Minsk Qrupunun səylərini ən yüksək səviyyədə dəstəklədiyini deyib.

Toner Azərbaycanla münasibətlərdə heç bir soyuqluq olmadığını və ATƏT-in Minsk Qrupunun həmsədri kimi konfliktin uzun dönəmdə həll olunmasında Birləşmiş Ştatların hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistanla - ortaq razılığa gəlinməsi yolunda çalışdığını deyib.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır. Lakin biz tərəf saxlamırıq. Biz Minsk Prosesini dəstəkləyirik və münaqişənin dinc yolla həll edilməsinə tərəfdarıq”.

Türkiyə-Ermənistan danışıqlarına gəldikdə isə Toner bunları deyib:  “Biz Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik. Bu, regionun maraqlarına uyğundur. Eyni zamanda biz Minsk Prosesini ən yüksək səviyyədə dəstəkləyirik. Biz Dağlıq Qarabağ münaqişəsində sülh razılığının əldə edildiyini görmək istəyirik və  buna nail olmaq üçün hər iki tərəflə, həm Azərbaycan, həm də Ermənistanla işləyəcəyik”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla görüşü və Türkiyənin Dağlıq Qarabağ münaqişəsində mümkün rolu haqda şərh  verən Toner  bu ölkənin ABŞ-ın güclü tərəfdaş və müttəfiqi kimi  regionda konstruktiv rol oynadığını  qeyd edib.

“Türkiyə regionda güclü tərəfdaş və müttəfiqdir.  Biz inanırıq ki, o regionda konstruktiv rol oynayır.  Əlbəttə nazir Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ situasiyası və Minks prosesi müzakirə olundu.  Bizim region üçün hədəflərimiz Ermənistanla Türkiyə, habelə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır və biz hər iki hədəfə nail olmaq üçün öhdəlik götürmüşük".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər