Modern.az

Şaumyanın oğlu Nərimanova qarşı - işə Heydər Əliyev də qarışır - FOTOLAR

Şaumyanın oğlu Nərimanova qarşı - işə Heydər Əliyev də qarışır - FOTOLAR

16 Sentyabr 2013, 13:26


Modern.az
saytı “Yeni Bakının köhnə heykəlləri” adlı yeni layihə təqdim edir. Əsasən Bakıda uzun illər öncə ucalan heykəllərə həsr olunan bu layihədə abidələrin tarixi, hazırlanma prosesi onların taleyi ilə bağlı maraqlı məlumatlar təqdim ediləcək. İlk yazı isə paytaxtın ən hündür yerində ən hündür heykəl olan “Nəriman Nərimanova” həsr edilir. 1972-ci ildə açılışı olan heykəlin müəllifi Cəlal Qaryağdıdır.

“Nərimanov paltosunu qolunun üstündən salmış, kepkasını isə arxa tərəfdən əlində tutub. Gözləri qayğılıdır, baxışları məchul bir nöqtəyə zillənib: daha işıqlı, daha xoşbəxt gələcəyə....”.

Sovet dövrü, 1960-cı illər... Bir qrup jurnalist emalatxanasında Nəriman Nərimanovun heykəlini hazırlayan məşhur heykəltəraş Cəlal Qaryağdıdan kiçik müsahibə alır və işin gedişi ilə maraqlanır. Sonradan paytaxtın ən hündür heykəli olacaq “Nərimanov” abidəsi haqda “necə oldu ki, inşa etmək istədiniz” sualına heykəltaraş belə cavab verir: “Bu mənim çoxdankı arzum idi. Hələ Hökumət evinin qarşısında qoyulmuş Leninin heykəlini düzəldəndə Vladimir İliçin dostu olan Nəriman Nərimanovun da heykəlini yaratmaq arzusuna düşdüm”.

Nərimanov, Cəlal Qaryağdı və “Nərimanov”

“O vaxt uşaq idim. Nərimanovu da cəmi bircə kərə kiçik yaşlarımda Şuşada görmüşdüm. Bilmirəm, hansı münasibətlə çıxış edirdi. Amma onu həmin vaxt bircə dəfə də görməyim abidə üzərində işimi yarıbayarı asanlaşdırdı. Bundan başqa Nərimanovu yaxından tanıyan dostları ilə ayrı-ayrılıqda görüşüb onun barəsində söhbətlər etmişəm və qələmindən çıxan bütün yazılarını oxumuşam...”.
Heykəltəraş bu işə böyük məhəbbətlə başlayır. Təkcə eskiz variantı bir neçə dəfə dəyişdirilir və ən optimal eskiz variantı iki metrlik modelə köçürülür. Bu işlərin hamısı bitəndə artıq 1966-cı il idi. Yəni, təkcə 2 metrlik model və 59 santimetrlik eskiz variantı düz 7 ilə başa gəlir. Həmin vaxt sovetin təbliğat maşını olan qəzetlərdən biri bu münasibətlə ondan açıqlama alır:
“Görkəmli partiya və dövlət xadimi, sədaqətli leninçi (bu yüz faiz qəzet redaktorunun əlavəsi olub) Nəriman Nərimanovun abidəsi üzərində uzun müddətdir ki, çalışıram. İki metrlik modelini bitirmişəm. İndi abidənin özü üzərində çalışıram. Hündürlüyü 30 metrdən yuxarı olacaq və Cənubi Sovet rayonunda qoyulacaq...”.
Heykəl hazır olur, amma..... Burda da nəsə baş verir. Səbəb isə,

Nərimanov şəxsiyyəti və erməni  fitnəsi

olur. Əvvəlcə, Nərimanovun şəxsiyyət olaraq millətçi kimi tanınması onun adını əbədiləşdirəcək heykəlin ucaldılmasına mane olur. Sual yarana bilər ki, axı heykəlin iki metrlik modeli təsdiq olunmuşdu. Yaxud da ki, heykəlin özü dövlət komissiyası tərəfindən sifariş edilmişdi. Bəs necə olur ki, hazır olandan sonra yerləşdirilməsi təxirə salınır? Onu nəzərə alaq ki, həmin dövr çox ziddiyyətli, qaranlıq və idarəetmə mexanizmi baxımından mürəkkəb dövr idi. Qaryağdının bütün ruhunu qoyaraq möhtəşəm ucalıqda bir əsər ortaya gətirməsi bəzi qüvvələri narahat edirdi.

Mərhumun oğlu və davamçısı heykəltaraş Cəlil Qaryağdı bu barədə danışır: “İşin əsası 1959-cu ildə qoyulur. Dövlət komissiyası tərəfindən sifariş verilir və onun eskiz variantı hazırlanmağa başlanılır. Eskizin hündürlüyü 59 santimetr olur və yumşaq gil materailından hazırlanır. Heykəlin 2 metrlik modeli 1966-cı ildə tam başa çatır və qəbul edilir. Birinci proyektə görə heykəlin hündürlüyü kürsü ilə birlikdə 35 metr olmalı idi. Müəyyən səbəblərə görə bu iş dayanır. Nərimanova millətçi adı verilmişdi. Bu işdə Şaumyanın oğlunun əli var idi. Beləliklə də məsələ dayanır”.

Bir müddət heykəltaraşın emalatxanasında qalan iki metrlik maket öz taleyinin aqibətini gözləyir. Artıq heykəltaraş yeddi il üzərində işlədiyi maketi ancaq gələcəyə inam hissi ilə saxlayır. Yəni onun böyüdülüb ucaldılmasına hələ ki, inanmır. Amma günlərin bir günü

Emalatxanada Heydər Əliyevlə görüş

baş tutur. Həmin görüşün iştirakçıları iki nəfər olur. Bir sənətkarın özü, bir də bütün sovet imperiyasında məşhur bir şəxs - Heydər Əliyev. Oğlu Cəlil Qaryağdı bu görüşün tarixçəsini danışır:

“Atam danışırdı ki, Əziz Əliyevin qəbirüstü proyekti hazırlananda o da orda iştirak edib. Sonradan yəqin ki, bu səbəbdən Heydər Əliyev də bu emalatxanaya gəlir. Bax, Nəriman Nərimanov heykəli bu emalatxanada işlənilib. Emalatxanaya gələrkən bu heykəli görüb. Atamdan maraqlanıb ki, bu nə məsələdi. O, da vəziyyət barədə danışıb. Qısası, “Moskva icazə vermir”.
Heydər Əliyev bir söz demir. Astaca başını tərpədir. Günlərin bir günündə, 1969-cu ildə bu işə yenidən start verilir. Ləmbəranski gəlib atamı təbrik edir ki, “Nərimanova icazə verilib”.
Arxivdən Nərimanovun xeyrinə işləyən material tapırlar. Leninlə məktubları və başqa sənədlərə görə heykəlin inşası rəsmiləşib. Böyük sürətlə smeta qurulur. Heykəltaraş 2 metrlik modeli hazırlayandan sonra o nöqtələnir və o nöqtələrə əsasən iş böyüdülməyə başlanılır. Onu böyümə prosesinə də məxsusi insanlar baxır. Iki hissədən ibarət olur. Heykəlin özü 20 metr, pedestal isə 12 metr olur O işi qüvvəyə mindirən, rəsmiləşdirən Heydər Əliyev olub”.

Göründüyü kimi, Heydər Əliyev emalatxanada məsələyə sakit münasibət bildirsə də, başını tərpətməkıə kifayətlənsə də, kənarda çox böyük işlər görülür. 1969-cu ildə başladılan böyüdülmə işi 1972-ci ildə başa çatır. Elə həmin il də heykəlin təntənəli açılış mərasimi olur. Həmin vaxt artıq Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev də orda çıxış edir.

“Ay Cəlal, get, o kişini...”

Sanki Nərimanovun özü kimi, heykəlinin də taleyi heç gətirmirdi. Bu dəfə erməni mənfurluğu işə başlayır. Belə ki, heykəlin şəhərdə ən uca heykəl olacağını xəbər alan bir qrup erməni Moskvaya təxribat xarakterli məktub yazır. Məzmununda Nərimanov heykəlinin Kirov heykəlindən hündür olması və bunun da millətçilk aktı kimi dəyərləndirilmə prinsipi qeyd olunur. Kreml işə qarışır. Amma artıq iş-işdən keçmişdi. Çünki tuncdan tökülən heykəli heç cür balacalaşdırmaq mümkün deyildi. Məcburiyyət qarşısında heykəlin kürsünü-pyedestalını kiçildirlər. Təbii ki, sənətkar bundan çox narazı qalmışdı. Dostları zarafatla ona deyirdilər ki, “ay Cəlal, get o kişini uzunqulaqdan düşür”. O da “onları Sovet höküməti mindirib düşürməyib, öz boyunlarınadı” deyə cavab verərmiş.

Heykəlin ətrafında ucaldılan binalar heykəltaraşı ölümünə qədər ən çox narazı salan səbəblərdən idi. Çünki heykəl binaların arasında öz baxış dairəsini kiçildirdi. Uzaqdan seyr üçün nəzərdə tutulan abidə demək olar ki, çox dar bir kəsimdən görünə bilir.  Beləliklə,  binaların tikilməsi səbəbindən heykəl öz görüm nöqtəsini itirir. Sənət əsərini ancaq uzaqdan seyr etmək mümkündü. Yaxından isə o nəhəng,  dağ timsalı, hətta kiçik yaşlıları qorxuda biləcək qədər bir əzəmətə malikdir. Bütün şəhərdən seyr edilməsi üçün nəzərdə tutulan heykəl yaxındakı seyirçiyə heç nə ötürmür. Əslində gözəl kompozisiyaya sahib olan abidə uzaqları özünə cəlb etmə funksiyasını çox əla bacara bilərdi. Əgər sonrakı tikililər olmasaydı…



Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...