Modern.az

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri: “Suriyada baş verənlər xalq inqilabıdır, biz xalqın tərəfindəyik” - MÜSAHİBƏ

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri: “Suriyada baş verənlər xalq inqilabıdır, biz xalqın tərəfindəyik” - MÜSAHİBƏ

16 Sentyabr 2013, 14:07

“Mümkün olan bütün vasitələrlə mövcud zülmün qarşısını almağa çalışırıq”


Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Azərbaycana yeni gəlib. Bundan əvvəl Yaponiyada 5 il yarım, Böyük Britaniyada da eyni müddətdə diplomat kimi fəaliyyət göstərib. Deyir elə magistr təhsilini də Londonda alıb. Səudiyyə Ərəbistanı XİN-də beynəlxalq iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra səfir kimi ilk təyinatını Azərbaycana alıb. Mətbuata da elə ilk müsahibəsini Modern.az saytına verir.

-  Cənab səfir, 3 aya yaxındır ölkəmizdəsiniz. Bundan əvvəl Azərbaycanda səfərdə olmuşdunuzmu, yoxsa, səfir kimi ilk gəlişinizdir?

- Doğrusu, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana səfir kimi təyin olunmağımdan öncə bu möhtəşəm ölkəni ziyarət etmək şərəfi mənə nəsib olmayıb. 3 ay öncə bura gəldiyimdə Azərbaycandakı inkişafı və tərəqqinin şahidi oldum. Bundan sonra daha da ölkənizin inkişaf etməsini, çiçəklənməsini arzulayıram. 

- Ölkəmizə gələnlər azərbaycanlıların istiqanlı, qonaqpərvər olduğunu deyir, yəqin ki bu sizdən də yan keçməyib...

- Burada hər şey ürəyimcədir. Gerçəkdən də qonaqpərvər, cana yaxın insanlarsınız.  Ailəmlə Qəbələ şəhərində olduq, gəzməli yerlərini gördük. Burada heç bir çətinliklə qarşılaşmadıq.  Milli mətbəxiniz bizim mətbəxə bənzəyir, çox bəyəndim. Fəaliyyətim dövründə ölkənizin görməli yerlərini gəzməyə, tarixi məkanlarla tanış olmağa, insanlarla təmas qurmağa çalışacağam.

-  Azərbaycanla hansı sahələrdə əlaqələriniz geniş inkişaf edib?

- Ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Bu, xüsusən də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində olan siyasi əməkdaşlığa aiddir. İki dövlət arasında bağlanmış çoxsaylı sazişlər vasitəsilə iqtisadi, ticari investisiya sahəsində olan əlaqələrin daha da inkişaf etdirilməsinə səy göstəririk. Səudiyyə Ərəbistanı - Azərbaycan hökumətlərarası birgə komissiyanın növbəti iclasından sonra iki ölkə arasında olan ticarət dövriyyəsi və investisiyaların həcmi yüksələn xətlə inkişaf edəcəkdir.

- Bəs iki ölkə arasında parlamentlərarası əlaqələr barədə nə deyə bilərsiniz?

- Hər iki ölkə arasındakı parlamentlərarası əlaqələr də güclü və yüksək səviyyədədir. Səudiyyə Ərəbistanının Şura Məclisi və Azərbaycan Milli Məclisi arasında mövcud əməkdaşlıq parlamentin dostluq qrupu və parlament üzvlərinin ikitərəfli səfərləri vasitəsilə həyata keçirilir.

- Amma deyəsən, təhsil sahəsi elə də inkişaf etməyib...

- Bildiyiniz kimi, hazırda Azərbaycanda səudiyyəli tələbələr yoxdur. Bu baxımdan biz təlim-tədris sahəsində də əlaqələrin gücləndirilməsi işlərini davam etdirəcəyik.  Amma Səudiyyə Ərəbistanında az sayda azərbaycanlı tələbələrin təhsil aldığı haqda məlumatım var.

- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə rəsmi Ər-Riyadın mövqeyi bəllidir, Azərbaycanın yanında olacağını deyən Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələri hələ də qurmayıb. Nə zamansa adıçəkilən ölkəylə diplomatik münasibətləri qurmağı düşünürsünüzmü?

-  Bəli, Krallığın Dağlıq Qarabağ məsələsi ilə əlaqəli mövqeyi aşkardır. Bu da adı çəkilən məsələ ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin çıxardığı qərarlara uyğun olaraq, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan ərazilərinin bütövlüyü və toxunulmazlığına olan dəstəyində ifadəsini tapmışdır. Dediyiniz kimi, hazırkı dövrə qədər də Krallığın Ermənistanla heç bir diplomatik əlaqəsi olmayıb...

- Zəngin neft yataqlarına görə Səudiyyə Ərəbistanı dünyada birinci yeri tutur. Ölkə iqtisadiyyatını daha hansı sahələr təşkil edir?

- Həqiqətən də, Səudiyyə Ərəbistanı Krallığı neft ixrac edən ən böyük dövlət hesab olunur. Buna görə də ölkə daima dünya bazarında enerjiyə olan tələbatı ödəmək üçün səy göstərir. Bu məqsədlə paytaxt Əl-Riyadda neft istehlak və istehsal edən ölkələrin dialoq forumunun baş katibliyini təsis edib. Bundan başqa Krallıq neft yataqlarının inkişaf etdirilməsi və Əl-Cubeyl və Yənbu kimi sənaye şəhərlərinə 500 milyard ABŞ dollarlıq investisiya qoyub. 

- Bildiyimə görə, insanların arzusu nəzərə alınmaqla onların kralla şəxsən görüşünə, problemləri kralın diqqətinə çatdırılmasına şərait yaradılır. Bu, bütün ölkə vətəndaşlarına şamil olunurmu?

- Kral Abdullah, Allah onu qorusun, xalqla tez-tez görüşür, onlarla birgə əyləşib problemlərini dinləyir və həlli yollarına çalışır. Bu, onun uzun illərdən bəri mövcud olan adətidir. Hökumətin, böyüklərin qapısı xalqın üzünə hər zaman açıq olur. Bəzən hətta lazım gəldikdə problemlərin həll olunub-olunmamağından əmin olmaq üçün kral vətəndaşlara bir daha baş çəkir. Hər bir səudiyyə vətəndaşı onunla istənilən vaxt görüşə bilər.  Bir məsələni də vurğulamaq istəyirəm.  Hər il sentyabr ayında qeyd etdiyimiz Milli Gün bütün səudiyyəlilər üçün möhtəşəm və əzəmətli bir gün hesab olunur. Bu tarixdə rəhmətə gedən kral Əbdüləziz bin Əbdülrəhman Al Səud Səudiyyə Ərəbistanı Krallığını bir dövlət halında birləşdirmişdi. 83 il öncə başlamış bu inkişaf yolunu daha sonra onun övladları kral Səid, kral Feysəl, kral Xalid, kral Fəhd və nəhayət kral Abdullah davam etdirib. 

- Terrorçunun dini və vətəni olmaz. Təəssüf ki, müqəddəs aylarda ərəb - müsəliman ölkələrində terror hadisələrinin baş verməsi terrorçular üçün ənənəyə çevrilib. Bunun kökündə nə dayanır?

- Terrorizm hər bir ölkədə mövcuddur, bu yalnız müsəlman ölkələrinə aid deyil. Bu fikrin daşıyıcıları İslamı ifadə və təmsil etməyənlərdir. Bildiyimiz kimi islam dini sülh və tolerantlıq dinidir. Səudiyyə Ərəbistanı Krallığı özü də digər ölkələr kimi terrordan əziyyət çəkib. Bu bəla ilə mübarizə etmək üçün daim əlindən gələni edib və hələ də davam etməkdədir. Krallığın BMT-nin nəzdində olan Terrora Qarşı Beynəlxalq Mərkəzin yaradılmasında, eləcə də maliyyələşdirilməsində və onu dəstəkləməsində böyük rolu olub. Bir ay öncə isə 100 milyon dollar məbləğində yardım edilib.

- Terrordan söz düşmüşkən, Səudiyyə Ərəbistanı Suriyada baş verən iğtişaşlarda müxalifətin tərəfində olduğunu bəyan edib. Niyə məhz müxalifətin?

- Suriya xalqı həqiqətən də bir çox zülmə, repressiya və işgəncələrə məruz qalıb. Onlardan ən sonuncusu kimyəvi silah vasitəsilə törədilmiş qırğındır. Biz Səudiyyə Ərəbistanı olaraq Suriya xalqının yanındayıq. Mümkün olan bütün vasitələrlə mövcud zülmün qarşısını almağa çalışırıq. Suriyada baş verənlər xalq inqilabıdır, biz xalqın tərəfindəyik.


Laçın SƏMLA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!