Modern.az

"NATO tüpürdüyünü yaladı”"

"NATO tüpürdüyünü yaladı”"

21 Aprel 2010, 17:19

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev: " Azərbaycanın iki yolu var...”

 

 

- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfəri çox böyük marağa səbəb oldu. ABŞ-dakı məlum müzakirələrdən sonra Davudoğlunun Bakıya gəlməsi müəyyən mesajların Azərbaycan hakimiyyətinə çatdırılması kimi dəyərləndirildi. Partiya sədri, millət vəkili olaraq siz bu səfəri necə qiymətləndirirsiniz?

 

- Əhməd Davudoğlunun Bakıya səfərini müsbət qiymətləndirirəm. Türkiyənin son vaxtlar Dağlıq Qarabağ məsələsində tutduğu mövqeni də təqdir edirəm. Ermənistanla protokolların imzalanması siyasi baxımdan nə qədər yanlış qərar idisə, Azərbaycanla qardaş ölkənin son günlərdə artan təmasları bir o qədər ürəkaçan və tədqir olunası haldır. Əslində iki qardaş respublika arasında münasibətlər bu səviyyədə, bəlkə də bundan daha yaxşı olmalıdır. Məlumdur ki, indi Azərbaycan çox böyük təzyiqlərlə üz-üzədir. Bunun arxasında Dağlıq Qarabağ məsələsində Azərbaycanı güzəştlərə məcbur etmək istəyi dayanır. Bizi məcbur etmək istəyirlər ki, işğalçı dövlətin irəli sürdüyü şərtləri qəbul edək. Halbuki hərbi gücdən istifadə, hansısa dövlətin ərazisini işğal etməklə hər hansı bir siyasi şərt irəli sürmək, işğala məruz qalandan güzəştlər tələb etmək birbaşa BMT-nin nizamnaməsinin tapdanması və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Buna baxmayaraq, Ermənistan açıq formada Azərbaycanın güzəştə getməyini istəyir. Açınacaqlısı isə budur ki, böyük dövlətlər bunu normal formada qəbul edirlər. Türkiyə istisna olmaq şərtilə Minsk qrupunun üzvü olan dövlətlər, o cümlədən həmsədrlər elə davranırlar ki, sanki hər şey elə belə də olmalıdır. Onların qənatinə görə, Azərbaycan torpaqlarının işğal altında olmasını nəzərə almalıdır və torpaqların işğaldan azad olunması müqabilində Dağlıq Qarabağın statusu ilə bağlı ciddi güzəştə getməlidir.

ABŞ niyə bu yolu tutub, Azərbaycana niyə bu qədər təzyiq göstərilir? Çünki ABŞ-da çox ciddi erməni lobissi var. Erməni lobissi çalışır ki, Dağlıq Qarabağı erməni lobbisinin əli ilə Azərbaycandan qoparsın. ABŞ prezidentləri hər zaman buna təhrik edilib. İndiki prezident Obama daha təcrübəsiz və gənc olduğuna görə erməni lobbisinin təzyiqləri qarşısında duruş gətirə bilmir. Həzərə almaq lazımdır ki, Obama prezident olmamışdan qabaq cəmi iki il senator olub, başqa bir fəaliyyətlə yadda qalmayıb. Bundan başqa Obamada çox təəssüf ki, natamamlıq kompleksi var. Söhbət ondan gedir ki, Obamanın atası müsəlmandır. Atasının müsəlman olmasından utanc, başıaşağılıq gətirən fakt kimi Obamaya qarşı kompramat materialı kimi istifadə edilir. O da müsəlman olmadığını sübut etmək üçün daha çox canfəşanlıq edir. Təəssüf ki, bu natamamlıq kompleksi ona imkan vermir ki, ən azından əvvəlki prezidentlər səviyyəsində bu məsələyə yanaşa bilsin. Bir sözlə çox çətin vəziyyət yaranıb və Türkiyənin bu məqamda Azərbaycanın yanında olması, ölkəmizin maraqlarını qorumaq istiqamətində addımlar atmağa cəhd göstərməsi müsbət dəyərləndirilməlidir. Təəssüf ki, Türkiyə Ermənistanla məlum protokolları imazalamaqla Azərbaycanı beynəlxalq güclərin təzyiqi qarşısında buraxdı. Biz o vaxt proqonozlaşdırmışdıq ki, protokolların imzalanmasından sonra təzyiqlər birbaşa Azərbaycana yönələcək. Böyük dövlətlər o cümlədən ABŞ Azərbaycana təzyiq edəcək ki, siz sərhədlərin açılmasına razılıq verin. Türkiyə faktiki surətdə belə bir mesaj verdi ki, baxın, mən protokolları imzalamışam, amma Azərbaycan bizə qardaş ölkədir, onlar sərhədlərin açılmasına razı deyillər və etiraz edirlər, biz də Azərbaycanın razılığı olmadan sərhədi aça bilmərik. Türkiyə protokolların imzalanmasına Azərbaycandan ciddi etirazların olacağını bilirdi. Onu da bilirdilər ki, bütün təzyiqlər Azərbaycana yönələcək. Təəssüf ki, Türkiyə Azərbaycanı təzyiq altında qoyub və bu təzyiqin nəticəsi olaraq İlham Əliyev də ABŞ-a dəvət olunmadı. Bəli, Türkiyə bu gün bizi müdafiə edir, buna görə qardaşlarımıza minnətdarıq, amma vəziyyətin bu dərəcədə dramatikləşməsində Türkiyənin həmin protokolları imzalamasının rolu olub. Türkiyə özü yaratdığı problemin həllində ciddi səy göstərməli, problemi aradan qaldırmalıdır. İmkan verməməlidir ki, təzyiqlər Azərbaycanı sındırsın, Qarabağ itirilsin.

- Bütün təzyiqlərə baxmayaraq protokollar hələ ki, ratifikasiya olunmayıb. Eyni zamanda Dağlıq Qarabağla bağlı istədiklərini Azərbaycandan ala bilməyiblər. Bu baxımdan demək olarmı ki, ABŞ istədiklərinə hələ nail ola bilmir?

- Bizim partiya başda olmaqla Azərbaycan cəmiyyətinin böyük bir kəsimi Amerikanın ikiüzlü siyasətinin mahiyyətini ortaya qoydu. Həticədə protokolların imzalanmasından ABŞ tam şəkildə faydalana bilmədi. Ölkəmizdə tam bir anti-Amerika əhval-ruhiyyəsi yarandı. Bundan sonra hansı addımlar atdılar? Dərhal bir tədbir keçirdilər, ABŞ Azərbaycanlıları Cəmiyyəti ilə... Bu tədbirdə heç bir ciddi əsas olmadan Azərbaycan əleyhinə fikirlər səsləndirildi. Ancaq ölkə rəhbərliyinin Madrid prinsiplərinə razılıq verməsini şəxsən mən güzəşt kimi dəyərləndirirəm. Düzdür, belə bir versiya da var ki, Azərbaycan taktiki addım kimi bu gedişi edib. İnanmaq çətindir ki, hökumət belə bir addım atsın. Ona görə də, buna gedən hər hansı bir siyasi qüvvə sonda məhz bu prinsipləri qəbul elətdirən qüvvələr tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılacaq. Madrid prinsiplərini real olaraq qəbul edəndən sonra Azərbaycan xalqı heç bir halda həmin iqtidara dəstək verə bilməz. Faktiki surətdə xalqın dəstəyindən məhrum olmuş iqtidarı isə Azərbaycan reallıqlarında siyasi hakimiyyətdən uzaqlaşdırmaq o qədər də çətin məsələ deyil. Xüsusilə böyük güclər bunu istəsə...

- Bu yerdə bir məqama münasibətinizi öyrənmək istərdik. Siz təzyiqlərin Dağlıq Qarabağla bağlı olduğunu söylədiniz. Amma "ənənəvi müxalifət" partiyaları bu təzyiqlərin demokratiya ilə bağlı olduğunu iddia edirlər. Adını çəkdiyiniz tədbirdə səslənən fikirlər məhz bu yöndə oldu...

- Əslində bu gün ölkəmizdə hər zaman ABŞ-dan siyasi hakimiyyət məsələsində dəstək gözləyən müxalifətin süni şəkildə fəallaşdırılması da Azərbaycana təzyiqlərin bir hissəsidir. Onlar artıq ənənəvi müxalifəti belə deyək, müəyyən qədər canlandırıblar. Bu canlandırma radikal müxalifət partiya rəhbərlərinin təbliği, reklamı ilə bağlıdır. Mən "Vaşinqton Post" qəzetində Əli Kərimlinin məqaləsinin çap olunmasını təsadüfi saymıram. Əminəm ki, bu ABŞ-ın siyasi dairələrinin xeyir-duası ilə atılmış bir addımdır. Azərbaycan iqtidarına təzyiq xarakteri, ölkəmizin beynəlxalq imicini korlanmasına xidmət məqsədi ilə bu addım atılıb. Krammerin Azərbaycanla bağlı tədbirdə qəzetin həmin sayını əlinə alıb, orada yazılanlarla tamamilə razı olduğunu dönə-dönə bildirməsi, Əli Kərimlinin başqa bir yazısının Türkiyə başbakanlığının saytında yerləşdirilməsi də təzyiqlərin və təbliğatın davamıdır. Mənə yadıma Ukraynada keçirilən bundan əvvəlki prezident seçkisini müşahidə etmiş, daha doğrusu Yuşşenkonun seçki qərargahında çox tez-tez olmuş dostlarımızdan birinin danışdığı maraqlı məqamlar düşür. O deyirdi ki, Yuşşenkonun qalib gəldiyi elan olunan seçkidən əvvəlki kampaniya dövründə bütün reklam çarxlarının mətni onun piarını təşkil edən şəxslər tərəfindən ingilis dilində yazılır, sonradan ukrayna dilinə tərcümə olunurmuş. Qucağında uşağı necə tutmağın məsləhətini də amerikanlar verirmiş. Hətta qapıdan necə çıxmağın də yollarını Yuşşenkoya öyrədirmişlər. Yəni, Yuşşenko seçki kampaniyası dövründə ancaq amerikalıların dediyi ilə oturub dururmuş. İndi Azərbaycanda da belə tendensiya müşahidə edilir. Mən istərdim ki, bizim vətəndaşlarımız bilsinlər, çox böyük ehtimalla bu yazılar sifarişlə hazırlanır. Baxın, həmin yazıda indiyədək "Vaşinqton Post"da olduğu kimi Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi haqqında bir kəlmə də yazılmayıb. Azərbaycanın torpaqlarının işğal olunması, ABŞ-ın işğalçıya yardım etməsi barədə məqalədə bir cümlə belə yoxdur. ABŞ ictimaiyyətinə deyilməli olan sözlərin bu məqalədə biri də deyilməyib. Əksinə Azərbaycan hakimiyyəti ciddi şəkildə tənqid olunub. Halbuki amerkanlara məhz ABŞ hökuməti ilə bağlı müəyyən mesajlar verilməli idi. Sözügedən tədbirdə Krammer bəyan etdi ki, ABŞ-la Azərbaycanın münasibətlərinin korlanmasının əsas səbəbi Azərbaycanda insan haqlarının pozulmasıdır. Daha öncə dedim ki, ölkəmizdə ciddi anti-Amerika əhval-ruhiyyəsi yaranıb. Onlar da məhz bundan narahatdırlar və xalqımızın rəğbətini yenidən qazanmaq üçün belə bir mesaj verməyə cəhd göstərdilər ki, biz sizin hüquqlarınızın qorunmasına görə Azərbaycan hökumətinə təzyiq edirik. Yəni, ABŞ tez bir zamanda valı dəyişdi. Azərbaycan cəmiyyəti bilməlidir ki, ABŞ Azərbaycanda demokratiyanın inkişafına heç bir zaman töhfə verməyib. Heç vaxt ölkəmizdə demokratiyanın inkişafına ABŞ tərəfindən ciddi dəstək olmayıb. İndi müəyyən şəxslərin başı aldadılır ki, bəs ABŞ kiməsə ciddi dəstək verəcək. Eyni zamanda deyilir ki, beynəlxalq ictimaiyyət Azərbaycana təzyiq edir ki, demokratiya inkişaf etsin, siyasi azadlıqlar genişlənsin. Ancaq inanın ki, bu insanları növbəti dəfə aldadacaqlar. Ola bilsin ki, yenə də bəzi insanları hökumətlə qarşıdurmaya çağıracaq, bundan öz şəxsi maraqları naminə istifadə edib, Azərbaycana təzyiqləri bir az da artıracaqlar.

- Belə fikirlər səslənir ki, Azərbaycan Qərb dünyasından uzaqlaşmaq yolu tutub və bu, yaxşı perspektiv vəd etmir. Azərbaycanın Rusiya ilə yaxınlaşması ilə bağlı da şərhlərə rast gəlirik. Bu fikirlərlə bağlı nə düşünürsünüz? Eyni zamanda sizcə ABŞ-ın ciddi təzyiqləri qarşılığında Azərbaycanın Rusiyaya üz tutması halı mümkündürmü və bu biz nə vəd edə bilər?

- Mən Azərbaycanın Rusiya ilə yaxınlaşmasının təhlükəli olacağını söyləyənlərə bir balaca kütbeyin olmamağı tövsiyyə edərdim. Müsabihənin əvvəlində də dedim, bu gün ən böyük erməni diasporu ABŞ-dadır. Hamı bilir ki, erməni diasporasının Ermənistana, erməni xalqına nə qədər böyük təsir imkanları var. Hamı da gözləyir ki, diasropa Ermənistana nə verəcək. Rusiya ilə yaxınlaşmaq bu qədər təhlükəlidirsə, bəs niyə erməni diasporu Ermənistanı Rusiyadan qopmağa, uzaqlaşmağa çağırmır ki, ay ermənilər siz Avropaya inteqrasiya olunmalı, Rusiyanın hərbi bazalarını Ermənistandan çıxarmalısınız. Bu, çox sadə bir məntiqdir. Erməni diasporu reallığı nəzərə alır, deyir ki, biz burada ABŞ-ın dəstəyini təmin edəcəyik, siz orada Rusiya ilə daha yaxın olun. Hə qədər gərək kütbeyin olasan ki, bunu görməyəsən, başa düşməyəsən. Sərkisyan həmişə ABŞ-a gedəndə Ermənistanın xarici siyasəti ilə bağlı diaspora qarşısında hesabat verir, niyə onun qarşısında Rusiyadan ayrılmağı şərt kimi qoymurlar? Qərbin bizə hər hansı bir ciddi dəstək verməməsinə baxmayaraq bir-iki qəfər dalqır özünü siyasətçi hesab edərək deyirlər ki, Azərbaycan Rusiya ilə yaxınlaşmamalıdır. Azərbaycanın Rusiya ilə yaxınlaşması istiqamətində atılan hər hansı bir addım xəyanətə bərabər addım kimi dəyərləndirilir. Maraqlıdır ki, bunlar hətta Gürcüstanda baş verənlərdən də nəticə çıxarmadılar. Halbuki mənim baxışlarımda müəyyən dəyişikliklər məhz Gürcüstan hadisələrindən sonra baş verib. Xüsusilə HATO-da deputatların ikiüzlülüyünü görəndən sonra mənim müəyyən məsələrlə bağlı mövqeyim bir qədər dəyişib. Gürcüstan torpaqlarını Rusiya işğal etdi, Sarkozi isə Tiflisə gəlib Saakaşviliyə sənəd imzalatdırdı, dedi ki, buna imza atmasan, paytaxtı da tutacaqlar. O vaxt Polşanın mərhum prezidenti Kaçinski çox israr etdi ki, o sənədi imzalamayın, bu faktiki surətdə işğala haqq qazandırmaqdır. Amma Sarkozi məcburi şəkildə sənədə imza atdırdı. Dalınca guya HATO Rusiya ilə bir müddət əlaqələri kəsdi, xalqın başqa qərarlar qəbul edəcəklərindən, Qərbə tüpürəcəklərindən çəkinərək emosional məqamda gürcü xalqını rəğbətini qazanmaq üçün görüntü xarakterli belə bir addım atdılar. Həmin ərəfədə danışıqları dayandırdıqlarını bəyan etdilər. Sonra kim kimə yalvardı: Rusiya HATO-ya, yoxsa əksinə. HATO yenidən tüpürdüyünü yaladı, Rusiya-HATO Şurasını bərpa elədi. Gürcüstanı müharibəyə təhrik edən ABŞ heç bir addım atmadı. Bilirsiniz ki, hadisələr ABŞ dövlət katibinin Gürcüstana səfərindən bir həftə sonra qızışdı, şəxsən mənimlə söhbətində gürcülər etriraf ediblər ki, onları ABŞ qızışdırıb, sadəcə bunu açıq deyə bilmirlər.

- Onu da nəzərə almaq lazımdır ki, Ukrayan və Gürcüstan çox səylər göstərsələr də onları HATO-ya qəbul etmədilər...

- Baxmayaraq ki, heç bir dövlət HATO-ya üzvülüklə bağlı veto qoya bilməz, ancaq Rusiyanın qorxusundan bu iki dövlət HATO-ya qəbul olunmadı. Bundan sonra o xalqlarda çox böyük ruh düşkünlüyü yarandı. Məhz Gürcüstan HATO-ya qəbul olunmayandan sonra Rusiya buranı işğal elədi. Abxaziya və Osetiyanı müstəqil dövlət kimi tanıdı. Məhz bundan sonra Ukraynada Qərbə inteqrasiya tərəfdarı olan Yuşşenko cəmi 5 faiz səs topladı, tam Rusiyapərəst bir şəxs hakimiyyətə gəldi. İndi İran məsələsinə görə, ABŞ Rusiyaya yaxınlaşmaq istəyir, şimal qonşumuzun irəli sürdüyü az qala bütün şərtləri qəbul etmək istəyindədir. Belə olduğu halda ABŞ-a güvənib addım atarlar, iş görərlər? Bizim bəzi başı boş dırnaqarası siyasətçilərin verdiyi açıqlamaları, bəyanatları görəndə ancaq təəccüblənirəm. Biz başa düşürük ki, onlar təhqir olunublar, buna görə də qisas almaq hissi ilə yaşayır, Azərbaycanın gələcəyini düşünmürlər. İstəyirlər ki, siyasi hakimiyyətə gəlib, onları təhqir edənlərdən qisas alsınlar. Ancaq nə qədər şəxsi hisslərin əsirinə çevrilmək olar? Dövlət adamı olmaq istəyən şəxs gərək belə hisslərdən daha yüksəkdə dayansın. Bəlkə də o zaman daha ciddi uğur əldə etmək, siyasi məqsədlərə çatmaq olar. Həinki başqa dövlətlərin bölgədə oynadığı oyunlarda epizodik rol almaqla... Azərbaycan xalqını Rusiya ilə bağlı məsələdə ciddi düşünməyə çağırıram. Real vəziyyət belədir: ya Azərbaycan uzun müddət gözləməlidir ki, elə bir dəyişiklik baş versin ki, Rusiyanın Cənubi Qafqaz siyasəti tamamilə dəyişsin. Bundan sonra Azərbaycan ərazi bütövlüyünü təmin edə bilsin. Hal-hazırda bunu proqnozlaşdırmaq mümkün deyil. Gözləməkdənsə, biz Rusiya ilə münasibətlərə yenidən baxa bilərik. Azərbaycan dövlət suverenliyini qorumaq şərti ilə Rusiya ilə o səviyyədə yaxınlaşmalıdır ki, hərbi qüvvələrdən istifadə edib öz torpaqlarımızın azadlığı uğrunda döyüşəndə Rusiya Ermənistanı müdafiə etməsin, onların tərəfindən Azərbaycana qarşı çıxmasın. Həm hüquqi baxımdan əlində bu imkanlar olmasın, həm də siyasi və hüquqi baxımdan... Azərbaycanda hamı fikirləşir ki, öz əlimiz, öz başımız olsun. Ancaq sənin 20 faiz torpağın işğal altındadırsa, o torpaqları sakit əldə etmək istəyirsənsə, nələrdənsə imtina etməlisən. Kimsə fikirləşirsə ki, Qərbin və Ermənistanın maraqlarını təmin etməklə Azərbaycan problemi sülh ilə həll edəcək, o köklü surətdə yanılır. Rusiya imkan verərmi ki, Sərkisyan hər hansı bir razılaşmaya getsin. İki yol var: ya Azərbaycan ölüm-dirim savaşına qalxmalı, beynəlxalq güclərin dediklərinə əhəmiyyət verməyib xalq öz torpağını azad etməlidir. Erməni görməlidir ki, kim ona nə verir-versin, müharibə onun üçün böyük faciəyə gətirib çıxaracaq. O halda beynəlxalq güclər də Azərbaycan xalqının iradəsi ilə razılaşacaq. Yox, əgər xalqı səfərbər edib, müharibəyə aparmağa özümüzdə güc tapmırıqsa, xalq buna getmirsə, ikinci yol heç şübhəsiz Rusiya ilə bu məsələni danışıb, razılaşıb, həll etməkdir. Azərbaycan xalqı da fərqində olmalıdır ki, başı üzərində hansı qara buludlar dolaşır.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi