Modern.az

QHT seçkidə “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

QHT seçkidə “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

17 Sentyabr 2013, 11:31


«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi oktyabrın 9-da prezident seçkilərində səslərin alternativ qaydada hesablanması məqsədilə «exit-poll» tədqiqatı təşkil edəcək. Bu barədə QHT-nin prezidenti Elçin Məmməd mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə qanunvericiliyə uyğun olaraq lazımi sənədlər artıq hazırlanıb və akkreditasiyadan keçmək üçün dünən qurumun sənədləri MSK-ya təqdim olunub. E.Məmməd onu da qeyd edib ki, “exit-poll” sorğusu 17 rayon və şəhəri əhatə edəcək: “306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində “exit-poll” tədqiqatı aparacağıq. Məqsədimiz oktyabrda ke­çi­ri­ləcək pre­zi­dent seç­ki­lə­ri­nin de­mok­ra­tik və şəf­faf əsas­lar­la təş­ki­linə dəstək verməkdir. Təbii ki, seçkilərin azad və ədalətli keçirilməsində QHT-lərin rolu böyükdür. «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi də dövlətimizin bu taleyüklü vaxtında öz tövhəsini vermək niyyətindədir. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer, ümumilikdə 306 intervüer iştirak edəcək və “exit-poll” sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçiriləcək. “Exit-poll”un nəticələri 2 saatdan bir ictimaiyyətə açıqlanacaq”. Təşkilatın rəhbəri onu da bildirib ki, Ukraynanın Beynəlxalq Siyasi Təhsil Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, “Demokratik Təşəbbüs” Fondu, Demokratiya Uğrunda İnstitutu təşkilatın bu sahədəki fəaliyətinə yaxından dəstək olacaqlar.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir