Modern.az

Hindistan Ermənistanı niyə silahlandırır? - Yeni müharibə...

Hindistan Ermənistanı niyə silahlandırır? - Yeni müharibə...

Dünya

22 Dekabr 2023, 17:04

Hindistan və Ermənistan 720 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistana “Akaş” hava hücumundan müdafiə sistemləri veriləcək.

 

Qeyd edək ki, bundan əvvəl mətbuatda Hindistanın Ermənistana “Pinaka” reaktiv yaylım atəş sistemləri tədarük edəcəyi barədə məlumatlar yayılıb. Vətən müharibəsindən əvvəl isə Ermənistan bu ölkədən Ermənistan Hindistandan “Swathi” atəş yeri aşkarlama radarları alıb.

 

Xatırladaq ki, bir neçə ay öncə mətbuatda Hindistanın İran üzərindən Ermənistana silah daşıması barədə görüntülər yayılıb. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.

 

Hindistanın Ermənistana silah tədarükünün hansı nəticələri ola bilər?

 

Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması səbəbindən Cənubi Qafqazda güc boşluğu yaranıb. Bundan istifadə edən Avropa İttifaqı (Aİ) ölkələri, xüsusən də Fransa, eləcə də Hindistan Ermənistana silah satmaqla Cənubi Qafqazda effektiv olmaq üçün mühüm addım atdılar.

 

O qeyd edib ki, Hindistanın İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Ermənistana dəyəri yüz milyonlarla dollar olan ağır silahlarını, tank əleyhinə raketləri, hər cür döyüş sursatını və hava radar sistemlərini birbaşa, bəzən İran üzərindən çatdırması dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib.

 

"Bu yaxınlarda Hindistanın müdafiə şirkəti "Bharat Forge Kalyani Group" şirkəti Ermənistanla MArG 155-BR özüyeriyən haubitsaların və ATAGS 155mm/L52 yedəkli haubitsalarının satışı üzrə ixrac müqaviləsi imzaladığını təsdiqləyib. Ermənistanın müdafiə ehtiyacları üçün Hindistanla artan əməkdaşlığı nəticəsində Hindistan Ermənistanın ən mühüm silah təchizatçılarından birinə çevrilib",- o deyib.

İmbat Muğlu "Bəs Hindistan niyə Qafqazın ən güclü iqtisadiyyatına malik ölkələrindən biri olan Azərbaycanı deyil, iqtisadi çətinlikləri olan Ermənistanı silahlandırır?" sualına belə cavab verib:

 

"Hindistanın Ermənistanı dəstəkləməsinin arxasında bir çox məqsəd olsa da, məncə, ən mühüm səbəb Azərbaycan-Pakistan münasibətlərinin qardaşlıq prinsipinə uyğun qurulmasıdır. Çünki Hindistanın Pakistana baxışı ilə, Ermənistanın Azərbaycana baxışı tamamilə eynidir. Yəni Hindistan Pakistanı düşmən kimi görür. Ancaq bizim üçün Pakistan  həyatımızdır. Azərbaycan Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan etdi. Pakistan 1991-ci il dekabrın 12-də Türkiyədən sonra Azərbaycanı müstəqil dövlət kimi tanıyan ikinci ölkə olub. 1992-ci il iyunun 9-dan etibarən inkişaf etməyə başlayan münasibətlərdə Pakistan bir çox məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın yanında olub. Ermənistanı dövlət kimi tanımayan, eyni zamanda Xocalıda törədilən soyqırımı pisləyən İslamabad rəhbərliyi hər fürsətdə İrəvanı sərt şəkildə tənqid edir. Pakistan Qarabağ müharibəsində həmişə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Türkiyə də bu tənliyə daxil edilib və əslində 2021-ci ildə Türkiyə, Azərbaycan və Pakistan xüsusi təyinatlıları Bakıda “Üç Qardaş 2021” adlı birgə hərbi təlim keçirib. Bundan başqa, qardaş ölkələr Türkiyə, Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq davam edir. Üç qardaş ölkənin bu gözəl həmrəyliyi davam etdikcə, Ermənistan-Hindistan cütlüyünün və onları dəstəkləyən digər dövlətlərin planları da davam edəcək... Bu kontekstdə hər mərhələdə Hindistan və Ermənistan arasında əməkdaşlıq yaxından izlənilməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi