Modern.az

Eks-deputat: “Onlar heç fikirləşmir ki, bu bir kampaniyadır, heç olmasa kişi sifətini saxlasınlar” - MÜSAHİBƏ

Eks-deputat: “Onlar heç fikirləşmir ki, bu bir kampaniyadır, heç olmasa kişi sifətini saxlasınlar” - MÜSAHİBƏ

Müsahibə

20 Sentyabr 2013, 10:14

Modern.az saytının “Sabiqlər” rubrikasında budəfəki müsahibi 2005-ci ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş eks-deputat Nazim Məmmədovdur.

– Hazırda nə işlə məşğulsunuz?

– Mən bir iqtisadçı alim kimi həmişə maarifləndirmə işi ilə məşğulam, bu gün də o işi davam etdirirəm. Keçmiş seçicilərimdən hələ də mənim deputat olmağımı zənn edənlər var və mənə öz problemləri iıə bağlı zəng edirlər. Çobankənd kəndindən, Göyəbaxan kəndindən və Şınıx kəndindən olan keçmiş seçicilərimdən üç telefon zəngi gəlib. Bu ayı nəzərdə tutursunuzsa, sentyabrın 2-8-i Polşada səfərdə oldum. Avropa Birliyinin patronajlığı ilə keçirilən "ikinci Davos" adlandırılan Economic Forum-da iştirak etdim. Həmin tədbirdə Azərbaycanın indiki iqtisadi durumunu, avro-atlantik məkana inteqrasiyasının perspektivlərini də müzakirə etdik.  Hemişəki kimi Ermənistandan olan iqtisadçı ve siyasətçilərlə də "polemikalarımız" oldu. Ən əsası bütün platformalarda Rusiyanın Gömrük İttifaqı və Avrasiya Birliyi ilə bağlı planları Rusiyanın postsovet ölkələrinə qarşı təzyiq siyasətini də kəskin şəkildə tənqid etdim. Bu tipli tənqidlər paradoksal olsa da, ermənilerin də dillərindən səslənirdi, Rusiyanın forpostu olduqlarını qəbul edirlər. Ancaq beynəlxalq tədbirlərdə özlərini vəziyyətə adekvat aparmağı da bacarırlar.

– 2005-ci ildə deputat olmağa necə qərar vermişdiniz?

– Namizədliyimi irəli sürməyim təsadüfən oldu. 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra onun ilk fərmanları:  Regionların  sosial-iqtisadi inkişafı proqramı və İşsizliyin aradan qaldırılması ile bağlı dövlet proqramları bir çox iş adamlarında yeni təşəbbüslər ortaya gətirdi. Çünki, az-çox iqtisadiyyatdan məlumatlı olan şəxs bilir ki, hər bir ölkənin milli burjuaziyası inkişaf etməsə, o ölkənin heç bir iqtisadi gələcəyi yoxdur. Mənim bir neçə kütləvi informasiya vasitələrində, o cümlədən Azərbaycan Televiziyasında “Günün nəbzi” adlı rubrikada bir iqtisadçı kimi aktual problemlərlə bağlı çıxışlarım oldu. Ele o çıxışlardan sonra jurnalistleə tərəfindən mənə diqqət artmağa başladı. 2005-ci ildə Milli Məclisə seçkilər haqqında ölkə başçısının sərəncamı oldu. Biz də dostlarla bir yerdə oturub bu sərəncama qulaq asırdıq və onlardan biri təklif etdi ki, “Nazim müəllim, siz aktiv ictimai fəaliyyətlə məşğulsunuz, televiziyada  çıxış edirsiniz. Niyə  namizədliyinizi irəli sürməyəsiniz?”. Bu fikrə öncə dırnaqarası baxsam da, sonradan dostumun fikrini ciddi qəbul edərək, namizədliyimi irəli sürdüm. Müstəqil olaraq seçkiyə qatıldım. Yeni Azərbaycan Partiyasının bizim seçki dairəsindən namizədi olmadığına görə, bir iş adamı kimi seçicilərin mənə diqqəti böyük oldu, ümidləri artdı. Platformamı və gələcəyə olan planlarımı bəyənərək seçicilər məni seçdi. Mən indi də o seçicilərimin problemləri ilə maraqlanıram.

– Seçiciləriniz sizə daha çox hansı problemlərlə bağlı müraciət edirdilər?


– Seçki kampaniyası ərəfəsində qaldırılan problemlərin əsası təbii qazın olmaması idi. Mənim  dairəm dağ kəndləri idi ki, sovet vaxtından onların ən böyük problemi qaz problemi, yol infrastukturlarının olmaması və işsizlik idi. 90-cı illərin problemləri insanların evlərini tərk etməsinə səbəb olub. Bütün bu problemləri 2006-cı ildə noyabrın 1-də İlham Əliyev Gədəbəydə olarkən bir-bir məruzə etdim. O vaxt Gədəbəyin sadəcə 8 faizi qazlaşdırılmışdı. Böyük Qışlaq Tovuz istiqaməti, Qovlar-Qızıl torpaq və Saratovka-Şınıx istiqamətlərində yol bərbad vəziyyətdə idi. Bir neçə il öncə bu yolları ancaq tank vasitəsi ilə getmək mümkün idi. Ölkə başçısına bir rəqəmi də çatdırdım ki, Azərbaycan ərazisinin 83 faizi qazlaşdırılıb. Ancaq Ermənistanda bu göstərici 98 faizidir. Gədəbəy ərazisində olan Başkənd Ermənistana verilmişdi və Şınıxın içərisində Başkənd adlanan şəhər qurulmuşdu. Oranın asfaltı, bütün təchizatları, bir neçə 3-5 mərtəbəli binaları, emal sənayesi var idi. İzah etdim ki, bu disproporsiya o vaxt yaranmışdı ki, Heydər Əliyev Moskvada  işdən kənarlaşdırıldı, erməni lobbisi bundan istifadə edərək 2 respublikanın paralel olaraq inkişafı ermənilərin xeyrinə dəyişdi. Ermənilər Mərkəzdən daha çox vəsait almağa başladılar. Həmin gün prezidentin göstərişi ilə bütün sərhəd rayonlarının qazlaşdırılmasına start verildi. Bu söhbətdən sonra bir neçə ətraf rayonun başçıları mənə zəng edib təşəkkür etdilər. İndi də o problemlərin bir çoxu hələ də qalır.

– Deputat olduğunuz dövrdə Milli Məclisə təklif etdiyiniz və öz həllini tapan qanun layihəsi olub?

– Milli Məclisdə təşəbbüslərimiz olub. Ancaq onların qanunlara salınması prosesi çox mürəkkəbdir. 2006-2007 ci illərdə Büdcə müzakirəsi zamanı, hökumətin hesabatları zamanı Mərkəzi Banka ünvanladığım sual var idi, Niyə Azərbaycanın vəsaitləri xarici banklarda saxlanılır, və  kommersiya banklarının vəsait cəlb etməkləri çox çətindir, onlar xarici maliyyə institutlarından daha bahalı resurslar cəlb etməyə məcburdurlar. Niyə Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslar üzrə uçot faizi bu qədər yüksəkdir? Bundan sonra Mərkəzi Bank haqqında qanuna dəyişiklik oldu. O, depozitlərini həm manatda, həm xarici valyutada Azərbaycan banklarında saxlaya bilməyi haqqında maddə salındı. Eyni zamanda məhdudiyyətsiz, birbaşa kredit vermək haqqı tanındı. O zaman Dövlət Neft Şirkətinə və “Azəraliminium”a vəsait verildi. 2009-cu ildə Büdcə müzakirəsi vaxtı qaldırdığım Azərbaycanda ilk dəfə olaraq, ali məktəblərin maliyyələşməsi mexanizminin dəyişməsi üçün təşəbbüs göstərdim. Əslində bütün dünyada sistem belədir. Dövlət ali məktəbləri ilə bərabər, özəl ali məktəblərin də rəqabət aparması üçün dövlət sifarişləri ilə tələbə qəbulu həmin ali məktəblərə də verilməlidir. Tələbə daha yüksək təhsil verən universitet seçir. 3 gün sonra İdarəçilik Akademiyasında Prezident Administrasiyasının tapşırığı ilə rektorlar yığıldı və bu təklifi dəstəklədilər, 3 ay sonra ölkə başçısının müvafiq sərəncamı oldu. Ali məktəblərin maliyyələşmə mexanizmi dəyişdirildi. Bunun da təşəbbüskarı mən olmuşam. Təhsil sahəsində sovet sistemindən qalmış qəbul planlarının olması doğru deyil. Nə qədər mütəxəssiz hazırlanmasını bazar müəyyən etməlidir. Çünki planlı yerləri doldurmaq üçün Qəbul Komissiyası balları aşağı salır, teələbələr bir neçe qəbul turu əsasında "toplanır", dövlət vəsaitleri isə səmərəsiz xərclənir. Ümid edirəm ki, yeni təhsil naziri keçmişdən qalan bu və buna oxşar problemləri həll edə biləcək. Çünki, onun atdığı addımlar çox böyük ümidlər yaradıb. Bir çox hallarda ən böyük problem idarəetmənin prinsiplərinin dəyişilməsi ilə bağlı olur. Mən təklif etdim ki, birbaşa Dövlət Neft Şirkətinin hesabına bölgədə olan boru xətlərinin çəkilməsi sürətlənsin. Bununla bağlı bir neçə milyard vəsait ayrıldı.

– Milli Məclisin indiki fəaliyyətini necə qiymətləndirirsiniz? Millət vəkilləri üzərinə düşən vəzifələri yerinə yetirə bilirlər?


– Biz seçici olaraq yaşadığımız yerlə bağlı Milli Məclisin bəzi üzvlərinin daha aktiv çalışdığını, passiv çalışdığını görə bilərik. Öz seçildiyimiz bölgəyə bağlı olduğumuza görə onu qiymətləndirə bilərik. Məncə, Milli Məclisin əvvəlki tərkibi daha fəal görünürdü. Ola bilər ki, o zaman Milli Məclisin tərkibində müxalifət qrupunun olması da aktivlik yaradırdı, Jurnalistlərin diqqətləri parlamentdə baş verən "qalmaqallara" daha çox yönəlik olduğundan çox yazılırdı. Mənim yaşadığım seçki dairəsində deputatımızın aktiv fəaliyyətini görməmişik, həm də mənim vaxtilə təmsil olunduğum 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin əhatə etdiyi kəndlərdə hər yay olduğumdan seçicilərin narazılığını tez-tez eşitmişəm. O yerlərə çox getsə, daha məqsədəuyğun olar. Mən indi də o kəndləri gəzirəm. Hiss edirəm ki, insanların mənə məhəbbəti daha da artıb. Bəlkə də indiki deputat daha fəal deyil, ona görədir.

– Bəs sizin dairədən seçilmiş Rafiq Məmmədhəsənovla münasibətiniz necədir?

– Münasibətimiz normaldır. Onun Yeni Azərbaycan Partiyasından namizəd kimi irəli sürülməsindən heç xəbəri yox idi. Görünür belə məsləhət oldu. Ancaq mən namizəd kimi qeydə alınmışdım. Mənim seçki marafonundan geri çəkilməyim doğru olmazdı. Səsverməyə yaxın namizədliyimi geri çəkdim. Fikirləşirdim ki, Rafiq müəllim təbliğatın getdiyini, insanların təpkisini görüb geri çəkilər. Ancaq bu belə olmadı. Düşündüm ki, gələn dəfə də şansım var, mən hələ gəncəm. Qoy ağsaqqala maneçilik törətməyim. Hələ ki, istirahətimi edim, elmi işimi tamamlayım.

– Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

– Arzum ondan ibarətdir ki, 2015-ci ilə qədər proporsional seçki sistemi tətbiq olunsun. Əslində bizim indiki seçki sistemini hibrid sistem adlandırıram və o, Konstitusiyaya ziddir, majoritar adlandırırıq. Ancaq partiyalar müxtəlif siyahılar derc edərək, həm seçki administarsiyasına, həm də yerli icra orqanlarına "təsir edir". 2015-ci ildə seçki sistemi dəyişsə, seçkidə iştirak edəcəyəm. 

– Keçmiş deputat yoldaşlarınızla əlaqələriniz qalıbmı?

– Tədbirlərdə görüşürük. Mən çox az adamla əlaqə saxlayanam. Deputatların səlahiyyətlərini bilirəm. On görə mən heç kəsi şəxsi problemlərimlə bağlı narahat etmərəm. Necə deyərlər, məni sayanın qulu, saymayanın ağasıyam.

– İqtisadçısınız, iqtisadi sahədə görülən işlər sizi qane edirmi?

– Prinsipcə razı olmaq olar, ancaq çox hallarda bəzi problemlər hələ də həll olmur. Qeyd edim ki, Bakı şəhərində 300 min ailə kirayədə qalır. Əksəriyyəti vergi ödəmir. Bakı ən bahalı şəhərə çevrilib. Elə şərait yaradılmalıdır ki, hər kəs mənzil ala bilsin. Azərbaycan Dövlət Neft Fondunun xaricdə saxladığı vəsaitlər illik 1 faiz gəlir vermir. Hökumətlər dövlət vəsaitlerini xaricdə saxlayırlarsa demək, öz iqtisadiyyatlarına etibar etmirlər. Daxili miqrasiyamız yüksək səviyyədədir. 2010-cu ildə seçki öncəsi tədqiqat apardım. Bütün kəndlərdə əhalinin əksəriyyəti öz daimi yerlərində yaşamırdı. Bölgə əhalisinin öz yeri ola-ola niyə kirayədə qalsın? Bunun üçün məmur özbaşınalığına , inhisarçılığa, korrupsiyaya son qoyulmalıdır. Bizim ən böyük problemlərimizdən biri də işsiz kimi qeydiyyata düşənlərdir. Qeyd olunur ki, 5 faiz işsiz var. Sosial Müdafiə Fondunda qeydiyyata düşmüş 2 milyon sığorta haqqı ödəyən var. Bəs yerdə qalan 2 milyon yarım insan necə oldu? Onlar kölgə iqtisadiyyatında fəaliyyət göstərib vergi ödəmir? Şirkətlərdə çalışanların çoxu müqaviləsiz işləyirlər. Onlar “qara bazar”dan tutulmuş insanlardır. Azərbaycanda ciddi iqtisadi islahatlara ehtiyac var. Bizdən 4 dəfə potensialı az olan Gürcüstanın vergi gəlirlərinə baxdıqda  görərik ki, onların gəlirlərinin 92 faizi vergidən formalaşır. Azərbaycanda isə bu 28 faizdir. Bizdə məmurların qohumlarını ətraflarına yığma halları çoxdur. Vəzifədən getmə mədəniyyəti yoxdur, 20 il nazir olmaq olmaz, belə tipli məsələləri hamı deyir. Belə adamlarla dinamik iqtisadiyyat qurmaq mümkün deyil.

– Prezident seçkiləri yaxınlaşır. Siz kimə səs verəcəksiniz?

– Hər bir şəxs istədiyi namizədə səs versin. Biz heç bir namizədin təşəbbüs qrupunda deyilik. Mən həmişə dəstəklədiyim namizədə səs verəcəyəm. Mənim üçün daha vacib platformadır. Hələ ki, platformalarla tanış deyiləm, ümid edirəm ki bu seçki xalqımızı bir addım irəli aparacaq. Güclü iqtidar partiyası ilə bərabər, güclü müxalifət partiyası da olmalıdır. Çağdaş dünyada, Avropada müxalifəti olmayan və ya zəif olan ölkəyə pis baxırlar.

– Bir az da ailəniz haqqında danışaq.

– 2 övladım var. Azərbaycan kişisi çalışar ki, bütün zəhmətlərə qatlaşsın, öz ailəsini təmin edə bilsin. Oğlum Cavid 8-ci sinfə, qızım Zeynəb isə 2-ci sinfə gedir. Hər ikisi 132 saylı təhsil kompleksində təhsil alır. Əlaçıdırlar, musiqi ilə məşğul olurlar. Cavid Türkiyədə, Gürcüstanda bir neçə beynəlxalq tədbirdə iştirak edib. Əsas odur ki, ailədə hamı bir-birini başa düşsün, ona görə çalışıram ki, belə ab-hava olsun . Hər bir insan sahib olduğu hüzurun qədrini bilməlidir.

– Asudə vaxtlarınızı necə keçirirsiniz?

– Bəzi deputatlar deyir ki, asudə vaxtım olmur. Əslində, indiki Milli Məclisin və əvvəlkinin də asudə vaxtları çox olurdu. Qanunların əksəri parlamentə hazır şəkildə gəlir. Ona görə baş sındırmaq lazım deyil. İlk aylarda ciddi yanaşırdım, daha sonra mən də buna öyrəşdim. İndi isə elmlər doktoru dərəcəsini almaq üçün müdafiəyə hazırlaşıram elmi işimi müdafiə şurasına təqdim etmişəm, növbəmi gözləyirəm. Yayda Gədəbəy, Tovuz, Türkiyə və Gürcüstanda oluruq. Arada həyətyanı sahəni sulamaqla məşğul olur, sosial şəbəkələrə nəzər yetirirəm. Hərdən də qonşumuz, professor Rüfət Rüstəmovla nərd də oynayırıq. Bir də İTV-də prezidentliyə namizədlərin debatına baxıram. İnsanlar özlərini nə vəziyyətə salırlar. Onlar heç fikirləşmir ki, bu bir kampaniyadır, heç olmasa kişi sifətini saxlasınlar. Bu sözüm namizədlərin hamısına aid deyil.

 



Ulduz İbrahimova
Toğrul Salehli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür