Bazar ertəsi - yanvarın 1-də Yaponiyada müxtəlif gücdə olan 30-dan çox zəlzələ baş verib.
Modern.az xəbər verir ki, Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, bu gün baş verən zəlzələlərdən ən güclüsü 7,6 bal gücündə olub.
Bildirilir ki, sonrakı həftədə afterşoklar davam edəcək. Növbəti iki-üç gün xüsusilə təhlükəlidir, bu müddət ərzində maqnitudası 7-dən yuxarı olan təkrar güclü təkanların baş verməsi ehtimalı var
.Yapon seysmoloqlar yerli sakinləri son dərəcə ayıq-sayıq olmağa çağırıb.
Yaponiyanın bütün qərb sahilləri sunami təhlükəsi altında qalır. Yaponiya sahillərinə çatan ən yüksək dalğa hündürlüyü 5 m-dir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölkənin qərbində bir sıra şəhərlərdə xilasedicilər iri yanğınların söndürülməsi üçün çalışırlar. Bir sıra dağlıq rayonlarda sürüşmə baş verib.
Zəlzələdən sonra Yaponiyanın nüvə obyektlərində fövqəladə vəziyyət qeydə alınmayıb. Ölkədə 30 mindən çox ev işıqsız qalıb, mütəxəssislər enerji təchizatının bərpası üzərində işləyirlər. Zəlzələlərdən dərhal sonra dayandırılan “Şinkansen” sürətli qatarının hərəkəti tədricən bərpa olunur.