Modern.az

“Həqiqətlərimizin yayılmasında virtual məkan çox önəmlidir”

“Həqiqətlərimizin yayılmasında virtual məkan çox önəmlidir”

23 Aprel 2010, 12:40

Millət vəkili Qənirə Paşayeva: “Dövlət başçısının bəyan etdiyi kimi, müdafiədən hücuma keçməliyik” - Bugünlərdə sizin həmmüəllifi olduğunuz "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının Azərbaycan və ingilis dillərində versiyaları təqdim olundu. Bu yöndə kitabların yayılması ilə Azərbaycan Ermənistanla informasiya savaşında öz sözünü deyə biləcəkmi?

- Bilirsiniz, elə bizim əsas məqsədimiz bu ümummilli məsələyə öz köməyimizi göstərmək, öz töhfəmizi verməkdir. Eyni zamanda, sizə də məlum olduğu kimi, ermənilər hər il 24 aprel ərəfəsində öz yalanlarını, saxta “soyqırım” iddialarını dünya ictimaiyyətinə sırımağa, bununla onlarda yalan-yanlış təsəvvür yaratmağa çalışırlar. Onlar bu istiqamətdə fəaliyyətlərini son dövrlər daha da gücləndiriblər. Odur ki, erməni yalanlarının qarşısının alınması istiqamətində ən önəmli yol məhz həqiqətlərin dünya ictimaiyyətinə  daha geniş şəkildə çatdırılmasıdır. Bildiyiniz kimi, dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə belə bir çağırışı olub, müdafiədən hücuma keçməliyik. Çünki müdafiə daha çox günahı, haqsız olanların seçdiyi üsul, taktika olur. Bizim isə özümüzü müdafiə edəcək heç bir günahımız yoxdur, əksinə, bizim torpaqlarımız işğal olunub, bizim insanlarımız qaçqın-köçkün halına salınıb, torpaqlarımızda qətliamlar həyata keçirilib, tarixi, dini, mədəni abidələrimiz dağıdılıb.

O da məlumdur ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən başladılan Azərbaycan həqiqətlərinin yayılması istiqamətində böyük işlər görülür. Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində başlatdığı əhəmiyyətli işlər mövcuddur... Ermənistanın işğalı təkcə Qarabağ və Qarabağətrafı bölgələrlə kifayətlənmir. Ermənistanın işğalı Azərbaycanın digər bölgələrində də - Naxçıvanda, Qazaxda, Tovuzda həyata keçirilib. Konkret olaraq, işğala məruz qalan bölgələrdən biri də Qazaxın 7 kəndidir. Bu gün də həmin rayonun 7 kəndi Ermənsitanın işğalı altındadır və oradan bizim minlərlə insanımız artıq 18-19 ilə yaxındır ki, öz ata-baba yurduna qayıda bilmir. Ermənilər həmin kəndlərdəki evləri daşlarına qədər söküb hamısını Ermənsitana aparıblar. Kitabı hazırlayarkən bizim əsas məqsədimiz ondan ibarət idi ki, ermənilərin Qazax istiqamətində də həyata keçirdiyi bu işğalçılığı, bu qətliamları, insanlıqdan kənar cinayətləri bir nəşr halına salıb dünya ictimaiyyətinə geniş şəkildə çatdıraq. İngilis dili versiyasında Azərbaycan dili versiyasından daha çox əlavələr var. - Bununla yanaşı, kitabda əski sovetlər hakimiyyətinin xisləti də öz əksini tapır...

- Bəli, elədir. Bilirsiniz ki, bu gün ermənilər dünyada yalan-yanlış məlumatlar  yayırlar ki, guya məhz Sovet İttifaqı, kommunist rəhbərliyi Qarabağı Ermənistanın əlindən alıb, Azərbaycana verib. Guya həmin ərazilər əzəli, əbədi erməni torpaqları olub. Yəni, onlar heç bir əndazəyə sığışmayan yalan-yanlış məlumatlarla dünyanı, beynəlxalq aləmi çaşdırmağa çalışırlar. Hansı ki, əslində Sovet İttifaqı həmişə erməniyanlı mövqe tutub. Məhz Sovetlər Birliyində olduğumuz dövrdə təkcə Qazax rayonundan nə qədər torpaqla alınıb, Ermənistana bağışlanıb. Bu ağrılı məqamlar isə, sizin də qeyd etdiyiniz kimi, sözügedən kitabda dəqiq faktlar, məlumatlarla göstərilir. Buradan da görünür ki, Sovet İttifaqı var olduğu müddətdə nə qədər erməni, Ermənistanyanlı mövqe tutub və Sovet İttifaqının süquta uğraması illərində də bu “siyasət” daha yüksək şəkildə davam etdirilib...

- Bu kitabın yayılması işini necə təşkil etmək fikrindəsiniz?

-Bilirsiniz, bu kitabı həm Xarici İşlər Nazirliyi, həm diaspor, həm xaricdəki tələbə təşkilatlarımız, şəbəkələrimiz, həm Azərbaycanın müxtəlif qurumları ki var, onlar tez-tez xaricilərlə görüşür, beynəlxalq miqyaslı tədbirlərdə iştirak edirlər, məhz onlar vasitəsilə yayılması üçün əlimizdən gələni edəcəyik. Bu kitabın, eləcə də bu yöndə filmlərin çəkilməsi, hazırlanması önəmli məsələlərdirsə, daha önəmlisi isə onların yayılması, dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması, doğru ünvanlara göndərilməsidir. Ona görə biz bu kitabın nüsxələrini xaricdəki nüfuzlu universitetlərin kitabxanalarına da göndərməyi nəzərdə tuturuq. Ən vacibi, çox istərdik ki, bizim müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor, gənclər təşkilatlarımız bu kitabın internetdə, virtual məkanda daha geniş yayılması üçün öz dəstəklərini versinlər. Bu məsələdə onların böyük rolu, töhfəsi ola bilər. Belə demək mümkünsə, bu məsələdə onların dəstəyinə çox böyük ehtiyacımız var. Çünki virtual məkan çox önəmlidir. Virtual məkandan hər gün milyonlarla insan məlumatlar alır. Ona görə çalışırıq ki, diaspor, gənclər təşkilatlarımız vasitəsilə bu məkanın xidmətlərindən istifadə edək.

Kamil HƏMZƏOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir