Modern.az

7 tankın, iki infarktın hesabına başa gələn Cəfər Cabbarlı heykəli - LAYİHƏ

7 tankın, iki infarktın hesabına başa gələn Cəfər Cabbarlı heykəli - LAYİHƏ

23 Sentyabr 2013, 15:04

Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” adlı yeni layihədə ikinci yazını təqdim edir. Əsasən Bakıda uzun illər öncə ucaldılan heykəllərə həsr olunan bu layihədə abidələrin tarixi, hazırlanma prosesi onların taleyi ilə bağlı maraqlı məlumatlar açıqlanır. İkinci yazı paytaxtın ən gəlimli-gedimli yerində ucaldılan Cəfər Cabbarlı heykəlidir.

1982-ci ildə açılışı olan heykəlin müəllifi Mirəli Mirqasımov, arxitektoru isə Yusif Axundov olub.

Bakı... 1980-ci illər... İndikindən fərqli olaraq rayonlardan, yaxud sovet ölkələrindən gələn qonaqları, xüsusən də tələbələri o vaxt Neft və Kimya İnsitutunun yanında ucalan Cəfər Cabbarlı heykəli çox cəlb edirdi. Hamı bir anlıq da olsa dayanır, o vaxt hələ yeni tikililərin qurbanına çevrilməmiş Cəfər Cabbarlı heykəlinə məmnunluqla tamaş edirdilər. Bu 1980-ci illərin Bakısı idi....

Bakı 2013-cü il.... Yeni tikililər və. s. Hətta Neft və Kimya İnsitutunun adı da dəyişilərək Neft Akademiyası adlanır. Və o akademiyanı “AZİ” kimi bilən adamları, vağzaldan Bakıya təşrif buyuranları bu yeniliklər arasında bir yetim uşaq kimi boynunu qısan “Cəfər Cabbarlı” heykəli qətiyyən maraqlandırmır. Heykəl göyərçinlərdən, bir də “28 May”a görüş təyin edənləri, biri-birini tez və rahat tapmaq üçün onun ətrafında gözləyən “qaqaşlar”dan başqa heç kimi maraqlandırmır.

“Cəfər mənim əlimlə həyata ikinci dəfə gəlib. Onu bətndə boğa bilmərəm. Bu günahdır".

Bu sözlər Cəfər Cabbarlı heykəlinin müəllifi Mirəli Mirqasımova məxsusdur. O, bu arzusuna çox çətin mərhələləri keçərək çata bilib. Beləliklə, Cəfər Cabbarlı 1982-ci ildə martın 22-də 83 yaşında yenidən “dünyaya gəldi”. O, hansı mərhələlərdən keçdi, heykəlin hazırlanmasına necə nail olundu, bu haqda məlumat veriləcək. İndi isə 1982-ci il 22 martından bu günə qayıdaq.

“O yəqin böyük kimyaçıdır”

2013-cü il… Göyərçinlərin bir növ “qərargahına” çevrilən heykəl insanları da elə bu cəhətinə görə cəlb edir. Başqa cəhətinə görə cəlb etmək demək olar ki, mümkünsüzdür. Çünki öz görüm nöqtəsini itirən heykəl hamı üşün maraqsızdır, diqqət cəlb edə bilmir. Heykəltaraşlıqda heykəli müəyyən bir əraziyə qoyarkən mütləq həmin məkana xüsusi diqqət edilir. Belə ki, heykəl həmin məkan və orda olan obyektlərlə müəyyən qədər əlaqədə olmalıdı. Məsələn, elm xadiminin heykəli universitet, akademiya, yaxud kitabxana yanında qoyulur ki, obyektlər bir-bir ilə assosiasiya yaratsın. Bakıdakı konservatoriya qarşısında qoyulan Üzeyir bəy heykəli bu assosiasiyanı qoruyur. Amma təəssüf ki, Cəfər Cabbarlı heykəli barədə bunu demək olmaz. Postamentində yumor və kədəri əks etdirən teatr emblemləri həkk olunan heykəl ətrafdakı obyektlərlə heç bir məntiqi əlaqəyə girmir. Beləliklə, məkanda obyektlərin biri-bini tamamlaması, diqqətin yayılmasına və xüsusən də heykələ yönələcək nəzərlərin itməsinə gətirib çıxarır. Mütəxəssislərdən biri danışır ki, MDB ölkələrindən qatarla gəlib ilk məqamda Cəfər Cabbarlının heykəlini görən qonaq qarşıdakı binanın Neft Akademiyası olduğunu öyrənəndən sonra deyib : “Yəqin bu böyük kimyaçıdır”.
Beləliklə, 5,5 metr hündürlüyündə olan heykəl ərazidəki uyğunsuzluqla bərabər öz görüm nöqtəsini də itirir. Heykəltəraşlıqda görüm nöqtəsi xüsusi nəzərə alınası məqamdır. Belə ki, onun hündürlüyündən asılı olaraq uzaqdan, yaxud yaxından seyri nəzərdə tutulur, hətta bu zaman xüsusi hesablamalar da aparılır. Heykəlin mərhum müəllifi Mirəli Mirqasımov Neft Akademiyası, Dəmiryolu vağzalının binalarının damından 100 metrlik iplərlə miqyası özü ölçüb. “Bakı Soveti”ndə saxlanılan çertyojlarla razılaşmayıb. Bir dəfə Mərkəzi Komitədə məmurlardan biri ona deyəndə ki, heykəl 5 metr olmalıdır, Mirəli Mirqasımov belə cavab verib: “Sizin çox böyük vəzifəniz var, amma sənətkar kimi mən necə lazım bilirəmsə, elə də olacaq”. O, sənətkar kimi həqiqətən də görüm nöqtəsini çox yaxşı hesablamışdı. Belə ki, həm yaxın, həm orta, həm də uzaq məsaflərdən seyr edilə biləcək heykəl hər seyretmə məsafəsində insanda ayrı bir effekt yaradacaqdı. Lakin son illər ətrafda inşa edilən çoxmərtəbəli tikililər, iaşə obyektləri heykəli tamamən “boğdu” . “Cəfər Cabbarlı” öz görüm nöqtəsini itirdi. Peyzajdan məhrum olan sənət əsəri diqqətdən də kənarda qaldı.

Heykəl niyə məhz orda qoyuldu?

Heykəlin müəllifi, şəcərəli bir nəsildən olan Elmlər Akademiyasını ilk rektoru Mirəsədulla Mirqasımovun oğlu Mirəli Mirqasımovdur. O, bəzi fiziki problemlər yaşasa da, ruh baxımından çox həssas və romantik insan kimi yadda qalıb. Elə heykəlin yerinin seçilməsində bu amil özünü göstərib. 1959-cu ildə Cəfər Cabbarlının heykəlinin hazırlanması üçün keçirilən müsabiqədə Mirqasımov qalib gəlib. Amma onun həddindən artıq çox əleyhdarları var idi. Belə ki, onlar fiziki baxımdan zəif və bəzi qüsurları olan bu sənətkara yenilgini heç cür qəbul edə bilmirdilər. Odur ki, yer seçimində də ona mane olmağa çalışırdılar. Onlar israr edirdi ki, heykəl Nizami kinotetetrının arxasında Cabbarlı bağında qoyulmalıdır. Amma heykəltəraş buna qəti etiraz edib. Çünki heykəl məkana görə qoyulur. Cabbarlı bağı çox kiçik idi və 5,5 metrlik heykəl orada tam uyğunsuz bir obyekt kimi görükəcəkdi. Mirəli Mirqasımov o bağda ancaq büst qoyuluşunun mümkünlüyünü vurğulayıb. “28 may” meydanında qoyulmasının vacibliyini də bu cür izah edib.

“C.Cabbarlı burada oxuyub, Sabunçu vağzalı onun həyat məktəbi olub, qaynar vağzal həyatını burada, pəncərələrdən müşahidə edib...”. Heykələ fikir verəndə bunu həmən anlamaq olur. Belə ki, əllərini bir-birinə çarpazlayan Cəfər Cabbarlı sanki uzaq nöqtələrə, özünün axtardığı Bakıya baxır. O, orada müdrikcəsinə qatar pəncərələrindən öz xəyallarının şəhərinə tamaşa edir. Həmin müzakirə zamanı Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev də iştirak edir və Mirqasımovun bu cür arqumenti qarşısında müzakirələri saxlayıb, “bəsdir mübahisə etdiniz, heykəl elə buradaca qoyulacaq” deyərək məsələyə nöqtə qoyur. Amma Mirqasımovun bu gözəl ideyası və məkan seçimini sonradan sürətlə tikilən Bakı iflasa uğradıb. Belə ki, artıq Cəfər Cabbarlı qatar pəncərələrindən, uzaq Bakıya uzun müddətdir ki, baxa bilmir. Ən azından qarşısını obyektlər kəsir.

Başı bəlalı heykəltəraş və onun cəfakeş xanımı...

Mirqasımovun fiziki durumunda bəzi qüsurlar var idi. O, eşitməyən qulaqlar və xəstə ürəklə 22 il həmin heykəlin üzərində işləyib. Yoldaşı Gültəkin İsrafilova da həmişə onunla çiyin–çiyinə çalışıb. Hətta xanım öz maaşı ilə heykəltəraş alətlərini alırdı ki, Mirəli Mirqasımov işi yarımçıq qoymasın. Ondan bunun səbəbini soruşanda demişdi.
“Mirəli Cəfəri öz oğlu kimi bilir, əgər heykəl hazır olmasa, o buna dözməz”. Gültəkin xanım Cabbarlı heykəlinin iki metrlik modeli üçün “karkaz”ı özünün son çörəkpuluna alıb. Model hazır olandan sonra heykəltəraşla konflikti olan bəzi insanlar işə başlayırlar. Əvvəlcə, Bədii Yaradıcılıq Fondu, daha sonra Rəssamlar İttifaqında ona xeyli mane olurlar. O, məcburi çıxış yolunu Heydər Əliyevə məktub yazmaqda görür. Mirqasımov hətta qısa məktub yazır ki, Heydər Əliyevin vaxtını çox almasın. Məktub Heydər Əliyevə çatır və o həmən tapşırıqlar verir. Özü də Mirqasımovun emalatxanasına gələrək heykəlin iki metrlik modelinə baxır və çox bəyənir. İşə yenidən başlanılır. Amma...

Əziyyətlər (infarktlar) hələ qarşıda idi...

Bircə onu demək kifayətdi ki, Mirqasımov iş əsnasında iki dəfə infarkt keçirir. Bir dəfə Mərkəzi Komitədəki məmurla heykəlin hündürlüyü barədə mübahisə edərkən, ikinci dəfə isə Ukraynanın daş karxanasında yonulan heykəlin 280 ton deyil 140 ton olduğunu görərkən... Həmin qranitlə bağlı maraqlı və yarıəfsanəvi məqamlar çoxdu. Heydər Əliyev postamentin qranitdən hazırlanmasına icazə verir. Lakin bədxah insanlar tərəfindən məktub səhv yerə yollanılır və ayrı karxanada ayrı rəngdə hazırlanır. Bunun üçün mərhumun ailəsi məxsusi olaraq Ukraynaya gedir və böyük zəhmət bahasına və Ukrayna generalının köməyilə yeddi tankın hesabına qraniti çəkə bilirlər. Qranit Bakıya da çox çətinliklə gətirilir.

Təmirə bağlanan heykəl... Təmirsiz qalan mədəniyyət...

“Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Heykəl isə xalqındır. Ona baxıb xalqın tarixini, mədəniyyətini yaşadırlar”.

Mirqasımov bu sözləri xəstəxanada yatarkən yoldaşı Gültəkin xanıma demişdi. Həmin vaxt işdən çəkilə də bilərdi. Amma o bunu etmədi. Heykəlin başıbəlalı taleyinin ən son xronikasına qayıdaq. Bir müddət öncə ətrafı hasarlandı. Deyilənə görə heykəlin ətrafına qazon, işıqlandırma sistemləri vurulub bir az səliqəyə salınacaqmış. Kiril əlifbası ilə olan yazıları latın əlifbasına keçəcəkmiş. Lakin bircə məsələdən başqa bunlardan heç biri olmadı. Həqiqətən də Cəfər Cabbarlı imzası və heykəltəraşın adı latın əlifbasına keçirildi. Bu, Mirqasımovun da arzusu idi. Cəfəri sevən sənətkar kiril əlifbası ilə imzanın vurulmasını istəmirdi. Yalnız açılış vaxtı ona ad “yapışdırdılar”. Bildirirdi ki, o yaradıcılığında latın əlifbasından istifadə edib kirildən yox. Hazırda 85 yaş olan həyat yoldaşı da bu yöndə çox çalışıb. Amma o biri problemlər qalıb. Heç bunun fərqində olan da yoxdu. Gedirlər, gəlirlər, heykəlin yanında görüş təyin edirlər. Amma heç Cəfərin üzünə də baxmırlar. Cəfər Cabbarlı isə baxır. Gəncliyində olduğu kimi xəyallarının şəhərinə əllərini çarpazlayaraq qatar pəncərələrindən baxır… Daha doğrusu buna çalışır. Amma nə yazıq ki, baxışlarının qarşısını “ 28 Mall” və digər obyektlər kəsir…

Elmin Nuri

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir