Modern.az

Detektiv yazar Çingiz Abdullayev: “Ən tanınmış oxucularımdan biri Dmitri Medvedevdir” - MÜSAHİBƏ

Detektiv yazar Çingiz Abdullayev: “Ən tanınmış oxucularımdan biri Dmitri Medvedevdir” - MÜSAHİBƏ

24 Sentyabr 2013, 11:11

“Qonorarlarımı indiyədək məcburi köçkünlərə bağışlayıram”

Özünün dediyi kimi, bəlkə də dünyada onun qədər tanınan ikinci azərbaycanlı yazıçıya rast gəlmək olmaz. Ondan söz düşəndə özü barəsində dediyi bu fikirləri yadıma düşür. “Məni Azərbaycandan da çox, başqa xalqlar oxuyur. Ukraynada mən milli qəhrəmanam. Latviyaya gedəndə məni qatarda qarşılayırdılar. Son dövrlər Azərbaycanda 70-dən çox kitabım nəşr olunsa da, burdakı oxucularımın sayı hələ də azdır. Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu”.

Beləliklə, Modern.az-ın müsahibi Yazıçılar Birliyinin katibi, milli PEN Klubun rəhbəri, detektiv yazar Çingiz Abdullayevdir.

“Qanun” nəşriyyatı ilə 10 illik müqavilə bağlamısınız. Deyirsiniz ki, sizə qonorar da ödənir. Sirr deyilsə, məbləğ nə qədərdir?

– Dünya səviyyəsində necədirsə, mən də əsərlərimə görə, elə qonorar alıram. “Qanun”sa mənə gəlirin 20 faizini ödəyir.

– Qonorarlarınızı qaçqın və məcburi köçkünlərə ianə formasında bağışladığınızı dəfələrlə bildirmisiniz. İndi də onlara pay düşürmü?

– 20 ildir ki, mən kitabdan qazandığımı məcburi köçkünlərə verirəm. Bunu mənim bütün tərcüməçilərim də bilir. 2011-ci ilə kimi bir qəpik də olsun qonorar almamışam. Bu gün də bütün satılan kitablarımdan gələn qonorarlarımdan onlara da pay düşür.

– Bağışladığınız ianələrin sonrakı taleyi ilə maraqlanırsınızmı? Onların ünvanına çatmasından xəbəriniz olurmu?

– Bəli. Bununla həmişə maraqlanıram. Qonorarımın hara keçirilməsindən də xəbərim var.

– Sadə vətəndaşlarla bərabər oxucularınız arasında prezident İlham Əliyevin də adını çəkmişdiniz. Onun da sizin kitabları oxuduğunu demişdiniz. Prezidentlərdən daha kimlər sizi oxuyur?

Çox prezidentlər tanıyıram ki, əsərlərimi oxuyurlar. Məsələn, Litvanın prezidenti Dalya Qribauskayte, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev, Gürcüstanın sabiq prezidenti Şevardnadze. Həddən artıq çoxdur. Hətta Medvedev mənə hədiyyə olaraq saat göndərmişdi... Nazirlər, baş nazirlər, dövlət adamları əsərlərimi oxuyurlar.  

– “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli yazıçılarımızın keyfiyyətli yazmadığını və bu səbəbdən də “Əli və Nino”da satılmadıqlarını deyib. Siz hansı yazıçılarımızı oxuyursunuz? 

– Uşaqlıqdan Natiq Rəsulzadənin əsərlərini oxuyuram. Çox xoşum gəlir. İndi digər Azərbaycan yazarlarından Elçin Hüseynbəylini, İlqar Fəhmini, Səlim Babullaoğlunu, Qulu Ağsəsin yazılarını oxuyuram.

– Sonuncu müsahibənizdə axirət dünyasına inanmadığnızı və seçim etməli olsaydınız cəhənnəmi üstün tutacağınızı demisiniz. Orada yazıçılardan kimləri görmək istərdiniz?

– Yazıçılardan heç kimi. Allah eləməsin. Elə bilirsiniz ki, yazıçıların yeri cəhənnəmdir? İstəyərəm orda Don Juanı, Kazanovanı görüm. Belə insanları orada görmək maraqlı olardı.

Gültəkin ƏLƏSGƏR          

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı