Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin Ukraynanın xeyrinə müsadirə edilməsi ideyasını dəstəkləyib.
Modern.az xəbər verir ki, "Bloomberg"in ABŞ Milli Təhlükəsizlik Şurasının sənədlərinə istinadən yazdığın görə, dəstəklənən qanun layihəsi icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək.
Ağ Evin yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, belə bir qanun Ukraynaya dəymiş ziyana görə Rusiyadan vəsaitin geri alınması üçün mümkün vasitələrdən biridir. Dünya Bankının hesablamalarına görə, müharibədən sonra Ukraynanı bərpa etmək üçün ən azı 411 milyard dollar lazım ola bilər.
Milli Təhlükəsizlik Şurası, həmçinin Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardinin ofisi şərh verməkdən imtina edib.
Ukraynada müharibə başlayandan sonra Qərb ölkələri Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının təxminən yarısını - 300 milyard dolları dondurub. Bu fondların əksəriyyəti Avropada yerləşir. Ən azı 2022-ci ilin payızından bəri Aİ səlahiyyətliləri bu aktivlərdən istifadə imkanlarını müzakirə edirlər. Aİ-nin işçi qrupu belə qənaətə gəlib ki, Rusiya aktivlərinin müsadirəsi üçün heç bir hüquqi əsas yoxdur.
Ağ Ev Konqresdəki Respublikaçıların Ukraynaya yeni 60 milyard dollarlıq yardım paketinin ayrılmasına mane olması fonunda Ukraynanın xeyrinə aktivlərin müsadirə edilməsi ideyasını dəstəkləyib.