Modern.az

Qənirə Paşayevanın bacısı: “Elə olub ki, insanlardan kimliyimi gizlətmişəm”– MÜSAHİBƏ

Qənirə Paşayevanın bacısı: “Elə olub ki, insanlardan kimliyimi gizlətmişəm”– MÜSAHİBƏ

25 Sentyabr 2013, 10:52

Modern.az-ın “Pəncərə” layihəsinin budəfəki qonağı Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamalə Paşayevadır.

– Bakı Ali Neft Məktəbinə gəlməmişdən qabaq, Dövlət Neft Şirkətinin əməkdaşı idim. Bakı Ali Neft Məktəbi də məhz Neft Şirkətinin strukturunda yaradılan dövlət universitetidir. Məni bura ona görə məsləhət gördülər ki, Dövlət Neft Şirkətinin əməkdaşı olaraq yeni yaranan təhsil müəssisəsində faydam ola bilər. Çünki universitet yeni yaranıb. Bildiyiniz kimi, mənim media ilə öncələr də əlaqələrim olub. Bir zamanlar bu sahədə fəaliyyət göstərmişəm. “Trend” və Day.az” agentliklərinin nümayəndəsi olaraq bir il fəaliyyət göstərdim. Araşdırsanız müsahibələrimi yazılarımı tapa bilərsiniz.

– Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamağınızı ailədə necə qarşıladılar?

– Münasibət normaldır. Uşaq olanda hüquqşünas olmağı çox arzulamışam. Demək olar, bu arzumu həyata keçirə bildim. Təhsilimi hüquq sahəsində əldə etmişəm. Baxmayaraq ki, valideynlərimin arzusu fərqli idi. Anam həkim olmağımı istəyirdi.

– Ananızın həkimlik peşəsinə marağının bu dərəcədə yüksək olması nədən irəli gəlirdi?

– Çünki anam çox yaxşı mütəxəssisdir. İxtisasca kimyaçıdır. Vaxtilə o da həkim olmağı çox arzulayıb. Lakin qandan və yaradan iyrəndiyi üçün tibb universitetində təhsil almaq fikrindən vaz keçib. Ona görə də ən böyük arzusu o olub ki, uşaqlarından bir neçəsini həkim etsin. Mənim isə həkimlik sahəsinə heç vaxt marağım olmayıb. İnsan sevdiyi işlə məşğul olmalıdır. Bəlkə də xarakterimdən irəli gəlir. Həmişə çalışıram ki, bir iş görəndə onu ən yüksək  səviyyədə həyata keçirim. Bir mütəxəssis olacağamsa ən yaxşı səviyyədə mütəxəssis olum. Humanitar elmlərə daha çox qabiliyyətim vardı. Atam isə filoloq olmağımı, onun yolunu davam etdirməyimi istəyirdi. Atam həmişə deyirdi ki, iş fəaliyyətimi dayandıracaq və kabinetimi Kamaləyə verəcəyəm. Çünki Kamalə filologiya sahəsini çox yaxşı bilir.

– Eyni zamanda bacınız Qənirə Paşayeva ilə birgə fəaliyyəti də davam etdirirsiniz?

– Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Qənirə xanımdır. Təsisçi olaraq həmin təşkilatda fəaliyyətimi davam etdirirəm. Sadəcə, dövlət strukturunda çalışdığım üçün prezident olaraq davam edə bilmərəm. Eyni zamanda, təhsilimi davam etdirdim.

– Jurnalist kimi fəaliyyət göstərdiyiniz dövrdə ən maraqlı müsahibiniz kim olub?

– Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan. 2009-2010-cu illər idi. Səhv etmirəmsə, BMT-nin 34-cü yaz sessiyasının açılışı, Barak Obamanın dəvəti ilə noyabr ayında “sınır qapıları”nın açılması və Yaxın Şərqdə olan problemlərlə bağlı bir görüş keçirilirdi. O an bizim üçün çox önəmli bir dönəm idi. Bədnam qonşularımız, həmçinin Azərbaycanın və Türkiyənin dostluğunu istəməyən dövlətlər bu məsələdə maraqlı idi ki, ölkələrimiz arasında soyuq münasibətlər yaransın. Təbii ki, burda medianın rolu önəmli idi. Ərdoğanın Amerikaya dəvətini, səfərin açıqlamaları kimi məsələlərin mediada işıqlandırılmasını özəlliklə düşünürdüm. Nazir Egemen Bağışla da müsahibəm olmuşdu. 

– Dövlət Neft Şirkətinin əməkdaşı olmusunuz. Bu sizin gələcək fəaliyyətinizdə nəyi dəyişəcək?

– Belə deyək də, SOCAR artıq bir transmilli şirkətə, dünya brendinə çevrilib. Bu gün dünyada tanınır. Gələcək karyeramın elmi tərəfində enerji siyasəti mənim üçün prioritet məsələdir. Çünki Azərbaycan enerji ölkəsidir. Dövlət Neft Şirkətində çalışmağım mənim gələcəkdə elmi işimə də çox böyük kömək ola bilər. Bu gün ARDNŞ böyük sərmayələr qoyur. Bu gün SOCAR-Türkiyə, SOCAR-Gürcüstan, SOCAR-Ruminiya, SOCAR-Ukrayna var.

– Bacınız Qənirə xanımla artıq hər gün görüşmək şansınız yəqin ki, azalıb...

– Bəzən kimlərsə gəlib məndən xahiş edir ki, Qənirə xanımla görüşmək istəyir, salam göndərir. Zarafatla dediyim bir kəlmə söz var. “Görəndə məndən də salam deyin”. İnsanlar mənim səmimiyyətimə inanmır. Halbuki bacım olmasına baxmayaraq, Qənirə xanımı bəzən aylarla görə bilmirəm. Yalnız telefon əlaqələrimiz olur. Qənirə xanımın həm siyasi karyerası var, həm də sosial bir insandır, qeyri-hökumət sektorunda fəaliyyət göstərir, yaradıcı insandır. Qənirə xanımı görmək, onunla zaman keçirmək hər zaman mümkün deyil. Təbii ki, bu mənim üçün sevindirici hal deyil. Çünki biz bacıyıq. Daha çox istəyərəm onu görüm. Amma bir tərəfdən də sevinirəm ki, bacıma məndən daha çox ehtiyacı olan insanlar var. O insanların problemini həll etmək, cəmiyyət üçün faydalı olmaq mənim şəxsi eqolarımdan daha yüksəkdir və bu anlamda mən onu qiymətləndirirəm. Sizə bir şey söyləyim. Qənirə xanımın nə qədər ağır iş qrafiki olursa-olsun, onun anama diqqəti və qayğısı sonsuzdur. Bir də görürsünüz, tədbirdədir, xaricdədir. Eşidəndə ki anamın başı ağrıyır, həmin an o orda dura bilmir. “Bəlkə həkimə zəng edim?” deyə narahatlıq keçirir. Sizə bir fakt deyim. Keçən bazar yuxudan durum baxıram ki, anam evdə yoxdur. Fikirləşdim “bu qadın hara gedib?!” Qardaşlarımın da həmin gün iş günü idi. Dərhal zəng etdim ki, mama, sən hardasan? Dedi: “Qənirəgildəyəm”. Dedim: “Sən necə getdin, Qənirə xaricdədir, axı!” “Qənirə gecə saat 4-də təyyarədən enib, sürücüdən xahiş edib ki, mamamı da götür, mən onu görə bilməmişəm. Mən də 4-də onunla gəldim. Sən də yatmışdın, oyatmadım”. Artıq anam qəbul edib ki, Qənirə tək onun övladı deyil, vətənimizin övladıdır. Məncə, bir ana üçün övladının yardımsevərliyini görməkdən zövqverici heç nə ola bilməz.

– Heç olmasa, Qənirə xanımla ildə bir dəfə istirahət etmək imkanınız olur?

– Qənirə xanımla istirahətə getmək mümkün deyil. Onunla istirahətə getməyi heç kimə arzu etmirəm. Çünki istirahətə gedəndə də o istirahət etmir. 3-4 il bundan öncə Qənirə xanımı güclə razı saldıq ki, bir həftə bizimlə istirahətə get. Baxmayaraq ki, onun istirahət haqqında qərar verməsi mənə baha oturdu. Düzdü, Qənirə xanım getdi, amma mən peşman oldum, “kaş ki getməzdim” dedim. İstirahətin sonuna yaxın dedim: “Bütün istirahətimi məhv etdin”. Çünki Qənirə xanım bütün tətil müddətində məni də işlətdi.

Elə həmin tətil yerində and içdim ki, bu axırıncı tətilimdir. Ondan sonra heç özü də tətilə getmir. Deyir ki, işlədikcə dincəlirəm.

– Bacı olaraq, xarakterinizdə oxşarlığı necə müəyyən etmək olar?

– Deyərdim ki, oxşarlıqdan daha çox fərqlilik var. İkimiz bir yerə getdikdə hamı kənardan baxanda fikirləşir ki, mən çox mülayim xasiyyətli insanam, Qənirə xanım isə çox tündxasiyyətlidir. Amma humanist insandır. Belə söz var. Uşaqla uşaq, böyüklə böyük kimidir. Bəzən onun sadəliyindən həm uşaqlar, həm də böyüklər sui-istifadə edir. Qənirə xanım özündən başqa hər kəsi fikirləşir. Deməzdim ki, onun kimiyəm. O, uşaqlıqdan da belə olub. Uşaqlar oynayanda öz kuklasını ona verərdi. Bəzən ona deyirəm ki, bu qədər də olmaz. Bəzən özünü, səhhətini fikirləşmir. Qohumlarımızın, nəslimizin problemləri sanki onun problemləridir. Qənirə Paşayeva hamıdan çox istəyir ki, həmin problemləri həll etsin. Mənim atam da çox fədakar insan olub.

– Böyük bacı olaraq sizə məsləhətlər verir?

– Əlbəttə. Hamısına da qulaq asıram. Qənirə xanım praqmatik bir insandır. O daha çox sosialdır, daha çox ünsiyyətdədir. Onu dinləyirəm və xeyrini də görürəm. Amma bəzən mənə deyirlər ki, Qənirə Paşayevanın bacısı olmaq xoşbəxtlikdir. Mən fəxr edirəm ki, mənim belə bir bacım var. Ona görə yox ki, onun karyerası var, ona görə ki, Qənirə xanım çox yaradıcı və cəmiyyət üçün faydalı bir insandır. Yaşayan və yaşadan bir adamdır. İnsanlar həmişə kömək edir, xeyirxahdır. Mənim bacım Somaliyə getdiyi zaman bəzi insanlar mediada onun bu addımını özünü reklam etməklə bağladılar. Bir bacı olaraq bu, mənə ağır gəlirdi. Çünki mən işin alt qatlarını bilirdim. Mən deyirdim ki, niyə görə insanlar düşündüklərini danışır? Qənirə xanımın kimsəsiz uşaqlara kömək göstərməklə özünü reklam etməyə ehtiyacı yoxdur. O, öz işgüzarlığı, fəaliyyəti ilə yetəri qədər bəlli bir adı qazanıb. Mənim elə işim olub ki, insanlardan öz kimliyimiz gizlətmişəm. Mən istəmirəm ki, mənə hörməti kiməsə görə qoysunlar. Mən ilk dəfə SOCAR-a gələndə xahiş etmişdim ki, mənim kimliyimi bilməsinlər. Mən təzə işə düzələndə girdim şöbəmizə, gördüm ki, işçilərin mənə qeyri-adi bir münasibəti var. Tutuldum, fikirləşdim ki, həmin adamlar mənim insan kimi keyfiyyətimin nə olduğunu bilmirlər. Kimsə düşünürdü ki, mən gəlib orda kiminsə yerini, işini tutacam. Bu durum bir müddət məni sıxdı. Ancaq zaman keçdikdən sonra gördülər ki, mən elə insan deyiləm və hər bir xırda işə can yandırıram, verilən işdən qaçmıram. Bundan sonra bütün şöbənin mənə qarşı mövqeyi dəyişdi. Hətta işçilər deyirdi ki, biz səni başqa bir xarakterə malik insan kimi tanıyırdıq, ancaq qarşımıza fərqli bir insan çıxdı.

– Gözəl xanımsız və eyni zamanda subaysınız. Ailə həyatı qurmağı fikirləşirsizmi?

– Hər bir insanı Allah yaradıbsa, nəsillərin davam etməsi üçün də mütləq ailə həyatı qurulmalıdır. Amma ailə xətrinə ailə qurmaq mənim prinsiplərimə ziddir. O zaman cəmiyyətdə yetişən gənclik yaxşı olur ki, onlar gözəl ailələrin nümunəsi kimi çıxış edir. Biz gözəl ailəni formalaşdıra bilmiriksə, o zaman ailə qurmağın da mahiyyəti yoxdur. Çünki biz özümüzdən sonra cəmiyyətə  gözəl bir nəsil burxmalıyıq. Münasibətlərdə səmimilik və şəffaflıq olmalıdır. Sizinlə səmimi olmayan insana güvənə bilməzsiniz. Adam səmimi və güvəndiyi insana hörmət edir. Bu da öz-özlüyündə sevgi yaradır və ardınca da fədakarlıq gətirir. Hər bir insan həyata real baxmalıdır. Biz yalnız özümüzdən ibarət deyilik. İnsan yalnız öz beyin dostu ilə ailə həyatı qurmalıdır. Sağlam münasibət ailənin kökünü bərkidir və insan yanlışları da bağışlaya bilir. Mən də inşallah o beyin və ruh dostluğunu tapandan sonra ailə həyatı quraram. Ailə həyatı qurmaq mənim üçün prioritetdir. İnsan yalnız birtərəfli gedə bilməz.


 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir