Modern.az

Mətbuat Şurasın 8 qəzet və 1 jurnalı "reket" elan edib

Mətbuat Şurasın 8 qəzet və 1 jurnalı "reket" elan edib

23 Aprel 2010, 19:01

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, MŞ sədri Əflatun Amaşov müzakirəyə tövsiyyə olunan məsələlər barədə məlumat verib. İH üzvləri iclasın gündəliyinə  5 məsələnin daxil edilməsi razılığına gəliblər.

 

Əvvəlcə Şura sıralarına yeni üzvlərin qəbuluna baxılıb. «Bakı təhsili», «Əlillər dünyası», «Gənc müəllim» və İmişli rayonunda çıxan «Xalq sözü» qəzetlərinin MŞ sıralarına qəbulu barədə qərarlar çıxarılıb. 

Sonra Şuranın Şikayətlər üzrə və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyalarının rəyləri əsasında Mətbuat Şurasının qərarları qəbul olunub. İdarə Heyəti birinci komissiyanın son üç aydakı iclaslarının çıxardığı 13 rəyin buna əsaslar verdiyi qənaətinə gəlib. Şura Komissiyanın «Respublika gəncləri» qəzetinin 23-30 yanvar 2010-cu il tarixli sayında Macarıstanda məhbus həyatı yaşayan azərbaycanlı zabit Ramil Səfərovun adından onun demədiyi, səsləndirmədiyi fikirlər əsasında «Macarıstandan redaksiyamıza məktub» rubrikasında gedən «Anama deyiləsi çox sözüm qaldı» sərlövhəli, «Ramil Səfərov: «Diqqətli həmyerlilərim olan azəri gənclərinə atəşin salamlar!» altsərlövhəli yazı təqdimatını etik prinsiplərə sayğısızlıq, mili-mənəvi dəyərlərə zidd hərəkət, Azərbaycan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirib. Həmin materialı təkrar dərc edən qəzetə Ramil Səfərovdan, onun valideynləri qismində atası Sahib Səfərovdan üzr istəmək tövsiyyə olunub. «Respublika gəncləri» qəzetinə MŞ tərəfindən ciddi xəbərdarlıq edilib, mətbu nəşrin adının Şuranın «qara siyahı»sına salınması qərarlaşdırılıb.

 

«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatları araşdırıldıqdan sonra daha 7 qəzet və 1 jurnalın adı həmin siyahıya daxil edilib. Bunlar «Türk Azərbaycan dünyası», «Söz azadlığı», «Azərbaycan və iqtisadi yüksəliş», «Qanun alidir», «Azərbaycan tərəqqisi», «Detektiv press», «Qanun və həyat» qəzetləri və «Qulaqburması» jurnalıdır. Şura «Azərbaycan Cumhuriyyəti» qəzetinin fəaliyyətindəki etik pozuntulara, MŞ-nin qərarlarına sayğısızlığa görə nəşrə ilkin xəbərdarlığını edib. Qərara alınıb ki, belə halların təkrarlanacağı təqdirdə mətbu nəşr barədə daha ciddi ölçü götürüləcəkdir.

 

İclasda Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən apellyasiya qrupunun da məlumatı dinlənilərək məqbul sayılıb. Qrupun adları Şuranın «qara siyahı»sında olan 20-dək mətbu orqanın müraciətinə baxdığı bildirilib və bu prosesin mərhələ-mərhələ həyata keçirilməsi məqbul saylıb. MŞ «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ın prosedur qaydalarına əsasən təqdimatı zəruri olan sənədləri tələblərə cavab verən belə qəzet və jurnalların məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılması razılığına gəlib.

 

Cari məsələnin müzakirəsi zamanı bildirilib ki, 2010-cu il ölkəmizdə «Ekologiya ili» olduğundan Şuranun mövcud istiqamətdə kompleks tədbirlər həyata keçirməsi zəruridir. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Şuranın jurnalistlər üçün «Ekologiya klubu» yaradılması ideyasını dəstəkləyərək qurumun bu məqsədi reallaşdırılacaq fəaliyyətinin Azərbaycan Hava və Ektremal İdman Növləri Federasiyası ilə birgə əlaqələndirilməsini tövsiyyə edib.

H.Bağırov rəhbəri olduğu dövlət qurumunun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə layihəsi əsasında ekoloji mövzuda yaradıcılıq müsabiqəsi üçün pul mükafatlarının məbləğinin və nominasiyaların sayının artırıldığı barədə məlumat verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiyadan və ətraf mühtin mühafizəsi tədbirlərindən yazan jurnalistlərin ixtisaslaşmaları üçün daimi treninqlər şəbəkəsinin, KİV təmsilçilərinin bölgələrdə səyyar gəzinti və konfranslarının təşkili üzərində dayanan nazir mövcud istiqamətdəki fəaliyyətin davamlı olmasının vacibliyini önə çəkib. Tərəflər bunun üçün uzunmüddətli tədbirlər planının hazırlanması razılığına gəliblər.

 

İclasda həmçinin Mətbuat Şurasının ali media mükafatının təsisi ətrafında da fikir mübadilələri aparılıb.

 

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər