Modern.az

“Açıq Hökumətin təşviqinə dair proqram islahatlara yeni impuls verəcək” - FOTOLAR

“Açıq Hökumətin təşviqinə dair proqram islahatlara yeni impuls verəcək” - FOTOLAR

26 Sentyabr 2013, 18:42

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumətin təşviqi”  Koalisiyasının həyata keçirdiyi “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti ictimai dinləmə Lerik və Yardımlı rayonlarında keçirilib.

İctimai dinləmələrdə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Vəliməmmədova Arzu,   yerli İcra Hakimiyyətinin rəsmiləri,  ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. Ümumilikdə, ictimai dinləmələrdə 250 nəfər iştirak edib.

Mövzu ilə bağlı çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsində deyildiyi kimi, bütün dünyada insanlar hökumətdə daha çox aşkarlıq olmasını tələb edirlər. Onlar ictimai işlərdə daha çox vətəndaşın iştirak etməsini, hökumətdə daha çox aşkarlıq olmasını tələb edirlər. Azərbaycan hökuməti bütün dünyada olduğu kimi bu yeni çağırışlara adekvat cavab verilməsi məqsədilə müvafiq tədbirlər görür. 2011-ci ildə Azərbaycanın Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulması da məhz bu istiqamətdə atılan əhəmiyyətli addımdır. İndiyə qədər Azərbaycanda şəffaflığı artırmaq, korrupsiya ilə mübarizə aparmaq, vətəndaşlara səlahiyyətlər vermək, hökuməti daha effektiv və cavabdeh etmək yolunda bir sıra mühüm təşəbbüslər edilib. 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görülüb. “2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.
2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Biznesə başlama sahəsində islahatlara görə Dünya Bankının “Doing Business-2009” hesabatında ən islahatçı dövlət kimi göstərilmişdir. 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılmışdır. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir.
Azərbaycan 2003-cü ildən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə (MHŞT) qoşulub. Əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə Dövlət Neft Fondu “Dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. 2009-cu ildə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü mükafatı” Azərbaycana təqdim edilib”.

“Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB-nin sədri Şahin Nəsrullayev isə Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbilər barədə məlumat verib. Onun sözlərinə görə, MFP-də  informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi,  normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi,  elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması,  mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması istiqamətləri üzrə həyata keçirilən tədbirlər artıq öz bəhrəsi verməkdədir.
”Artıq vətəndaşlar evlərindən çıxmadan elektron xidmətlər vasitəsilə bir çox xidmətlərdən istifadə edə bilərlər. Xüsusən, “ASAN xidmət mərkəzlərinin yaradılması bu sahədə vətəndaşlarımıza böyük töhfə olub”.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.  Müzakirələri yekunlaşdıran Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda vətəndaşlara xidmət sektorunda, informasiyaya çıxışın genişləndirilməsi,  şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində innovativ tədbirlər həyata keçirilir.
”Dövlət başçısı dəfələrlə bəyan edib ki, institusional islahatlar, innovativ təşəbbüslərin tətbiqi prosesi davam edəcək. Açıq Hökumətin təşviqinə dair  Milli Fəaliyyət Planını çərçivəsində görülən tədbirlər bu islahatlara yeni impuls verəcək.
Vətəndaşlar isə öz növbəsində bu islahatçı addımları dəstəkləməli, onların daha çox səmərə verməsi üçün fəallıq nümayiş etdirməlidirlər. Cənab Prezident hər zaman vətəndaşlara səslənərək onları bu istiqamətdə fəal olmağa çağırıb. Vətəndaşlar yeni yaranan imkanlardan daha çox yararlanmağa çalışmalıdırlar”. 











Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?