Modern.az

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hər bir hədəfini məhv etməyə qadirdir"

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hər bir hədəfini məhv etməyə qadirdir"

24 Aprel 2010, 16:35

Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilib. AzərTAc-ın məlumatına görə, Prezident İlham Əliyevin  müşavirədəki çıxışından sonra müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxış edib.

Nazir deyib ki, Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir və nüfuzu artır. ”Cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunmuşdur. Birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmışdır. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədi ilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilmişdir. Müdafiə naziri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq bildirdi ki, tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təlimi keçirilmişdir. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunmuş və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən fəal şəkildə istifadə edilmişdir”. Səfər Əbiyev onu da deyib ki, Azərbaycan Silahlı Qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə keçirilən birgə əməliyyat-taktiki təlimində qoşunlar yüksək döyüş məharəti nümayiş etdirib, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikası və silahların tətbiq edilməsinin üsul və metodları geniş öyrənilib, şəxsi heyətin bilik və bacarığı təkmilləşdirilib. Müdafiə naziri çıxışına davam edərək deyib: “2009-cu ildə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədi ilə strateji və taktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri alınmışdır. Keçən il əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınmış, onları öyrənmək məqsədi ilə kurslar təşkil edilmiş, zabit və gizirlərə erməni dili kursu keçilmişdir. 2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılmışdır. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilmiş, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğular yeni dartıcılarla təmin olunmuşdur. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin etmişdir. Keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilmişdir. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılmış, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılmışdır. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunmuşdur. Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılmışdır. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Cənab Prezident, Sizə məruzə edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv etməyə imkanı vardır. Cənab Prezident, ümumiyyətlə, 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilmişdir”. Sonra müdafiə naziri Azərbaycan Ordusunun sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışaraq deyib: “Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Cənab Prezident, Sizin göstərişinizlə bu beş hərbi şəhərcik demək olar ki, yenidən tikilir. O vaxt Siz demişdiniz ki, köhnə binaların hamısını sökün, yerində təzə, bu günün tələblərinə cavab verən binalar və qurğular yaradılsın. Cənab Prezident, Sizin tapşırığnıza əsasən bu iş davam edir. Beş şəhərcikdə ciddi işlər gedir. Eyni zamanda, hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalaranın inşası davam etdirilir”.   Daha sonra Səfər Əbiyev Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və texnikanın modernləşdirilməsi, bu sahədə yeni silahların tətbiqi istiqamətində aparılan işlərdən danışaraq deyib: “Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılmışdır. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlmiş və aviasiya texnikasının texniki resurslarına qənaət olunmuşdur. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılmışdır. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılmışdır”. Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb: “Gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparılmış və döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlər planlaşdırılmışdır. Gəmi inşa və təmiri sektorunuda 200 tonluq patrul kateri inşa edilmişdir. Cənab Prezident, məruzə edirəm ki, bu 200 tonluq kateri biz öz qüvvəmizlə özümüz inşa edib istifadəyə vermişik. O, indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də, 21 gözətçi gəmisi əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilmişdir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir