Modern.az

Məleykə Abbaszadə: “Mənim özümün də sürücülük vəsiqəm yoxdur” - MÜSAHİBƏ

Məleykə Abbaszadə: “Mənim özümün də sürücülük vəsiqəm yoxdur” - MÜSAHİBƏ

27 Sentyabr 2013, 16:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Modern.az saytının suallarını cavablandırıb.

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərlə bağlı apardı monitorinqlər nəticəsində xeyli səhvlər aşkarladı və həmin dərsliklərin istifadəyə yararsız olduğu bəyan etdi. Aşkarlanan səhvlər yeni təhsil nazirin təyinatından sonra dərsliklərin nəşrindən nəzərə alındımı?

- Dərsliklərdə səhvlər elə indi də var. Xəstəliyin müalicəsi onda aparılır ki, xəstəliyin düzgün diaqnozu qoyulur və xəstə özü xəstə olduğunu qəbul edir. Qəbul etmirsə, çox çətin müalicə edilir. Dərsliklərdə olan səhvlər müəlliflər, ekspertlər tərəfindən etiraf edilmirdi. Təbii ki, onları aradan götürmək lazımdır. Bu sahədə Təhsil Nazirliyinin hal-hazırkı rəhbərliyi, orada işləyən əməkdaşlar və Təhsil Nazirliyi ilə birlikdə işləyən müəlliflər bir razılığa gəliblər ki, bu proses mütəmadi aparılmalıdır. Təbii ki, biz şagirdləri dərsliksiz qoya bilmərik. Bu dərsliklər istifadədədir. Amma kömək məqdsədilə bu dərsliklərdə olan problemləri aradan qaldırmaq üçün müəyyən işlər aparılır. Təhsil Nazirliyi ilə birlikdə portal yaratmışıq, bu yaxınlarda portalın təqdimatı keçiriləcək. Portalın öz xəritəsi olacaq. Kimi nə maraqlandırırsa o xəritəyə daxil olub,  onu maraqlandıran materialı əldə edə biləcək.
Dövriyyədəki problemləri olan dərslikləri bu an yığışdırmaq mümkün deyil. Biz bunu başa düşürük. Amma o dərsliklərin keyfiyyətini qaldırmaq üçün qüsurlu materiallarla bağlı ekspertlərin məsləhətləri portala yerləşdiriləcək ki, müəllimlər də bununla tanış ola bilsinlər. Və öz gündəlik işlərində onların heç bir problemi yaranmasın. Təbii ki, elə səhvlər var ki, onlar hansısa texniki səhvlərdir, onları düzəltmək çox asandır. Elə səhvlər də var ki, metodiki nöqteyi-nəzərdən sırf ekspertlər bir yanaşma ilə çıxış edirlər, müəlliflər bu yanaşma ilə razılaşmır. Elə səhvlər var ki, elmi səhvlərdir, onları da aradan qaldırmaq lazımdır. Bu, müxtəlifdir. Ona görə də portal yaradılıb və bu protalda bütün materiallar öz əksini tapacaq. Bu “xəstəliyin” müalicəsi aşkarlıq və prosesin ictimaiyyətin intellektual potensialını istifadə etməkdir.

- Orta məktəblərin buraxılış imtahanlarında ən çox “2” alan rayonların Təhsil şöbələrinin müdirləri TQDK-nın nəticələri ilə razılaşmadıqlarını bildirirlər. Qeyd edirlər ki, bu siyahıda təkcə onlar yox, başqaları da qeyd edilməlidir.

- Niyə doğru deyil? Eyni suallardır. Bir arayonda 10 nəfər, o birisində 5 nəfər “2” alıb. Bunun nəyi ilə razılaşmır. Bu faktdır. Eyni texnologiyalarla bütün nəticələr yoxlanılır. Bütün rayonlarda ən yüksək və ən aşağı nəticələri cədvəl şəkildə müəyyən etmişdik. Bu cədvəllər açıq cədvəllərdir və orada hamının adı var.
Sadəcə, onlar istəmirlər ki, proses ictimailəşdirilsin. Amma bu, onsuz da ictimai prosesdir. Bu prosesdə iştirak edən hər bir şəxs öz nəticəsini bilir. Təhsil şöbələri də bilməlidirlər ki, onların işi həmişə ictimaiyyətin diqqətində olacaq.

- 2014-ci ildə 9 illik bazadan abituriyentlərin buraxılış imtahanları ilə orta ixtisas təhsili müəsissələrinə qəbulu 2015-ci ildə 11 illik bazadan ali məktəblərə də tətbiq oluna bilərmi?

- Öncə biz 2015-ci il üçün buraxılış imtahanlarında fənlərin sayını artırmışıq. Ola bilsin, 11 illik bazadan orta ixtisas təhsili müəsssiələrinə qəbulda bunu nəzərə alaq. Ali məktəblərdə bu, o vaxt nəzərə alına bilər ki, buraxılış imtahanlarının fənlərinin sayı 5 olsun. Amma elə ali məktəblər var ki, ora heç zaman yalnız attestat nəticəsi ilə qəbul olmaq mümkün olmayacaq. Çünki orada müsabiqə vəziyyəti çox yüksəkdir. Amma elə ali məktəblər var ki, onlara ola bilsin ki, 2015-ci ildə attestat qiyməti ilə qəbul aparmağa icazə verəcəyik. Bu məsələlər ali məktəblərin reytinqdən asılıdır, O reytinqləri təkcə biz müəyyənləşdirmirik, ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi istiqamətində Təhsil Nazirliyi də çox iş aparır. Müəyyən ixtisaslar var ki, orada təlabat var, amma ora gedən yoxdur. Bu marağı şagirdlərdə yaratmaq üçün bəlkə biz həmin qaydanı 2015-ci ildə tətbiq etdik. Hələ ki bu, hüquqi müstəvidə öz əksini tapmayıb. Biz hüquqi müstəvidə 2015-ci ildən buraxılış imtahanlarında fənlərin artırılmasını həll etmişik. Konkret qaydaları, normativ sənədləri təsdiqləyəndən sonra ictimaiyyətə açıqlayacağıq. Bu danışdıqlarımın hüquqi əsası olmalıdır. Biz müzakirə edilən məsələləri açıqlayırıq. Dediyiniz məsələ yalnız hüquqi müstəvidə həll olunandan sonra onu ictimaiyyətə açıqlamaq olar.

- Bəzi təhsil ekspertləri test üsulunun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirirlər, guya, test getdikcə əhəmiyyətini itirməkdədir...

- Niyə əhəmiyyətini itirir? Kütləvi qəbulu aparmaq üçün hansı üsul indi uyğun olar? Şifahi, yoxsa yazılı imtahanmı nəzərdə tuturlar? Biri var ki, kimsə test imtahanı, testin məzmunu ilə əlaqədar elmi araşdırma aparsın, öz təklifini söyləyəndə o elmi araşdırmaya əsaslansın və biz onu dinləyək. Bir də var ki, kimsə özünü təhsil eksperti adlandırır, bilmirəm bu ad necə verilir, elmi ad deyil və deyir ki, nəsə bunun xoşuna gəlmir. Biz beynəlxalq qiymətləndirmə üsullarının hansı formada getdiyini nəzərə alıb, Azərbaycanda hansı dəyişiklik tətbiq olunmalıdırsa, bunu hər zaman edirik. Və apardığımız imtahanlarda testlərin məzmunu da, forması da dəyişir, açıq testlər var, müəyyən imtahanlarda yazı işlərindən istifadə edirik. Biz bu sahədə aparılan bütün araşdırmaları, bütün yenilikləri izləyirik.
Təhsil ekspertləri də bununla bağlı bizimlə müzakirə aparmaq istəyirlərsə, biz buna şad olarıq. Bizim 15-dən çox elmi-metodik seminarımız var və bu seminarlar açıqdır. Hər bir ekspert bura gəlib çıxış edə bilər. Mən o ekspertləri heç bir zaman seminarlarda görümürəm.
Konkretlik yoxdursa, şərh vermək xoş bir iş deyil. Fürsətdən istifadə edib demək istəyirəm ki, biliyin qiymətləndirilməsi üçün  tədris prosesi ilə məşğul olan hər bir mütəxəssisə, onun təcrübəsinə, onun intellektinə ehtiyacımız var. Bizim sualların məzmunu açıq seminarlarda formalaşır. Və kimsə bu prosesə təsir göstmək istəyirsə, buyursun seminara gəlsin. Seminarların cədvəlləri bizim saytımızda var.

- Sürücülk vəsiqəsinin verilməsi üçün imtahanların TQDK tərəfindən aparılmasının vacibliyini deyənlər var. Bu təklifə münasibətiniz necədir?

- Bu məsələ heç zaman gündəmdə olmayıb. Bilmirəm bunu kim qaldırır. Sürücülüik vəsiqəsini  biz vermirik, verməyəcəyik də. Mənim özümün də sürücülük vəsiqəm yoxdur.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?