Bu gün Qarabağ QHT Koalisiyası Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “2013-cü ildə keçiriləcək Azərbaycan Respubilkası Prezidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin ikinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri, layihənin koordinatoru Vüqar Qədirov oktyabrın 9-da keçiriləcək prezident seçkisinin dövlətimiz və xalqımız üçün mühüm siyasi hadisə olduğunu bildirərək, apardıqları maarifləndirmə tədbirlərinin yüksək səviyyədə həyata keçirildiyini deyib. O, əhalinin seçkilərdə fəal iştirak etməsi, ilk dəfə seşkilərdə səs verəcək gənclərin maarifləndirilməsi, vətəndaşlara seçki hüquqlarından fəal istifadə edilməsi, seçki fəallığının artırılması üçün regionlarda elmi-metodiki və kütləvi tədbirlərin keçirildiyini bildirib.
V.Qədirov İmişli, Beyləqan, Füzuli, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarında keçirilən seminarlarda koalisiyanın idarə heyətinin üzvlərinin, rayon ziyalılarının, gənclərin, yerli sakinlərinin fəal iştirak etdiklərini, seçkilərə fəal və prinsipiallıqla hazırlıq görüldüyünü vurğulayıb.
Koalisiyanın üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ordu quruculuğu, dövlətin hərbi potensialının yüksəldilməsi istiqamətində aparılan işlər, dövlətin gənclərə qayğısı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhali arasında rəğbətlə qarşılandığını və bu işlərin uğurla davam etdirilməsini arzuladıqlarını bildirib.
Çıxış edən digər natiqlər müharibə veteranlarına dövlət qayğısından, dövlətin torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı siyasətdən, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanıması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, aparılan müşahidələr əhalinin seçkilərə yüksək səviyyədə hazırlaşdığı və marifləndirmə tədbirlərinin böyük effekt verdiyini göstərir .
Koalisiyanın sədri V.Qədirov əhalinin seçkilərdə fəal iştirak etməsi üçün hər cür şəraitin yaradıldığını, hər bir seçicinin öz istədiyi namizədə səs verməsi üçün tam demokratik və ədalətli mühitin olduğunu bildirib.
Layihənin daha 2 rayonda: Goranboy və Biləsuvarda icrası nəzərdə tutulub.


Modern.az