Modern.az

Azərbaycan son 10 ildə-FAKTLAR

Azərbaycan son 10 ildə-FAKTLAR

Aktual

28 Sentyabr 2013, 11:23

Son 10 il: Azərbaycanın uğurları...


8 ya da 9 yaşım olardı. Televiziyalardan birində Prezident Heydər Əliyevin çıxışını izləyirdim. O, Sovet rejimindən yeni çıxmış, istisadiyyatı, sosial həyatı pərən-pərən olmuş ölkəmizin gələcək planlarından danışırdı. Yeni müstəqillik qazanmış dövlətin gələcək inkişafını sözlə ifadə edən Heydər Əliyevin dedikləri çoxlarına yuxu, xəyal kimi görünürdü. Amma onun siyasi iradəsi, bir sıra ölkələrlə etdiyi dostluq və siyasi münasibətlər Azərbaycanı hərtərəfli böhrandan xilas etdi. Çünki Heydər Əliyevin sovetlər zamanı Azərbaycana rəhbərlik etməsi onun peşəkar faəliyyətinin göstəricisi olaraq yenicə müstəqillik qazanmış dövlət üçün qığılcım idi. İlk olaraq diqqəti ölkənin dağılmış iqtisadiyyatının bərpa olunmasına yönəldən ulu öndər bu sahənin inkişafı ilə Azərbaycanı daha da irəli aparmağı qarşısına məqsəd qoymuşdu. Hər şey belə də başladı. Uğura gedən yol düşünülmüş məqsəddən keçir. O, inamla, uğurla irəli gedəcəkdi. Bunu isə xalqın seçdiyi iki siyasi xadim reallaşdıracaqdı. Böhran vəziyyəti ilə üz-üzə qalan Azərbaycanı qolundan tutub düşdüyü vəziyyətdən xilas edən Heydər Əliyevin Azərbaycanla bağlı sonrakı siyasətini onun layiqli davamçısı İlham Əliyev daha da irəliyə aparacaqdı.
Artıq 10 ildir ki, atasının siyasi xəttini layiqlə davam etdirən Prezident İlham Əliyev bu illər ərzində saysız-hesabsız uğurlara imza atıb. Hər bir dövlətin inkişafı iqtisadi təməlin uğurlu başlanğıcından doğur. Heydər Əıliyevin layiqli siyasi xəttinin davamçısı olan İlham Əliyev ölkənin iqtisadi inkişafına təkan verdi. İqtisadçılar Azərbaycanın 2003-cü ildən sonrakı dövrünün iqtisadi nailiyyətini ötən 10 ilin keyfiyyət yüksəlişi hesab edirlər. Məhz ötən on il ərzində siyasi və iqtisadi reformalar paralel şəkildə həyata keçirilməklə, bütün sahələr ciddi inkişaf mərhələsinə qədəm qoyub, insanların rifahı yüksəlib, Azərbaycanın beynəlxalq münasibətlər sistemi daxilində tutduğu mövqeyi daha da möhkəmlənib.

İqtisadi inkişaf

Son 10 il ərzində Azərbaycanda müşahidə olunan inkişaf proseslərini təhlil edən araşdırmaçılar nailiyyətlərin əldə olunmasına səbəb olmuş uğur formulu haqqında da danışırlar. İnkişafın Azərbaycan modeli haqqında fikirlər söylənilir və dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Azərbaycan on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb. Bununla yanaşı, son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artıb. İqtisadi inkişafın ən uğurlu göstəricilərindən biri də Sovet dövründən qalmış əmanətlərin insanlara qaytarılmasıdır. Bu da düzgün aparılan siyasətin təzahürüdür. Bundan başqa, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması da ötən 10 ilin uğurları sırasındadır. Bundan sonra ölkədəki mobil rabitə danışıqlarının, internet qiymətlərinin aşağı düşməsi vacib şərtlərdən birinə çevrilib. Bütün dünya maliyyə böhranını yaşadığı halda Azərbaycanının apardığı iqtisadi siyasət nəticəsində ölkəmiz maliyyə böhranından üzü ağ çıxdı. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin 3 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasını görə bilərik. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 46 milyard dollar həcmində valyuta ehtiyatı toplanıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olub. Cari ilin dövlət büdcəsinin gəlirləri 19 159 000 min manat, xərcləri isə 19 850 000 min manatdır. Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyur. Belə ki, təkcə ötən il iqtisadiyyata qoyulan investisiyaların həcmi 22 milyard dollardan çox olub. Bunun 13 milyard dolları daxili, 9 milyard dolları xarici investisiyalardır. Ümumilikdə, son 15 ildə ölkə iqtisadiyyatına yatırılan vəsaitlərin həcmi 120 milyard dollardan artıqdır. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də inkişafın hansı səviyyədə olduğunu açıqlayır. Ötən il ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda artım 9,7 faiz, qeyri-neft sənayesində 8 faiz təşkil edib. Əhalinin pul gəlirləri 13,8 faiz artıb. Təkcə ötən il 117 min yeni iş yeri açılıb ki, bunun da 93 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5,2 faiz, yoxsulluğun səviyyəsi 6 faizdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında 2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 10 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- deyə vurğulayıb. Proqnoz göstəriciləri də ölkəmizin davamlı inkişafından xəbər verir. Belə ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Cari ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq. Bu onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Beynəlxalq əhəmiyyətli enerji layihələrini gerçəkləşdirməklə iqtisadi qüdrətini artıran Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu möhkəmlənir. Prezident İlham Əliyevin söylədiyi kimi heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Neft strategiyasının uğurla davam etdirilməsi üçün dünya birliyində daha çox müzakirə olunan neft-qaz kəmərlərinin daha əlverişli, milli maraqlarımıza və dövlətçilik mənafeyimizə uyğun variantlarının həllinə üstünlük verilir. Azərbaycanı dünya bazarlarında tanıdan, dövlət başçısının qeyd etdiyi kimi, dünyada böyük şirkətlər sırasında tanınan ARDNŞ-in son illərdə apardığı investisiya siyasəti ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edir. Gürcüstanda, Türkiyədə, Ukraynada, Rumıniyada və digər ölkələrdə sərmayə proqramlarına uyğun fəaliyyətini genişləndirən ARDNŞ-in Türkiyənin ən iri neft-kimya nəhənglərindən sayılan “Petkim”ə rəhbərliyi Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla dünya bazarına çıxışının ən səmərəli və yaxın istiqamətlərini müəyyənləşdirir. Cari ilin arxada qalan bir ayında ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yetirmək kifayətdir ki, ümumi il haqqında aydın təsəvvür yaransın. Hər il ənənəvi olaraq keçirilən Davos Ümumdünya İqtisadi Forumunda Azərbaycanın iqtisadi inkişaf strategiyasının uğurları təqdir olunaraq, Forumun cari ilin aprelində Bakıda keçirilməsi barədə qərarın qəbulu ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir. Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzu kimi qəbul olunması da düzgün siyasətin uğurlarına əsaslanır.

Sağlam bədən-sağlam ruh

“Sağlam bədəndə sağlam ruh olar” prinsipini reallaşdıran İlham Əliyev idman sahəsini də diqqətdən kənarda qoymadı. İdman sahəsinə ayrılan diqqətin sayəsində beynəlxalq idman qurumlarının ölkəmizə olan inam və hörmətinin əlaməti olaraq, Azərbaycan növbəti mötəbər beynəlxalq idman tədbirinin məkanına çevrildi. 2003-cü ilin əvvələrindən başlayaraq Azərbaycanda bir-birinin ardınca beynəlxalq yarışların təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi. İyun ayının əvvəlində paytaxtımızda qadınlar arasında voleybol üzrə Avropa Çempionatının seçmə mərhələsi keçirildi. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli yığma komandası bu yarışlarda I yerə yiyələnərək yüksək liqada oynamaq hüququ qazandı. Bu yarışlardan dərhal sonra Rusiyada dünyanın ən güclü komandalarının iştirakı ilə keçirilən voleybol üzrə beynəlxalq turnirdə Azərbaycanın voleybolçu qızları III yerə çıxdı. 5 iyun 2003-cü il tarixində ümummilli lider Heydər Əliyev 2004-cü ildə Afinada keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarına səmərəli, planlı və məqsədyönlü hazırlığı təmin etmək, bu oyunlarda Azərbaycan yığma komandasının uğurlu çıxışına nail olmaq məqsədilə müvafiq sərəncam imzaladı. 2003-2004-cü illərdə bu sərəncamdan irəli gələn vəzifə və tapşırıqlar sürətlə həyata keçirildi. 2003-cü ilin iyulun 5-dən-12-dək Tailandda keçirilmiş Dünya Çempionatında boksçularmızdan Ağası Məmmədov qızıl, Tofiq Əhmədov və Ruslan Xairov bürünc medallar əldə etdilər. Avqust ayında Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi keçirildi. Yarışlarda 17 ölkənin gimnastları iştirak etdi. Azərbaycan gimnastı Dinarə Gimatova bu mötəbər yarışlarda 1 gümüş və 2 bürünc medalla mükafatlandırıldı. Avqust ayında daha bir beynəlxalq yarış paytaxtımızda təşkil olundu. Avropanın 30 ölkəsinin yeniyetmə cudoçuları tatami üzərində qitənin güclüləri sırasına düşmək əzmi ilə mübarizə apardılar. Avropa birinciliyində ölkəmizin yeniyetmə cudoçuları 3 qızıl, 3 gümüş və 2 bürünc medal əldə etdilər. Azərbaycan komandası yarışlarda I yerə çıxdı. Respublikamızda kütləvi kompleks yarışların keçirilməsi də artıq ənənəyə çevrilib. 2004-cü ildə Yeniyetmələrin IV Respublika Oyunları, orta ixtisas və ali təhsil məktəbləri tələbələrinin, ayrı-ayrı sahələrin əməkdaşları arasında Respublika Spartakiada və Olimpiadaları keçirilib. Proqrama daxil olan idman növləri üzrə yarışlara şəhər və rayonlardan 300000-ə yaxın idmançı cəlb olunub. XXVIII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idman nümayəndə heyəti 38 nəfər idmançımız 1 qızıl, 4 bürünc medal əldə edərək 202 dövlət arasında 37-ci yerə layiq görüldü. Azərbaycan idmançıları bu möhtəşəm idman oyunlarında yüksək nailiyyətlər əldə edərək, ölkəmizin idman tarixinə yeni şərəfli səhifə yazmış oldular. 17-28 sentyabr tarixində Azərbaycan idman nümayəndə heyəti XII Paralimpiya Oyunlarında iştirak etdi və 4 medal - 2 qızıl, 1 gümüş, 1 bürünc medalla Vətənə döndülər. Oktyabrın 6-da Respublika Prezidenti onları qəbul etdi və pul mükafatı ilə mükafatlandırdı. 2004-cü il ərzində idmançılarımız rəsmi beynəlxalq yarışlarda 191 medal, o cümlədən 55 qızıl, 62 gümüş və 74 bürünc əldə etmişlər. Qazanılmış 191 medalın 75-i (19 qızıl, 19 gümüş, 37 bürünc) Olimpiya idman növlərinin, 116-sı isə (36 qızıl, 43 gümüş, 37 bürünc) qeyri-olimpiya idman növlərinin payına düşmüşdür. Bundan başqa Azərbaycan xalqının ən çox sevdiyi milli güləş, daşqaldırma, nərd, gücsınama, kəndirdartma və s. milli idman növlərinin inkişaf etdirilməsi sahəsində də böyük işlər görülür. Bu sahədə artıq ənənəyə çevrilmiş “Milli İdman Növləri üzrə Respublika Spartakiadası” hər il keçirilərək idmanın əhali arasında kütləviləşməsinə bilavasitə zəmin yaradır. Son bir neçə ildə Azərbaycan Dünyanın idman mərkəzlərindən birinə çevrilib və elə 2005-ci ildə də Azərbaycanda bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmin yarışların Bakıda yüksək və mütəşəkkil səviyyədə keçirilməsi üçün hazırlıq işləri məqsədyönlü şəkildə həyata keçirilir. Hökumət artıq “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuldur. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf var. Məhz bu gün Azərbaycanda icra edilən layihələr də elə gələcəyə yönəldilib.

Beynəlxalq siyasət

Azərbaycan beynəlxalq münasibətlər sistemində də yerini möhkəmlədib. 2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib. Beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədən Azərbaycan çoxtərəfli və ikitərəli münasibətlərdə nümunəvi əməkdaşlıq sərgiləyib. Ölkəmiz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmizin xarici siyasətinin prioritetini təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılıb. Bu yöndə həyata keçirilən hücum diplomatiyası sayəsində Ermənistan təslimolma vəziyyətinə salınıb. Təsadüfi deyil ki, artıq dünya təşkilatları, ayrı-ayrı dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa vadar edir. Bu arada qeyd edək ki, dünya ölkələri, beynəlxalq humanitar təşkilatlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin vurduğu ağır zərərlərin aradan qaldırılması istiqamətində yürütdüyü siyasəti bəyənir. Hətta, 2007-ci ildə bütün çadır şəhərciklərinin ləğv edilməsi yönündə atılan addımlar bütün dünyanı heyran qoyub. Ən nəhayət, Prezident öz ad günü zamanı Qrabağ bölgəsinə səfər etdi və bununla bütün dünyaya mesaj verdi ki, onun bütün fəaliyyətinin ana xətti Qarabağdır, ad gügnündə belə Qarabağ unudulmur. Əcnəbi müşahidəçilərin rəyinə görə, Azərbaycan öz torpaqlarını iqtisadi güc hesabına azad edə biləcək. Son 10 il ərzində Azərbaycanın daxili siyasətində də bir sıra uğurlara imza atıb. Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülüb və demokratiyanın bütün göstəriciləri üzrə ciddi addımlar atılıb. Ölkədə demokratiyanın bütün təsisatları bərqərar olub. Söz, mətbuat, vicdan, azad toplaşma, özünü ifadə azadlıqlarının təminatı sahəsində uğurlu nəticələr olub, çoxpartiyalı sistem daha da möhkəmlənib, siyasi plüralizm dərinləşib, vətəndaş cəmiyyəti dövlət idlarəçiliyində daha aktiv iştirak edib. Əlbəttə ki, bütün bu işlərdə ən böyük təsirə malik və siyasi sistemin ən əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi islahatların dərinləşməsində də xüsusi rolu və məsuliyyəti var. Prezidentin Sərəncamı ilə regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Bu beş illik Dövlət Proqramı idi.
Dövlət Proqramı 2001-2008 ci illəri əhatə edirdi. Lakin 2009-cu ildə həmin proqramın davamı olaraq, ikinci yeni bir Dövlət Proqramı qəbul olundu. Bu, regionların iqtisadi inkişafını təmin edə biləcək ikinci layihə idi və 2013-cü ilin sonuna qədər həmin proqram fəaliyyətdədir. Hökumət tərəfindən yeni proqram da işlənilir və bu proqram 2014-2018-ci illəri əhatə edəcək. Bu proqramlar Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafını balanslaşdırılmış şəkildə davam etdirir. Son 10 ilin iqtisadi mənzərəsinə nəzər salsaq, görərik ki, 2000-ci ilin əvvəllərində başlıca hədəflərimiz, ölkədəki enerji təhlükəsizliyini həll etmək idisə, 90-cı illərin ikinci yarısında ərzaq çatışmazlığıdırsa, çörək təminatından danışılırdısa və söyləyirdik ki, fasiləsiz qaz və elektrik enerjisinin olması böyük bir problemdir. Artıq əminliklə demək olar ki, bu kimi problemlər öz həllini tapıb və əhali artıq nə vaxtsa bu kimi problemlərlə üzləşdiyini belə unudub. Bu gün regionlarda əhali üçün yaradılan hər bir şərait müasir standartlara cavab verir. Ümumiyyətlə, qarşıya qoyulan proqramın əsas qayəsi bu gün regionlardakı vəziyyəti yaxşılaşdırmaqla şəhərlərin yükünü azaltmaq, demoqrafik prosesləri tənzimləmək, urbanizasiya prosesini nəzarət altına almaqdır. Bütün dünyada urbanizasiya prosesi gedir, insanlar kəndlərdən şəhərlərə və böyük mərkəzlərə axışırlar. Bu da həmin dövlətin qeyri-proporsional inkişafına gətirib çıxarır. Son illər isə Azərbaycanda insanlar şəhərlərdən kəndlərə gedirlər. Bu isə təbii ki, regionların inkişafı ilə bağlıdır. Son on ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. “Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilir. “2004-2008-ci illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası, beş il üçün nəzərdə tutulan vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi növbəti proqramın-2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbulunu şərtləndirdi. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası da ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Liberal iqtisadi islahatların davam etdirilməsi ilə bütün sahələr üzrə qanunvericilik bazası formalaşdırıldı, təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. İqtisadiyyatda keçid mərhələsini başa vuran Azərbaycan özünü tam təmin edən ölkəyə çevrildi. Bu gün nəinki paytaxt, bölgələrimiz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Bu gün regionlar arasında sağlam rəqabətin getdiyi inkaredilməzdir. Azərbaycan quruculuq meydançasına çevrilib. Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə səfərdə olması, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməsi, insanların problemləri ilə yaxından tanış olması qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə həyata keçirilməsinə stimul olmaqla yanaşı, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Təkcə ötən il Prezident İlham Əliyev 30 dəfədən çox regionlarda səfərdə olub, 130-dan çox obyektin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Bu il isə az qala bütün rayonlara səfər edib. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Ayrı-ayrı dövrləri əhatə edən “Azərbaycanda Sahibkarlığın İnkişafı” Dövlət Proqramı, “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər proqramların uğurlu icrasının davamı olaraq hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər icra olunur və onların müsbət nəticələri göz qabağındadır. Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsini, əhalinin rifah halının yüksəldilməsini təmin edən islahatlar da diqqətəlayiqdir. Aparılan islahatlar göstərdi ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, əməkhaqqı siyasətinin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, Məşğulluq Siyasətinin tətbiqi populist vədlər deyil, reallıqdır. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta aylıq əməkhaqqının səviyyəsi isə 460 dollardır. Qarşıdakı 10 il üçün hədəfləri müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində hazırlanıb. “Bizim növbəti onilliklərlə bağlı planlarımız olduqca aydındır” söyləyən Prezident İlham Əliyev 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur: “Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu, bizim məqsədimizdir.”

Mədəni inkişaf

Mədəniyyət sahəsində əldə edilən nailiyyətlər ölkəmizin dünya arenasında tanıdılması istiqamətində bir cığırdır. Fəxrlə deyə bilərik ki, açılan cığırla, atılan addımlar dövlətimiz zirvə nöqtəsində qərar tutmaqdadır. Buna ən böyük nümunə xalqımızın “ana laylası” hesab edilən muğamlarımızın dünya miqyasında özünü təsdiq etməsidir. İllərlə xalqın yaddaşında zorla silinməyə məhkum edilən milli dəyərlərimiz millətin iradəsi və əzmkar dövlət başçımızın səyi nəticəsində tarixi kökünə qaytarıldı. Bu istiqamətdə, xüsusilə humanitar sahədə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti ölçüyəgəlməzdir. Ötən il Azərbaycan 700 milyonluq tamaşaçısı olan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi və 2015-ci ildə Avropa Olimpiya Oyunlarına hazırlaşması Azərbaycanın mədəniyyət sahəsində qazandığı uğurlar sırasına aid etmək olar. Bir sözlə, indi Azərbaycan nəinki Cənubi Qafqazın, bütün dünyanın parlayan ulduzuna çevrilir. Ölkəmizin bu uğurlarını qəbul etməyənlərin isə inkişafımızı əngəlləməsi mümkünsüzdür.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir