Modern.az

Satqın hər yerdə satqındır

Satqın hər yerdə satqındır

29 Sentyabr 2013, 12:08

Namidə BİNGÖL

 

 

Məmləkət o zaman məğlub olur ki, uğrunda aparılan müharibələrin miqyası durmadan genişlənir. Böyük-kiçik arasında gedən savaşların miqyası isə bəlli bir yerdə mütləq qırılır. Əslində sözümün canı var. Həmişə olduğu kimi yenə də siyasətdən, siyasi favoritlərdən danışacam. İki nəhəngin siyasi meydanda ağalıq etmək istəyi çox vaxt müharibəyə səbəb olur. Elə Bəxtiyar Hacıyevin əmisi Hafiz Hacıyevə badalaq vurması buna sübutdur. Hafiz müəllim də elə-belə güzəştə gedən adam deyil ha! O ki əlinə dəryaz aldı, fərq filan qoymadan hamını biçəcək. Adama deyən lazımdı. Ay Bəxtiyar, əmin Hafiz müəllim, onsuz da yetənə yetir, yetməyənə butulkadan olmasa da atmağa söz tapır. Bəs sənə nə olub ki, onun fikirlərinə müxalif tərzdə cavab verirsən? Heyf sənin gəncliyinə, ay Bəxtiyar. Artıq əmin Hafiz müəllim, sənin müalicə olunmağın üçün xarici ölkənin adını da açıqlayıb. Tibbi personal hazır vəziyyətdədir.

Hazırlıqdan söz düşmüşkən, seçkiqabağı mitinqə hazırlaşan Cəmil Həsənli ilə Hafiz Hacıyev deyəsən, bir-birindən doya bilmir. Teledebatda üz-üzə gəlmələri bəs deyil, indi də meydanda yabalaşmaq istəyirlər. İşə bax e Hafiz Hacıyevlə masaətrafı görüşlər söyüşlə, balta-bıçaqla güclə sona yetir. Onda qala geniş meydan ola. Məgər, sizə yer qəhət idi?! Bir-birinə rəqib olan namizədin eyni gündə, eyni məkanda, eyni saatda mitinq keçirməsinin məqsədi nədir, görəsən?! Bu arada, Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda Hafiz Hacıyevin hiddətinə hiddət qatan Cəmil Həsənlini hər şey gözləyə bilərdi. Araya Bakı meri Hacıbala Abutalıbov girməsəydi. Buna görə Hacıbala müəllimə təşəkür edirəm. Seçkiqabağı böyük faciənin qarşısını aldı. Yəni bizim Hacıbala müəllim, sentyabrın 29-a nəzərdə tutulan hər iki namizədin mitinqindən birini təxirə saldı. Öz aramızdı, qeyri vaxt Hafiz müəllimin dediklərinə dodaqaltı gülənlər indi onun sözü ilə oturub-durmaq məcburiyyətindədirlər. Nə başınızı ağrıdım. Sentyabrın 29-da “Məhsul” stadionunda Hafiz Hacıyevin məhsuldar mitinqi baş tutacaq. Cəmil Həsənlinin mitinq keçirmək sevdası isə sentyabrın 28-nə nəzərdə tutulub.

Nəzərdə tutulan bir çox siyasi məsələlərin içində dövlətə, dövlətçiliyə, millətə yönəlmiş daxili satqınlıq da ola bilər. Hələ 1993-cü ildə qondarma “Talış-Muğan Respublikası” yaratmaq istəyən Ələkrəm Hümmətov saçı-saqqalı ağarsa da, köhnə peşəsindən əl çəkmək istəmir. Adama deyən lazımdır ki, siz bu millətin çörəyini yeyib suyundan içə-içə böyümüsünüz. Maraqlıdır, indi Ermənistanda nə itirib, nə axtarırsınız?! Szi nə vadar etdi ki, ermənilərin qucağına yellənib getdiniz? Azərbaycan ərazisində məskunlaşan azsaylı xalqların hüquqlarını kobud şəkildə pozan varsa, o da sizsiniz. Ermənidən-erməniyə qardaş olmaz. Əgər ermənidən özünüzə qardaş düzəltmək istəyirsinizsə....Məncə, satqın hər yerdə satqındır. Əlavə şərhə ehtiyac yoxdu.

Heç Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin də son dönəmlərdə etdiyi çıxışlarına adamın əli gəlmir nəsə yazıb, şərh etsin. Çünki gah nala vurur, gah da mıxa. İngilis bayrağı kimi o tərəf bu tərəfə dalğalanmağın da sonu bir yerə dəyib dayanmaqdır ha! Vallah, Milli Şura yaranandan Rəsul bəyin xarakterinin dəyişkən olması ortaya çıxdı. Milli Şuranın təşkil etdiyi sonuncu mitinqindən sonra partiyanın sədri Sülhəddin Əkbərə telefon açan Rəsul bəy, “bu nə multfilmdir, ə?!”-deyib yaman əsəbləşdi. İlk gündən təxmin etmişdim ki, Rəsul bəyin dəyişkən xarakteri öz başında çartlayacaq. Yəni demək istəyirəm ki, Rəsul bəyin Milli Şuradan çıxarılma ehtimalı var. Buna səbəb təbii ki, Sülhəddin Əkbərlə Rəsul Quliyevin sensassion telefon danışığının mətbuata sızmasıdır. Yəqin bu barədə bir müddət düşünmək məcburiyyətində qalacaqlar. Nə deyirəm, qoy düşünsünlər. Bir təklif də məndən. Yaddan çıxmaq üzrə olan Milli Şura sədri Rüstəm İbrahimbəyovla da məsləhətləşsəniz pis olmaz. Çünki Rüstəm bəy ssenari yazmaqda ustaddır. Ağsaqqal məsləhətini unutmayın.

AZTV-nin efirindən və hakimiyyət nümayəndələrinin dilindən vətəndaş qarşıdurması anlamına gələn, tez-tez eşitdiyimiz qardaş qırğını ifadəsi deyəsən doğma qardaşlara da aiddir. Belə ki, siyasi cameədə sosial-demokrat kimi tanınan iki qardaşın söz davası, bir-birinə atmacaları, replikaları nədənsə bir neçə aydan bir jurnalistlərin əsas mövzusuna çevrilir. Söhbət ASDP sədri Araz Əlizadə və onun qardaşı, politoloq Zərdüşt Əlizadədən gedir. Seçki debatlarını şərh edən Zərdüşt bəyin Cəmil Həsənlidən başqa yerdə qalan digər namizədləri “iqtidar adamı” adlandırmasını Araz müəllim həzm edə bilmir. Hətta efirdən deyir ki, bir politoloqu guya əleyhinə kompromat toplamaq üçün ortaya atıblar. Araz müəllim valla kompromat falan deyil, sadəcə qardaşınız öz siyasi analizini verir. Biz jurnalistlərin nə işinə ki sizə qarşı kompromat toplayaq?! Biz öz işimizi görürük, yəni seçki prosesləri ilə bağlı Zərdüşt bəyin mövqeyini öyrənirik, digər politoloqlar kimi. Canlı yayımdan ad çəkməsəniz də siyasi gedişatlardan az çox məlumatı olan bilir ki, qardaşınızı nəzərdə tutaraq həmin politoloqa xəbis deyirsiz. Hələ bir Milli Şuraya da Şuriklər deyə müraciət edirsiz. Bir siyasətçi kimi belə ifadə işlətmək məncə sol qüvvələri də gözdən salır. Nə də olsa həmin siyasi düşərgəni təmsil edirsiz axı! Ancaq deyəsən siz bunun fərqində deyilsiz... Amma cənab Əlizadə, lağa qoyduğunuz və şuriklər adlandırdığınız, Milli Şura namizədi sizə yaman cavab verdi ha! Ancaq siyasi və jurnalist etikası xatirinə burda Cəmil bəyin dediklərini yazmaq da düz olmaz! Yazıq kişinin üstünə o qədər getdiz ki, o da dözmədi sizə məlum cavabı verdi. Görək axırı necə olacaq? Təki hakimiyyət uğrunda bu siyasi mübarizə AZTV-nin təbirincə desək, qardaş qırğınına gətirib çıxarmasın...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub