Modern.az

İlham Əliyevin «Jurnalistlərin dostu» seçilməsi reallığa əsaslanır

İlham Əliyevin «Jurnalistlərin dostu» seçilməsi reallığa əsaslanır

30 Sentyabr 2013, 18:31

Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun bələdçisi olan mətbuata göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir


Mətbuatın əsas prinsipləri obyektivlik,
qərəzsizlik, vətənpərvərlik olmalıdır

Bu günümüzün reallıqlarının düzgün dəyərləndirilməsi hər zaman bizlərdən ötən dövrlərə nəzər salmağı tələb edir. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi 1991-ci ildən bizi 22 ilə yaxın zaman ayırır. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi durum hər kəsin yaddaşındadır. Xaos, anarxiya və özbaşınalığın hökm sürdüyü ölkəmizdə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərə fiziki və mənəvi təzyiqlər geniş vüsət alırdı. Bu xatırlama bu gün Azərbaycanı «qeyri-demokratik ölkələr» sırasında qeyd edən beynəlxalq qurumlara dəstək olan dağıdıcı ünsürlərin birillik hakimiyyətləri dövrünün xarakterik xüsusiyyətlərindən biridir. Dövlət başçısı İlham Əliyev jurnalistlər üçün tikilmiş yaşayış binasında Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində mətbuatın qarşısında duran vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd etmişdir ki, müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verilməlidir: «Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.»

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə edəndə ulu öndər Heydər Əliyevin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» fikrinin reallığa əsaslandığını təsdiqləmiş olarıq. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Təbii ki, uğurlarımızın istər ölkə, istərsə də beynəlxalq ictimaiyyətə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. «Bu gün bizim əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində.»

Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısı bildirir: «Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik... Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə indiki dünyada.»

Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, obyektivlikdən uzaq, qərəzli yazıların nə kimi problemlərə yol açdığının fərqində olarıq. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.

Senzuranın ləğvi: Mətbuatın inkişafında yeni mərhələ

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli liderin 6 avqust 1998-ci il tarixli «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərmanı ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. «Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır» söyləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist təşkilatlarının azad fəaliyyət göstərməsi müstəqil mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinin ümumiləşdirilmiş ifadəsi 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsidir. Ümummilli lider söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. «Kütləvi informasiya vasitələri haqqında» qanunun qəbulu, eyni zamanda kütləvi informasiya vasitələrinin maddi texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramının təsdiq olunması azad mətbuatın inkişafına stimul oldu. Ulu öndər Heydər Əliyevin «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında» fərmanı ilə ölkəyə gətirilən qəzet kağızına gömrük rüsumları ləğv olundu.

2003-cü ildə mətbuatda özünütənzimləmə mexanizmini həyata keçirən Mətbuat Şurasının yaradılması ilə müstəqil KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan yeganə ölkədir ki, hər kəsə istədiyi səpgidə mətbuat orqanı açmaq imkanı yaradılıb, qeydiyyat prosedurları, lisenziya mexanizmi liberallaşdırılıb, sadələşdirilib.

Bir əsas məqamı da qeyd edək ki, 2001-ci ildə ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə görüşdə milli jurnalistikanın üzləşdiyi problemlərlə yaxından maraqlanan ulu öndər qəzet və jurnalların «Azərbaycan» nəşriyyatına olan borclarının dondurulması və ləğvi istiqamətində önəmli sərəncamlar imzalamışdır. «Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir» söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. KİV-lərin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə imzalanan sərəncamlar, jurnalistlərin dövlət mükafatları, orden və medallarla təltif ounması bir daha təsdiqlədi ki, mətbuata qayğı davamlı və sistemlidir.

Azərbaycan mətbuatı zamanın tələbinə uyğun təkmilləşir

Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. 2003-cü ildə «Televiziya və Radio Yayımı haqqında» qanunun qəbul edilməsi, elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli Televiziya və Radio Şurasının yaradılması, AzTV 2-nin bazasında İctimai Televizya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması və s kimi addımlar Azərbaycanın demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini göstərir. 2005-ci ildən başlayaraq KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin əməyinin qiymətləndirilməsi istiqamətində tədbirlərin miqyası daha da genişləndirildi. Belə ki, mətbuatın 130 illik yubleyi ilə əlaqədar KİV-lərin mükafatlandırılması haqqında Prezident sərəncamları imzalandı, jurnalistlər Prezident təqaüdünə, dövlət mükafatı və fəxri adlara layiq görüldü. Həmçinin Prezident İlham Əliyevin imzaladığı «Qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borclarının ödənilməsi haqqında» sərəncamına əsasən maddi çətinliklərlə üzləşən qəzetlərin qaytara bilmədiyi 450 min dollar dövlət büdcəsi tərəfindən ödənildi. Göründüyü kimi, həyata keçirilən tədbirlər əsası ulu öndər tərəfindən yaradılan təməl əsasında müəyyənləşdirilir, tətbiq olunur. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası» da azad mətbuatın inkişafına diqqətdən qaynaqlanır. Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin Fondun icraçı direktorunun və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. 2009-cu ildə yaradılan Fondun əsas məqsədi KİV-lərin maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, redaksiyalarda yaradıcı mühiti yaxşılaşdırmaq və s-dir. Fondun, Mətbuat Şurasının müxtəlif dövlət qurumları ilə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələrinin təşkili, eyni zamanda həyata keçirdiyi biri-birindən əhəmiyyətli layihələr müstəqil mətbuatın inkişafına yönəlmiş ən mütərəqqi addımlardır.

2010-cu ildə mətbuatın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, dövlət başçısı İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında» sərəncamına əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə «Əməkdar jurnalist», 15 nəfərə «Əməkdar mədəniyyət işçisi», bir nəfərə «Əməkdar mühəndis» fəxri adların verilməsi, həmçinin 38 nəfərin «Tərəqqi» medalı ilə təltif olunması jurnalist əməyinə böyük dəyərin verildiyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış evlərinin tikilməsinə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında sərəncamı da məhz mətbuatın 135 illik yubileyi ilə əlaqədar imzalanmışdır. Bu, dünyada analoqu olmayan bir hadisə kimi dəyərləndirildi. Qeyd olundu ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında maraqlı olduğunu atdığı biri-birindən önəmli addımları ilə təsdiqləyir.

Cari ilin iyul ayında keçirilən Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda dövlət başçısı İlham Əliyev bu reallığı qeyd etmişdir ki, bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Təbrik məktubunda bu da xüsusi vurğulanmışdır ki, Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılan Mətbuat Şurasının fəaliyyəti ötən dövr ərzində bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz, məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir. Uğurlu fəaliyyət əldə olunan nəticələrdən də aydın görünür. 10 ilə baxış fonunda qarşıdakı illər üçün prioritetlər müəyyənləşdirilmiş və həlli yolları diqqətə çatdırılmışdır.

Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir

22 iyul Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində dövlət başçısı İlham Əliyev çıxışında bu reallığı da diqqətə çatdırdı: «Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir.» İstər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bu reallığın təsdiqidir.

Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Qeyd etdiyimiz kimi, iqtisadi yüksəliş mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir. 2010-cu ildə «Jurnalistlərin dostu» mükafatının təqdimat mərasimində dövlət başçısı İlham Əliyev bildirmişdir: «Jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır. Bu il imzaladığım Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci addımdır. Mən bu gün demək istəyirəm ki, bununla biz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər addımlar atılacaq və yenə də deyirəm, tamamilə təmənnasız atılacaqdır. Mən o vaxt da jurnalistlər ictimaiyyətinə müraciət etdim və fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, necə deyərlər, bütün düşərgələri bundan bəhrələnə bilsinlər. Yəni, burada heç bir ayrı-seçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır.» Bu fikirlərin davamı olaraq cənab İlham Əliyev Milli Mətbuatın 138 illiyində jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində söyləmişdir: «... bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq, yeni jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə «Jurnalistlər şəhərciyi» deyəcəklər.» Prezident İlham Əliyevin 22 iyul 2013-cü il tarixli «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» sərəncamı da deyilənlərin təsdiqidir. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir.

«Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir»

Dövlətin diqqət və qayğısının qarşılığı olaraq KİV-lər üzərinə düşən məsuliyyəti dərk etməli, missiyalarını yüksək səviyyədə yerinə yetirməyə çalışmalıdırlar. Obyektivlik, qərəzsizlik, vətənpərvərlik prinsipləri daim öndə saxlanılmalı, söz azadlığından sui-istifadə hallarına yol verilməməlidir. Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alsaq bu gün ölkə ictimaiyyətinin yazılı və elektron KİV-lərdən gözləntilərinin nədən ibarət olduğu aydın olur. Vətənpərvərlik mövcusunda yazılara daha geniş yer verilməsi bu günün əsas tələblərindəndir. Dövlət başçsısı İlham Əliyev istər 2010-cu ildə Mətbuat Şurasının yeni binasının, istərsə də bu il jurnalistlər üçün istifadəyə verilən yaşayış binasının açılışındakı çıxışında bu məsələni xüsusi önə çəkmişdir.

Azad mətbuatın inkişafına diqqət və qayğısını əsirgəməyən dövlət başçısının «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi də təbii qəbul olunmalıdır. Məlum olduğu kimi, «Ruh» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi sorğunun nəticələrinə əsasən ölkə Prezidenti İlham Əliyev «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Qurumun bu günlərdə keçirdiyi növbəti sorğunun qalibi yenə də dövlət başçısı İlham Əliyevdir. 2010-cu ildə keçirilən «Jurnalistlərin dostu» mükafatının təqdimat mərasimində «Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir: «... aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.»

Qeyd etdiyimiz kimi, bu il dövlət başçısı İlham Əliyevin 22 iyul 2010-cu il tarixli «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi dünyada analoqu olmayan bir hadisədir. Jurnalistlərə Prezident İlham Əliyev tərəfindən yeni mənzillərin hədiyyə olunması dünya mətbuatında da geniş şərh olunaraq, Azərbaycan dövlətinin siyasi baxışları nəzərə alınmadan jurnalistlərə diqqət və qayğısı kimi dəyərləndirildi. Bir daha vurğulandı ki, uğurlu siyasət, gələcəyə hesablanmış, düşünülmüş addımlar ölkəni daim inkişafa, tərəqqiyə aparır.

Azərbaycan Jurnalistlərinin VI qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətində də dövlətimizin bu diqqət və qayğısının jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılandığı önə çəkilərək bu əminlik ifadə olunmuşdur ki, Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi yolunda göstərilən səylərə dəstək olacaq, yeni dövrün çağırışlarına yüksək səviyyədə əməl ediləcək. Bu günümüzün ən böyük çağırışı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq, gənclərdə vətənpərvərlik hissini artırmaq, Azərbaycanın uğurlu gələcəyinə dəstək olmaqdır.

Vüqar Rəhimzadə,
«İki sahil» qəzetinin Baş redaktoru,
Əməkdar jurnalist 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub