Modern.az

Sabunçu rayonunda erməni hiyləsi... - LAYİHƏ

Sabunçu rayonunda erməni hiyləsi... - LAYİHƏ

Reportaj

1 Oktyabr 2013, 10:39


Modern.az
saytı Bakının rayonları ilə bağlı layihəsini davam etdirir. Bu həftə Sabunçu rayonu haqda bildiklərimizi diqqətinizə çatdırırıq.

Bakının digər rayonları kimi Sabunçunun da rayon statusu almasının tarixi Azərbaycanda sovet hökumətinin qurulmasından sonraya təsadüf edir. O vaxta qədər Bakı quberniyasına daxil olan kəndlərdən biri də indiki Sabunçu rayonunun mərkəzi hesab edilən Sabunçu kəndi imiş.

Əsrin əvvəlində

Bəziləri iddia edir ki, buranın “Sabunçu” adlandırılmasının sabunla əlaqəsi var. Amma araşdırmamız zamanı məlum oldu ki...

Əsrin əvvəlində Sabunçu əhalisinin böyük əksəriyyətini azərbaycanlılar və bir də ruslar, ermənilər, yəhudilər, malakanlar təşkil edirdi. 20-ci ildən etibarən İrandan Bakıya, xüsusən də Sabunçuya, mədənlərdə işləmək üçün fəhlələr gəlirlər. Bakıya pənah gətirən fəhlələrin əksəriyyəti gənclər olduğundan elə burdaca evlənirlər.
Tanınmış şair Əli Fəhminin oğlu İlham Ələkbərov deyir ki, gəlmələrin çox erməni qadınlarla ailə qururmuşlar: “İranlılar elə əvvəldən ermənipərəst olublar. İranlı kişilərin arvadı, arvadların kişisi çox vaxt erməni olurdu”.
Ehtimal olunur ki, neft çıxarılmayana qədər Sabunçuda yaşayış olmayıb. Yalnız sonradan neft quyularında işləyən fəhlələr burda yaşamağa başlayıblar.

Erməni hiyləsi

İlham Ələkbərov: “O vaxt ermənilər, iranlılar bura gələndə yer xoşlarına gəlməyib. Səbəb də o idi ki, Sabunçu ancaq neft mədənlərindən və bir neçə evdən ibarət idi. Nadir hallarda imkanlı şəxslərin, neft milyonçularının ikimərtəbəli evlərinə rast gəlmək olurdu. Ermənilər bura “Sebunçey” deməyə başlayıblar. Bu söz ermənicə bir cümlədir. Yəni sey – bura, bun – yuva, çey – deyil. Qısaca desək, “bura bir yuva deyil”. Əvvəlcə yerli camaat bu sözün nə demək olduğunu başa düşməyib. Sonradan Sabunçunun neft milyonçuları, ziyalıları Bəşir bəy Aşurbəyov, nənəmin atası Əliağa Murtuzov, atamın babası Hacı Gəncəli Ələkbərzadə ayağa qalxıblar ki, ad dəyişdirilməlidir. Hökumət vəziyyətin çıxılmaz olduğunu görüb referendum keçirməyi qərara alır. Amma burda da erməni qadınlar “öz sözlərini deyirlər”. Onlar iranlı və digər millətlərdən olan ərlərini, aşnalarını öyrədirlər ki, dəyişikliyin əleyhinə səs versinlər. Beləcə səsvermə keçirilir və ad dəyişməz olaraq qalır. Atam danışırdı ki, o vaxt Bakı mədənlərində fəhlə işləyən ermənilərin övladlarına erməni adı qoyanda uşaqlar vəfat edirdi. Üç-dörd uşaqdan sonra azərbaycanlı adı qoyulurdu və uşaq sağ qalırdı. Yəqin burda da mistik nəsə olub. Ona görə də indi bəzi ermənilərin adı azərbaycanlı adıdır”.

İlham Ələkbərov “Sabunçu” adını sabun bişirilməsi ilə əlaqədar olması ilə razılaşmır:
“Ad çəkmirəm, bəzi vəzifəli şəxslər deyirdilər ki, Sabunçunun adı burda sabun bişirildiyinə görə qoyulub. Ona qalsa, Bakıxanovda çörək bişirirdilər. Elə adını “çörəkçi kəndi” qoyardılar da”.

Ziyalıları

Əsrin əvvəllərində Sabunçunun böyük ziyalıları olub ki, onlardan bəziləri cəmiyyətə məlum deyil. Məsələn, Mir Əbdül Mühini, qəzəlxan Niyazı Bakıda hər kəs tanıyırmış. Mir Əbdül Xaliq isə Bakının Maştağa kəndinin axundu imiş.

Gülləkeçirməz Qoçu Ağabala

Sabunçu o dövrdə ziyalıları ilə yanaşı, qoçuları ilə də məşhur imiş. Deyilənə görə, sabunçulu Qoçu Ağabala ad-sanlı adam olub. Qoçu olsa da, ərəb və fars dillərini yaxşı bilirmiş.
Bir dəfə qızı ona yaşının 30-u keçdiyini, nökərə də olsa ərə gedəcəyini bildirib. Qızın bu yaşa qədər evdə qalmağının səbəbi isə atasının qoçu olması imiş. Yəni kimsə cəsarət edib bu qıza elçi gəlmirmiş.
İlham Ələkbərovun dediyinə görə, qızının sözündən qəzəblənən qoçu Ağabala onu evin zirzəmisinə salaraq diri-diri od vurur: “Arvadına da tapşırır ki, get xalça-palazı tök dəniz qırağına, de ki, qızım batdı. Arvad qorxusundan elə də edir. Gedir dəniz qırağına, tökür xalça palazı elə şaxsey-vaxsey salır ki, hamı inanır. Şura hökuməti gələndən sonra onu tutub güllələdilər. Guya sıraya düzülən əsgərlər bir neçə dəfə atəş açıbar, dəyməyib. Bəziləri deyirdilər ki, üzünə baxanda qorxduqlarına görə, gülləni sağa-sola atırmışlar. Axırda məcbur olub Ağabalanı soyundururlar, duasını çıxarırlar, qoyurlar yeşiyin içinə. Tabuta bənzəyən yeşiyin içində ona o qədər atəş açırlar ki, əti taxtalara yapışır.
O dövrdə hər məhəllənin öz qoçusu var idi. Qoçular da həmin məhəlləni müdafiə edirdilər, məhəllənin oğruları ordan oğurluq etməzdilər”.

Sabunçuda erkən nikahlar da çox olub. Hətta bəzən 9-10 yaşlı qızların ərə verilməsi halları da varmış.
Araşdırma zamanı o Sabunçu kəndləri üçün yazılmış iki şeir ortaya çıxdı.

Bu, Mərdəkandır qadan alım sənin.
Yaman Məkandır qadan alım sənin.
Neftikom eylər bura diqqət inan.
Dopdoludur Buzovna qıssa tuman.
Maştağaya kimdir ay oğlan baxan?
Yeri Şağandır qadan alım sənin
Yaman məkandır qadan alım sənin.

Nardaranın at o yana daşını. 
Dəlləyinin paslı olur maşını.
İslatmamış qırxır elin başını.
Qılı qabandır qadan alım sənin. 
Yaman məkandır qadan alım sənin.

Fatmeyi düz yol, Zirə həsrət çəkir.
Novxanı şirin suya həsrət çəkir.
Bax, Goradil gör nə müsibət çəkir?
Ahu-fəğandır qadan alım sənin.

Başqa bir şeirdə isə deyilir:

Satalar bir neçə kəndi, edələr
Hamını xərc, Şağan əhli üçün.
Fərəhi əhli-qümə dərdü-qəmi
Pay göndər Xorasan əhli üçün.
Gəlməyibdir yəqin Mərdəkana
Sayılır gərçi Buzovna miyana,
Xüdpəsənd olmağa əhli Ramana,
Bircə Zabratdır abad əhli üçün. 

Bəşərdə məşhurdur sarsaq bitirər,
Suraxanı suyu qatil yetirər.
Bülbülə öz başına qal gətirər.
Xilədir mərsiyəxan əhli üçün.

Bu ki Sabunçudu yox faidəsi,
Balaxananın itib qaidəsi.
Bibiheybətdi dilənçi nəvəsi
Qobu xoşdur malakan əhli üçün.

Hacı Nəriman, bu sözü eylə bəyan
Qələmi aldın əlinə nə zaman,
Satalar qanmayanı piri cavan,
Edələr xərc Şağan əhli üçün.

Kəndlərin adı

Araşdırma zamanı rayonun bəzi kəndlərinin adının mənasını da öyrənə bildik. Maştağa kəndi Məşədi Ağa adlı bir şəxsin adı ilə bağlıdır. Sadəcə sonradan bu ad Bakı ləhcəsi ilə Maştağa, Məştağa kimi səslənməyə başlayıb.

Nardaran kəndinin adı ilə bağlı isə iki ehtimal var. Bunlardan bir nar dərəndir. Çünki Nardaranda Göyçayın Kürkənd kəndindən gələnlər var.

Digər ehtimal isə “odlar yurdu” mənasını verir. Nar ərəbcə “od”, darən isə “yurd” deməkdir.

Sabunçunun bu günü

Hazırda 244,3 kv.km ərazisi, 232 min əhalisi olan Sabunçu Bakı şəhərinin ən iri sənaye rayonlarından biri sayılır. Məşğul əhalinin əsas hissəsi neftçıxarma sənayesində, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsində, çörək və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Sabunçu rayonu 10 inzibati qəsəbədən (Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh) ibarətdir.
Rayon ərazisində 45 idarə və müəssisə, 6 bank filialı, 1 rabitə müəssisəsi, 2 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Balaxanı Əməliyyat Şirkəti (“Balaxanıneft”) MMC-dir. Bu şirkətin 1200 işçisi var.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 28712 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8080 nəfər, tikintidə 1197 nəfər, büdcə təşkilatlarında 1117 nəfər, təhsildə 5220 nəfər, səhiyyədə 3906 nəfər, digər sahələrdə 9849 nəfərdir.

İntiqam Valehoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır